Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının "qara siyahı"ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib. Bu kampaniyaya adları "qara siyahı"da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkir.
Bu haqda Mətbuat Şurasının yaydığı məlumatda bildirilib. Həmçininin məlumatda qeyd olunur ki, MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir.
Sözügedən məsələ ilə bağlı "Qaynarinfo"ya açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət "Reket jurnalistika" ilə məşğul olan şəxslərin çirkaba bulaşdıqlarını və onlara qarşı mübarizə tədbirlərinin bundan sonra da davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Əslində Mətbuat Şurasının bu mübarizəsi yeni deyil. Düzdür, bir intensivləşmə müşahidə edilir, amma əks tərəfin, yaxud qarşı tərəf dediyimiz qüvvələrin, adamların "qara piar"a başlaması üzücüdür. Biz onları haqq yoluna dəvət etmək istəyirik, onların öz üzərlərində işləməsini, doğrudan-doğruya mətbuatla, jurnalistika ilə məşğul olduqlarını göstərmələrini istəyirik, təəssüflər olsun ki, bu adamlar çirkaba bulaşıblar və bulaşmaqda da davam edirlər. Düşünürəm ki, Mətbuat Şuarsı öz səlahiyyətləri çərçivəsində addımlarını atmağa davam edəcək, amma onlar unutmamalıdırlar ki, bu adamların, bu qüvvələrin bizə olan hücumlarının qarşısında dövlət də dayana bilər. Fikrimcə, Mətbuat Şurası müvafiq şəkildə dövlət qurumlarına müraciət etməli olacaq ki, həmin adamların o çirkin kampaniyalarına son verilsin. Çünki onların əməllərinin jurnalistikaya heç bir formada dəxli yoxdur. Bu adamlar jurnalistikadan sui-istifadə edirlər, qanunsuz əməllərə yol verirlər, konkret olaraq jurnalistikanın adından sui-istifadə etməklə bizim sənətimizi, peşəmizi gözdən salmaqla məşğul olurlar. Təbiidir ki, biz Mətbuat Şurası olaraq buna dözümlü yanaşmalı deyilik. Eyni zamanda istərdik ki, Azərbaycan dövlətinin müvafiq qurumları həmin adamlara qarşı qanun çərçivəsində, yəni sui-istifadə ilə bağlı, eyni zamanda da Mətbuat Şurası üzvlərinə, bütövlükdə bu qurumun özünə böhtan və şər atmaları ilə bağlı tədbirlər görsün. Yəqin ki, Əflatun Amaşov bu məsələlərlə bağlı müvafiq qurumlara müraciət etməyə məcbur olacaq".
"Ölkə.az" xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov da məsələyə münasibət bildirib. O, "Qaynarinfo"-ya açıqlamasında "reket jurnalistikası" ilə məşğul olanların jurnalistikaya heç bir aidiyyətinin olmadığını və onlara qarşı aparılan mübarizənin birmənalı olaraq dəstəklənməli olduğunu qeyd edib:
"Bəzi "reket"lər sadəcə mediadan vasitə kimi istifadə edirlər. O adamlar jurnalist deyillər, yazı-pozuları da yoxdur, imzaları da. Onların ifşa olunması prosesi davam etsə, yaxşı olar. Bu halda situasiya xeyli aydınlaşar və jurnalist peşəsinin missiyası öz həqiqi yerini, dəyərini alar. "Reket" jurnalistlərlə istənilən mübarizədə istər Mətbuat Şurası, istərsə də dövlət qurumlarımız tərəfindən həyata keçirilən tədbirləri hər birimiz birmənalı olaraq dəstəkləməliyik. Mətbuat Şurasının mövcud "qara siyahısı"na baxdıqda görürük ki, bu şəxslərin və "mətbu" orqanların fəaliyyətlərinə düzgün qiymət verilib. Onlar dəfələrlə bu əməllərinə son qoymağa dəvət ediliblər. Lakin onlar bütün xoşniyyətli xəbərdarlıqlara baxmayaraq, mətbuat adına ləkə gətirən fəaliyyətlərini davam etdiriblər. Həmin şəxslərin mətbuata, jurnalistikaya heç bir aidiyyəti yoxdur, onlar müəyyən qaranlıq çevrənin məqsədli şəkildə mətbuata soxduğu şəxslərdir. Bu baxımdan, elə Dövlət Təhlükəsizlik Xidmətinin son vaxtlar həyata keçirdiyi əməliyyatların, eləcə də Mətbuat Şurasının aidiyyatı dövlət qurumlarını da dəvət etdiyi komissiyanın səyi ilə onların ifşası davam edir. Həmin ünsürlərə görə, bəzən çoxumuz özümüzü əslində çox şərəfli bir peşə olan jurnalist kimi təqdim etməyə utanırıq. İnsanlarımızın bir qismi jurnalist deyəndə o cür adamları və onların fəaliyyətini tanıyır, düşünür ki, jurnalistlərin hamısı elədir, jurnalistikanın mahiyyəti budur. Sevindirici haldır ki, artıq bu problem öz həllini tapmağa başlayıb və mediamızda həqiqi jurnalistlərin fəaliyyət meydanı böyüyəcək. Bu həm də o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında və inkişafında maraqlıdır. Bu da öz növbəsində cəmiyyətimizin, hüquqi dövlətin inkişafına xidmət edən amildir".
Aydın
Qaynarinfo.Az