Son dövrlər piyadanın onlar üçün müəyyən edilməmiş yoldan keçdiyi zaman baş verən yol-nəqliyyat hadisəsi əksər halda ölümlə nəticələnir. Bu zaman sürücü cinayət məsuliyyətinə cəlb edilir. Bəs qanunla bu kimi hadisələr necə tənzimlənir? Belə hadisələr zamanı sürücü hansı hallarda məsuliyyətə cəlb edilməlidir?
Qaynarinfo bu və digər sualları hüquqşünas Səbuhi Axundov ilə müzakirə edib:
- Səbuhi bəy, tez-tez piyadalar üçün müəyyən edilməyən yerdə baş verən qəzalar zamanı sürücülər cinayət məsuliyyətinə cəlb edilir. Bu hadisələr baş verən zaman araşdırma necə aparılır? Belə hadisələrdən sonra məhkəmələrdə qərar necə çıxarılır?
- Piyadaların onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməsi ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinə fərqli yanaşmalar var. Ölkəmizin qanunvericiliyinə bağlı olaraq sürücünün baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ekpertiza rəyi olur. Hər şey bu rəydən asılı olur. Ekspert sürücünün verdiyi ifadə əsasında sürücünün bu qəzadan yayınıb-yayınmaya biləcəyini müəyyən edir.
Qanunvericiliyimiz imkan vermir ki, ekspert piyadanın hadisə yerində nə işi olduğunu müəyyən etsin. Piyada onun üçün nəzərdə tutulmayan yoldan keçəndə belə hadisə baş veribsə, sürücü məsuliyyətə cəlb olunur.
Baş vermiş hadisələrin 99 faizində sürücü təqsirli bilinir
- Beynəlxalq təcrübədə bu məsələ necə tənzimlənir?
- Avropa ölkələrində adətən bu tipli nəqliyyat hadisələri baş verəndə cinayət işi başladılmır. Hər bir halda sürücünün təqsiri faktına gələndə onlar qiyməti hadisənin piyada tərəfindən baş vermiş qanun pozuntusundan törədiyini nəzərə alıb işə xitam verirlər. Sürücü barəsində məsuliyyət nəzərdə tutulmur. Amma bizim qanunvericilikdə ekspert qarşısında qoyulan sürücü baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını ala bilərdimi, ya yox sualı ona gətirib çıxarır ki, baş vermiş hadisələrin 99 faizində sürücü təqsirli bilinir. Bu isə yalnışdır. 90-100 km/saat sürət müəyyən edilmiş yolda sürücünün maneədən qaçması texniki cəhətdən mümkün deyil. Yaxud piyada üçün keçid nəzərdə tutulmayan, görüş bucağı olmayan yerdə sürücü burdan piyada gəlib keçəcəyini bilməli deyil.
Öz təcrübəmdən deyə bilərəm. 60 km/saat sürətlə məhdudlaşdırıcı nişanın təsir zonasında olanda sürücünün ilk maneəni görəndən sonra verdiyi reaksiya, yəni ilk tormozlamaya qədər 14 metr məsafə qət edir. Bu o deməkdir ki, sürücü maneəyə toxunana qədər artıq iş-işdən keçmiş olur.
Sürücüləri ən birinci təqsirli çıxaran ekspertizanın rəyi olur
- Bəs sürücünün hadisədə təqsirli olub-olmaması necə müəyyənləşir?
- Sürücüləri ən birinci təqsirli çıxaran ekspertizanın rəyi olur. Əgər qanunlarda formalaşma, dəyişilmə olacaqsa, dəyişiklik birinci bu istiqamətdən başlamalıdır. Nəqliyyat vasitəsinin sürücüsü ona məxsus yolda üstünlük hüququ olan şəxs kimi hərəkətdə olarkən, onun qarşısında nəzərdə tutulmamış yerdən yolu keçən piyadanı vurarsa, bu, eyni zamanda sürücünün təqsirli olmamasına gətirib çıxarmamalıdır. Sürücüdə mütləq qaydada təqsir tapmalıyıq deyə düşünmək doğru deyil. Lakin bugünkü təcrübəmiz onu göstərir ki, mütləq şəkildə sürücünün əməlində təqsir axtarılır. Ekspert sürücünün bu qəzanın qarşısını ala bilməməyi ilə bağlı o qədər dəqiq rəy verməli, sürücünün piyadanı görməyi mümkün deyil deyə elə faktlar göstərməlidir ki, sürücü məsuliyyətdən azad olsun. Bu da çox az hallarda baş verir.
Sürücünün də bu qanunu pozması hələ piyadanın ölümündə təqsirli, piyadanın haqlı olması demək deyil
- Azərbaycan beynəlxalq təcrübəyə əsaslana bilərmi?
- Ölkədə ümumi beynəlxalq təcrübənin tətbiqi üçün əsas var. Biz adətən qanunvericilikdə dəyişiklik olanda xarici ölkələrin nəzərdə tutmuş olduğu normalara istinad edirik. Xarici ölkələrdə belə hadisələr baş verən zaman ilk araşdırılan məsələ o olur ki, sürücü qanunvericiliyin tələblərini pozub, ya yox.
Sürücünün də bu qanunu pozması hələ piyadanın ölümündə təqsirli olması demək deyil. Yol nəqliyyat hadisələrində qəsd yoxdur, onlar ehtiyatsızlıqdan baş vermiş cinayət sayılır. Ehtiyatsızlıqdan baş vermiş hərəkətdə də indiki qanunvericiliyin tələbində də, "Yol hərəkəti haqqında” Qanunda da sürücünün bu qəzanın qarşısını alıb-ala bilməməsi ilə bağlı göstərilən norma beynəlxalq hüquqi normalarla uyğun gəlmir. Mən düşünürəm ki, dəyişiklik üçün labüd olan bir haldır və dəyişiklik nəzərdə tutulmalıdır. Çünki hadisəni veririk ekpertizanın ixtiyarına. Ekspertiza da sürücünün verdiyi ilkin ifadənin əsasında müstəntiqin qoyduğu suallarla rəy verir. Heç bir sürücü hadisə baş verən anın şokundan, mütəxəssis olmadığından maneəni hansı məsafədə gördüyünü, hansı məsafədə əyləcləmə elədiyini, hansı məsafədə maneədən qaçmağa çalışdığını dəqiq deyə bilmir.
Özüm dəfələrlə şahidi olmuşam, sürücü qeyd edir ki, maneəni 5 metr məsafədə görüb. Ancaq onu 5 metrdə görmür, 15 metr məsafədə görür. Sürət o həddə olur ki, 16-20 metrdə gördüyünü beş metrdə gördüyünü düşünürsən.
Normalda 16 metrdən az məsafədə görməsi sürücü üçün də ziyandır. Ekspertizada əsas önəmli məsələlərdən biri də piyadanın hərəkət sürətidir. Piyadanın iti addımlarla, ya qaçaraq yeriməsi ekspertin verdiyi rəyə təsir edən nüanslardır.
Yenə də o fikirdə qalıram ki, nəzərdə tutulmayan yerlərdən yolu keçməyə cəhd edib, hər hansı nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan piyadanın hərəkətlərinə görə sürücünün məsuliyyət daşıması absurddur. Ümid edirəm ki, gələcəkdə bununla bağlı mövqe dəyişəcək. Çünki biz indi seçə bilmirik ki, sürət həddi 110 km/saat olan yolda sürücünü qarşısına çıxan piyada özünə qəsd etmək istəyir, ya yox, lakin nəticədə bir ailəni məhv edir. Biz isə təqsiri öləndə yox, nəqliyyat vasitəsinin sahibində axtarırıq.
Piyada hər zaman haqlı deyil. Bu bizim keçmişdən qalmış normadır. Hesab edirəm ki, bu norma artıq dəyişməlidir. Hadisə zamanı iki ekpertiza keçirilir. Nəqliyyat vasitəsinin dayanması üçün nəzərdə tutlmuş məsafə maşının sürətinə bağlı olan bir şeydir. Rus mənbələrində "əyləc yolu” hesablanır. Yəni sürütlə maneəyə qədər maşının gəlib çatdığı tormozlama yolu. Yol nəqliyyat hadisələri ilə bağlı məhkəmə proseslərində işin canı ekpertin rəyində olur.
Ekspertin "sürücü bu qəzanın qarşısını ala bilməzdi” deməsi sürücünün məsuliyyətdən azad olması üçün əsasdır
- Mən belə baş düşdüm ki, məsələnin praktik tərəfi ekspert rəyinin üzərində qurulur...
- Bəli, hamısı ekspert rəyinin üzərində qurulur. Burda müstəntiqin nə edəcəyi ekspertin rəyinə dayanır. Ekspertin "sürücünün bu qəzanın qarşısını ala bilməzdi” deməsi sürücünün məsuliyyətdən azad olması üçün əsasdır.
Sürücü piyadaya aid olmayan yolda piyadanın keçəcəyini bilməyə borclu deyil
- Qanunvericilikdə sürücülərin məsuliyyətdən azad olunması və yaxud sürücünün xeyri üçün heç bir maddə yoxdurmu və ya hər şey ekspert rəyindən sonra müəyyənləşir?
- Yox, qanunvericilikdə nəzərdə tutulmayıb. Yol nəqliyyat hadisəsi baş verən zaman necə müəyyən etmək olar ki, sürücü təqsirlidir, ya yox.
Tutaq ki, sürücü qanunvericiliyin hər hansı tələbini pozur. Yoldan çıxır, gedir kimisə vurub öldürür. Bu, başqa məsələdir. Bir də var ki, piayada üçün nəzərdə tutlmayan yollarda sürücü qanunvericiliyin tələbini pozmadan, normal, öz yolunda hərəkət edən zaman qarşısına çıxan şəxsi vurur. Burada araşdırmanı "sürücü bu qəzanın qarşısını ala bilərdimi?” istiqamətində aparılması yalnışdır.
Bəzən piyadalar bilərək özlərini maşının altına atır
- Niyə yalnışdır?
- Ona görə yalnışdır ki, burada qəsd yoxdur. Yəni sürücü öz yolu ilə gedərkən qarşısına çıxan maneəni qəsdən vurmur. Bu o hallara şamil edilə bilər ki, sürücü öz təqsirli hərəkətləri ilə cinayətkarcasına özünə güvənib, yüksək sürətlə nəqliyyat vasitəsini idarə edib, nəqliyyatın idarəsini itirəndən sonra yoldan çıxıb kimisə vurur. Bu başqadır. O halda sürücünün məsuliyyəti olur. Ancaq təcrübədə elə hallar var ki, bəzi piyadalar bilərəkdən özünü avtomobilin qarşısına atır. Bu, həmin piyadalara da imkan yaradır ki, sürücülərdən müəyyən mənfəət, pul qoparsın, zərəri sürücüyə yükləmək üçün faktiki olaraq hadisədən sui-istifadə edə bilsin. İstifadə etmək istəyən piyada düşünür ki, sabah bir sürücünü qarşısına çıxıb, ayağımı təkərin altına qoyub, ondan istədiyimi ala bilərəm. Elə bir sürücüyə rast gəlmək olmaz ki, bu faktla bağlı hər hansı bir xərci çıxmasın, faktiki olaraq bu epizod üzrə sürücüyə bəraət verilsin. Sanki öz ayağına nəzarət edə bilməyən piyada yox, kimsə tərəfindən idarə olunan dəmir parçası daha çox məsuliyyət daşımalıdır. Günahkar odur. İki çiyni üzərində baş gəzdirən insan dərk etməlidir ki, qarşısına çıxan nəqliyyat vasitəsinin sahibi onu saxlamağa çalışsa da, bu sürətlə dayanmaya bilər. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə də paylaşımlar olur. Avtoreqistratorlar olmasa, sübut etmək mümkün olmur.
Sürücülər hadisə baş verən zaman ifadə verməsin
- Yol-nəqliyyat hadisəsi baş verən zaman ekspert hansı halda sürücünün hadisədə günahkar olmaması ilə bağlı rəy verə bilər?
- Ekspert hadisəni araşdırarkən düstur üzərində işləyir. Nəqliyyat vasitəsinin sürəti, piyadanın sürəti, sürücünün piyadanı ilk gördüyü məsafə, sürücünün gördüyü məsafəyə qədər qət etdiyi yer düstur əsasında hesablanıb çıxarılır. Lakin sürücü tam dəqiqliklə ilkin ifadəni verə bilmir. Yaxşı olardı ki, sürücü həmin an ifadə verməsin. Ən azı sakitləşib, hadisənin tam mahiyyətini dərk edəndən sonra izahat versin. Dərhal alınan izahatlarda verilən məlumatların əsasında düstur hesablayanda elə bir əmsal yaranmalıdır ki, "sürücü istəsəydi dayana bilərdi” tipli rəy verilməsin. Əgər sürücü istəsəydi dayana bilməzdi kimi rəyi verilsə, o, məsuliyyətdən azad olunur. Az-az olsa da, belə hallar olur.
- Söylədiniz ki, bu cür hallarda 99 faiz sürücülər "günahkar” çıxır. Bu həm də ədalət prinsipinin pozulması demək deyilmi? Yəni ədalətli araşdırmanın getməməsi üzündən, yoxsa qanun bunu tələb edir deyə bu cür qərarlar verilir?
- Bizim hüquq sistemində konkret olaraq qanunla nəzərdə tutulan əmələ görə cəza verilir. Əgər sürücünün hadisədə təqsirli və ya təqsirsiz olması sübuta yetirilibsə, bu, qanunun tələbindən doğan bir şeydir. Burada şəxslərə bağlı məsələ olduqca azdır. Hər bir halda ekspert rəyindən müsbət cavab çıxsa, bəraətverici hal ilə işə xitam verilir. Burada ədalət prinspini axtarmaq üçün əlavə şərhə ehtiyac qalmır. Burada normanı düzəltmək lazımdır. Mənə elə gəlir ki, əlavə olaraq sürücünün qanunvericiliyin heç bir tələbini pozmadığı halda yalnız sürət həddi yoxlanmalıdır. Sürət həddini aşmayan, öz yolu ilə hərəkət edən, o yolda olmayan maneə ilə toqquşan sürücünün məsuliyyəti olmamalıdır.
Piyadalarla bağlı yalnız inzibati məsuliyyət var
- Deyək ki, piyada ölməyib, xəsarət alıb, ancaq sürücünün günahkar olmadığı müəyyənləşib. Bu zaman piyadanı da cinayət məsuliyyətinə cəlb etmək olarmı?
- Piyadaların nəzərdə tutulmamış yerdən yolu keçməsinə uyğun maddə ilə qərar verilir. Bu da yalnız inzibati məsuliyyət yaradır. Bu, heç bir halda piyadalar üçün cinayət məsuliyyəti yaratmır.
- Bir az əvvəl siz də vurğuladınız: elə şəxslər olur ki, özlərini müəyyən məqsədlər, qəsdən maşının qarşısına atırlar. Bəs sabah başqaları da nümunə götürməsin deyə, qanunvericilikdə dəyişiklik edib bu şəxslərə cinayət məsuliyyəti yükləmək olarmı?
- Cinayət Məcəlləsində insanlardan hədə-qorxu ilə pul tələb etməklə bağlı maddə var. Necə ki, sürücü öz yolunda piyadaya yol vermədiyinə görə İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə görə, nizamlanan piyada keçidinə daxil olan piyadaya yol verməyən sürücü cərimə edilir. Eyni qaydada piyadanın özü də cərimələnir. Ancaq ölümlə nəticələnən yol nəqliyyat hadisəsi isə inzibati deyil, cinayət əməlidir. Burada da piyadanın hər hansı bir məsuliyyəti nəzərdə tutulmur. Piyada zərərçəkmiş, sürücü isə təqsirkar olur.
Günay İlqarqızı