Xəbər lenti

O uşaqlar - KÖŞƏ
Ölkə12:50 21.11.2013

O uşaqlar - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pənah Əlisoy

Bü gün övladımı yatıranda qәribә bir hiss keçirdim. 

İşdən dönərkən bayırda olan soyuq hava, bəlkə də, sentimentallaşdırır məni. Amma bu sentimentallıq özü belə xoşdur. Gözümün önündәn kimsәsiz uşaqlar keçdi. Layla söylәyәni olmayan, hazırda soyuq havada, küçədə yatan, narahat olduğundan balaca barmağından tutan, xəstələnəndə isti bir әli olmayan uşaqlar...

Anasız, atasız böyüyәn, özgələrin gözlәrindә isti baxış axtaran xırda uşaq baxışları düşdü yadıma. Ana quçağı görmәmiş yavrular... Oğluma baxdım. Hәr şeyin әn yaxşısını ona etmәyә çalışdığımda, әn yaxşı uşaq yemәyini ona aldığımda, bir zibil qutusundan әlә gәlәcәk iki tikә yemәk axtaran uşaqları düşündüm. 

Uşaq üçün otaq temperaturunu lazımı dәrәcәdә olmağını düzәltmәyә çalışırkәn, soyuq vә yağışlı havada yeraltı keçidlәrdә qızınmağa çalışan uşaqların taleyi narahat etdi məni. Hәlә 5 aylıq olmasına baxmayaraq, bir uşaq dükanı açacaq qәdәr paltara vә oyuncağa sahib olan oğluma baxarkәn, әynindә yamaqdan seçilmәyәn paltarı olan, әlindә isә zibillikdәn tapılmış sınıq-salxaq bir oyunçağı olan uşağı düşündüm. 

Hәr birimiz gәlәcәyimiz yaxşı olsun deyә, qaçhaqaçda olduğumuz halda, yenәdә hәyatdan әn yaxşısını vә daha da artığını istәyirik. Daha rahat ev, daha da böyük maşın, daha da çox paltar, daha modern texnologiya, daha çox gәzmәk vә istirahәt etmәk...

Әlbәttә, işin içindә uşaqlarımız olduqda... Onlar üçün hәr şeyin әn yaxşısını vә daha da çoxunu etmәk istәyirik. Amma kimsәsizlәrә, sadәcә, xoşbәxtliyimizdәn bir parça lazımdır. Onlara ürәkdәn, içdәn gәlәn kimi qucaqlanmaq, isti bir gülüşlә hәr görәndә qaşılanmaq, özlәrini güvәndә hiss edәcәk bir ailәyә sahib olmaq yetər. Bizim övladlarımız da böyüdükdә onlara paxıllıq vә qәmgin gözlәrlә baxırlar. 

Onların günahları isә sadәcә ana vә ataları tәrәfindәn tәrk edilmәk vә ya onları bәdbәxlik üzündәn itirmәkdir. Çox vaxt onların bizdәn istәdiyi pul deyil. Onlara bir balaca sevgi verә bilmәrik? Qorxduqlarında "mәn yanındayam qorxma" deyib qucaqlaya bilmәrik? 

Acdıqlarında bir dilim çörәk vә bir stәkan südümüz olmayacaqmı onlara vermәyә?  Uşaqlarımızdan çoxmu әskikdirlər ki, onlarla oynamağa qoymuruq? Evimizin bir kәnarında isinirlәrsә, nәymizsә әksilәcәk, görәsәn?

İndi isti evinizdә oturub uşağınızı әzizlәyәndә bunları düşünün. Yaxınlığınızda, hardasa küçәdә qalmış vә üşüyәn, ac vә kimsәsiz bir uşaq var. İnanın ki, onun puldan çox sevgiyә ehtiyacı var. Sizi əmin edirəm ki, o uşağa qayğı göstərilsə, gələcəyin əsl vətəndaşı olacaq, bu məmləkətə xeyir gətirəcək. 

Gəlin bir test edək. Həftəsonlarımızın birini uşaq evində keçirək. Sadəcə gedən dərsləri ilə maraqlanaq, onlarla oynayaq. Bundan sonra, əslində, həm fiziki, həm də mənəvi dincəlməyin mütləq şahidi olacağıq.

Küçәdәki uşaqlara "küçә uşağıdır" damğası vurub keçmәyin. Onlarla söhbәt edin, maraqlanın, onlara içinizdәn gәlәn isti gülüşlә gülün. Onların başına sığal çәkin, әllәrindәn tutun. Uşaqlarınızı onlarla görüşdürün, qoyun birgә oynasınlar, danışsınlar, dostlaşsınlar. Vә unutmayın ki, edilәn hәr bir hərәkәtin vә ya yaxşılığın mütlәq qarşılığı olur.