İdman 18:35 13.08.2022

Ölümlə hədələnən məşhur futbolçu klubundan ayrıldı

Bir müddət "Çelsi" və "Arsenal"ın forması geyinən braziliyalı futbolçu Villian hər kəsi təəccübləndirən açıqlama verib.

Qaynarinfonun məlumatına görə Braziliya A Seriyasında "Korintians"ın formasını geyinən 34 yaşlı futbolçu sosial mediada ailəsi ilə birlikdə ölümlə hədələndiyi üçün klubla müqaviləsini ləğv etdiyini bildirib.

34 yaşlı cinah oyunçusu keçən yay "Arsenal"dan "Korintians"a transfer olunduqdan sonra meydana çıxdığı 45 oyunda cəmi 1 qola imza atıb. Komanda Braziliya liqasında 2-ci pillədə olmasına baxmayaraq, son həftələrdə vacib oyunlarda uduzduğu üçün Villian azarkeşlərin hədəfinə çevrilib. O, yerli mətbuata verdiyi açıqlamada bunları söyləyib: "Braziliyaya hədələnmək üçün gəlməmişəm. Hər dəfə "Korintians” uduzanda mən, həyat yoldaşım və uşaqlarım sosial mediada hədələnir. Bu yaxınlarda atama və bacıma da hücum etməyə başladılar. Onlar hədə və təhqirlər yağdırırlar”. 

"Korintians”ın prezidenti Duilio Monteiro Alveş də Villianın gedişini təsdiqləyib. "Korintians”dan verilən açıqlamada futbolçunun qərarına hörmətlə yanaşıldığı və müqaviləsinin ləğv edildiyi bildirilib.

"Korintians" son 9 matçın 5-də məğlub olub. Keçən yay azad agent kimi "Korintians"a transfer olunan Villian 2011-ci ildən dəvət aldığı Braziliya millisində 70 oyuna çıxıb.

Səbuhi Həsənov