
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngi kəndinin sakini Vəli Vəliyev tikinti inhisarçısının qurbanı olduğu haqqında şikayət məktubu yazıb. Şikayət məktubunu qafqaznews.org agentliyinə yollayıb. Azərbaycanda tikinti bumunun yaratdığı böyük bir dələduzluq şəbəkəsinin hələ də fəaliyyətdə olduğunu və bu dələduzluqdan əziyyət çəkənlərin hələ də mövcudluğunu nəzərər alaraq bu materialı oxuculara təqdim edirik.
Deməli, 2011-ci ildə Bakı şəhərində ev almaq istəyən Vəli Vəliyev Kənan Quliyev adlı rieltorla tanış olur. Kənan Quliyev «Kamran1-B.Ə» adlı tikinti şirkətinin Yasamalda tikdyi binada 3 otaqlı mənzili 49 min manata Vəli Vəliyevə təklif edir, alqı-satqı müqaviləsi tərtib edilir və imzalanır. V. Vəliyev də pulu ödəyir. Amma «Kamran1- B.Ə» şirkəti evi sənədləşdirməkdən israrla imtina edir və sonradan bəlli olur ki, bu şirkət və Kənan Quliyev onlarla adamı bu şəkildə aldadaraq pul qazanmaqla məşğul imişlər.
V. Vəliyevin davamlı şikayətləri nəticəsində cinayət işi açılır, istintaq zamanı Kənan Quliyev etiraf edir ki, Vəli Vəliyevdən 49 min manat alıb. Amma elə həmin istintaq prosesində də V. Vəliyevə açıq-aşkar elan edir ki, «nahaq yerə şikayət etmisən, mən lazımi yerlərə lazımi qədər çatdırmışam və azadlığa da çıxacağam, sən isə şikayət etdiyinə görə peşiman olacaqsan».
Bir müddət sonra müstəntiq Valeh Quliyev Vəli Vəliyevi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıb orada məşhur tikinti maqnatı İsfəndiyar Axundovla tanış edir. Məlum olur ki, sən demə «Kamran1-B.Ə» şirkətinin də real sahibi İ.Axundov imiş və İsfəndiyar Axundov Vəli Vəliyevə söz verir ki, ən yaxın zamanda onun evini özünə verəcəklər. Amma sonradan bəlli olur ki, İsfəndiyar Axundov da Vəli Vəliyevi aldadıb.
Sonra cinayət işinin materialları məhkəməyə göndərilir. «Kamran1-B.Ə» şirkətinin formal rəhbərliyinə daxil olan adamlar müxtəlif müddətlərə cəza alıb həbsxanalara göndərilirlər. Məlum olur ki, bu şirkət 90 mənzili nə az, nə də çox- düz 250 nəfərə satıb külli miqdarda gəlir əldə ediblər. Bu məlumat Respublika prokurorluğunun yaydığı uzun bəyanatda da öz əksini tapıb. Amma prokurorluğun bəyanatında İsfəndiyar Axundov haqqında bircə kəlmə belə olmur.
Kənan Quliyev isə cəmi bir il iş alır və onu da Vəli Vəliyevin yazdığına görə, həbsxanada deyil, evində keçirir.
Qaynar.info