- 158 nömrəli orta məktəbin altıncı sinifində oxuyuram.
- Biz niyə burdayıq?
- Biz burdayıq ki, sual-cavab edək və mən sizin suallarınıza cavab verəm.
- O zaman hazırsan.
- Bəli.
- Firuzə, səncə, həyat nədir?
- Həyat, məncə, o deməkdir ki, sən dünyadasan, sənin yanında qohumların da var, dostların da var, ailən də var. Amma həmin vaxt düşmənlərin də var. Məncə, həyatda elə bir şey olmayacaq ki, bütün dünya ancaq yaxşı və ya pis insanlarla dolu olsun. O tarazlanmalıdır ki, bərabərlik olsun.
- Bax, dedin ki, sənin yanında dostun olsun, ailən olsun. Bəs dost nədir, ailə nədir?
- Ailə sənin uşaq vaxtından yanında olan insanlardı, ailə sənin seçiminlə deyil, Allah sənə ailəni verir. Dostu isə sən özün seçə bilərsən.
- Deyirsən ki, dostu özün seçə bilərsən. Biz dostu necə seçməliyik?
- Dostu... Dost bizə görə pis ola bilər, məsələn, xasiyyətlərimiz uyğun olmaya bilər, amma dostu belə seçməliyik. Məsələn, özü beş alırsa, səni də fikirləşirsə ki, sən də beş almalısan, bu, yaxşı dostdur. Əgər desə ki, yox mən onun kimi olmayım, o pis dostdur.
- Dostun yaxşısı, pisi olur?
- Bəli.
- Axı pislər necə dost ola bilər?
- Pisdirsə, demək sizin bir-birinizlə xarakterləriniz uyğun deyil.
- Onda siz dost deyilsiniz.
- Bəli.
- Bax, sən bu an istədiyini edə biləcəyini düşün. Nə eləmək istəyərdin?
- Başqa ölkəyə getmək istəyərdim. Amerikaya, Fransaya, İtaliyaya.
- Niyə?
- Oralar qəşəng yerlərdi, ona görə. Orda heç vaxt olmamışam deyə, məndə bir maraq var ki, onları görmək istəyirəm.
- Bilirsən xəyal qurmaq nədir?
- Xəyal qurmaq sənin istədiyin nəsə bir şey haqqında fikirləşməkdir.
- Firuzə ən son nəyin xəyalını qurub?
- Ən son... (fikirləşir) Ən son, məncə, elə şey olmasa da, fikirləşmişəm ki, dünyaya bir dənə mələk gəlsə, bütün insanların istədiklərini eləsə, dünyada nə olar?!
- Nə olar?
- Yəni yaxşılıq olsa, heç kim pis olmasa.
- Necə olar onda?
- Mən elə onu fikirləşmişəm. Amma bilirəm ki, elə şey ola bilməz.
- Dedin ki, tarazlıq pozular. Bəs mələk hamıya eyni bərabərlikdə kömək eləsə?
- Hamıya kömək edə bilər. Onda dünyada pislik olmasa, elə bil tərəzidə yaxşılığa doğru yol açar. Pislik də olsa pisliyə doğru.
- Bax, bayaq dedin ki, mələk yardım eləsə hamıya... Bəs Firuzə kimə yardım eləmək istəyər?
- Mən uşaqlara, insanlara, heyvanlara, bütün canlılara yardım eləmək istəyərəm.
- Niyə?
- Məncə, insan pis olmamalıdır.
- Deyirsən ki, insan pis olmamalıdır. Bəs insanları pis edən nədir?
- Məsələn, insanların xarakterləri pis olduğuna görə başqa insanların qəlbini qırıb onları pis edə bilərlər.
- Xarakter pis olduğu üçün. Bəs başqa?
- Onlarla davranışları.
- Səncə, bir insanın ətrafında olan insanlar da xasiyyətini dəyişib pis edə bilər?
- Edə bilər. Məsələn, sənin yanında ağıllı dostun varsa, öyrənib-öyrənib sən də ağıllı ola bilərsən.
- Sən insanlara sevgini necə göstərirsən?
- Qucaqlayaraq, öpərək, çox istəyərək.
- Ən çox kimləri qucaqlamaq istəyirsən?
- Banunu (rəfiqəsi), bir də ailəmi, qohumlarımı.
- Ananı qucaqlayanda nə hiss edirsən?
- Elə bil ürəyimə enerji yayılır. Xoşbəxt oluram.
- Bəs, səncə, ana səni qucaqlayanda nə hiss edir?
- Anam məni qucaqlayanda... (fikirləşir, gülür). Əgər anam məni qucaqlayırsa, demək, onda da bir sevinc yaranır.
- Ana sənə hirslənir?
- Bəzən.
- Nəyə görə?
- (gülür) Əsəbiləşdirəndə. Bir az əsəbiləşdirəndə. Çox yox.
- Sən ən çox ananı nəyə əsəbiləşdirirsən?
- Bir az onun sözünə qulaq asmıram, onda əsəbiləşir.
- Sən ananı əsəbiləşdirəndə ana sənə nə deyir? Bir də ana səni sevəndə hansı sözləri deyir?
- Ana mənə əsəbiləşəndə məni bir az danlayır ki, niyə, bax mən sənin yaxşılığını istəyirəm axı. Amma sən mənə qulaq asmırsan. Çox istəyəndə isə ağıllı qızım, gözəl qızım, deyir. Onu deyəndə ürəyimə yayılır.
- Firuzə kitab yazsaydı, mövzusu nə olardı?
- Kitab yazsaydım... Yəqin ki, yaxşılıq və pislik olardı. Əgər bütün dünyada yaxşılıq olsa nə olardı, pislik olsa nə olardı.
- Səncə, bir gün yaxşılıq qalib gələcək?
- Hə. Məncə, hə.
- Niyə?
- Çünki yaxşılıq edəndə sənə qayıdır yaxşılıq, amma pislik edəndə qayıdıb özünə pislik edəcəksən. Həyat bumeranqdır.
- Fikirləş ki, sabah bir möcüzə olacaq. Hansı möcüzənin olmağını istəyərdin?
- Yəqin, istəyərdim ki, xəstə insanlar, şəkər xəstəliyi olanlar, xərçəng olanlar sağalsın. Bir də çöldə yaşayan bütün insanları evə yerləşdirsələr, xoşbəxt olaram.
- Deyəsən heyvanala çox böyük sevgin var. Ən çox hansı heyvanları sevirsən?
- Pişik və it. Ayıra bilmərəm heyvanları.
- Ev heyvanın var?
- Altı pişiyim var. 2 ana, 4 bala.
- Necə olub altı pişiyə baxmağın?
- İkinci sinifdə oxuyanda, məktəbin yanında bir pişik tapmışdım, bala pişik idi. Ayağını bir az zədələmişdi. Doğulduğu iki-üç həftə olardı. Götürdük, evə gətirdik, dedik, qoy ayağı sağalsın, bir-iki gün qalsın, buraxarıq gedər. Çünki onları biz özümüzə götürəndə çöldən ayırırıq. Amma onları yedirtmək yenə lazımdır. Çünki acından ölürlər. Axırı elə oldu ki, gəldi bir il qaldı bizdə.
- Səncə, bağlılıq nədir?
- Bağlılıq? Məsələn, insanlar dünyaya bağlıdırlar, ailələrinə bağlıdırlar.
- O hiss niyə bağlılıq adlanır?
- Məncə, ona görədir ki, sənin əgər qohumların yanındadırsa, sən onları çox istəyirsən, bu onlara bağlılıq sayılır.
- Teatr tamaşasında bir rol versəydilər sənə, hansı rolu oynamaq istəyərdin?
- Yəqin ki, bir pəri qızı olmaq istəyərdim. Mən uşaq vaxtından pəri qız olmaq istəyirdim. Hələ onda bilmirdim ki, belə bir şey olmaz. Pəri qızı olmaq istəyirdim və bütün ailələrə yaxşılıq etmək istəyirdim.
- Səni ən çox nə narahat edə bilər?
- Valideynlərimə nəsə olsa, ölkəmə nəsə olsa, heyvanlara canlılara nəsə olsa, pis ola bilərəm.
- Bəs sənin canını nə yandıra bilər?
- Məsələn. (fikirləşir). Bir az çox danışdım bu haqda, heyvanların çöldə qalması mənim canımı yandırır, pis oluram. Ürəyim çox pis ağrıyır. Əgər dostlarım məni satsa, canımı yandırar.
- Heyvanların çöldə olmağı sənin canını yandırır. Heyvanlarla bağlı bir arzun var?
- Mən bilirəm ki, heyvanları evə salsaq, onların azadlıqlarını alırıq. Ona görə istəyərdim ki, hər gün bütün heyvanlara heç olmasa bir az yem töksünlər, onlar yesinlər, ölməsinlər. Yazıqdırlar axı. Biz də canlıyıq da. Allah onları da bizim kimi həyata göndərib ki, onlar da yaşasınlar.
- Şəkil çəkməyi sevirsən?
- Hə, xoşlayıram.
- Fotoqraf olsaydın, nəyin şəkilini çəkərdin?
- Məsələn, Fransada Eyfel qülləsinin, Amerikada Azadlıq heykəlinin şəkilini çəkərdim.
- Niyə?
-Çünki onlar bütün dünyaya yayılıblar və bir az qəşəngdilər. Mən onu bilirəm ki, fransızlar Azadlıq heykəlini amerikanlara bağışlayıb.
-Məktəblər bağlanır, yay tətili gəlir. Nə etməyi düşünürsən?
-Dənizə getmək istəyirəm, dostlarımla oynamaq istəyirəm. Onsuz da dərs ilində çox yorulurlar bir az.
-Səndən qabaqki uşaqlardan da soruşmuşam ki, yay tətilində nə etmək istəyirsiniz, onlar da sənin kimi birinci dəniz deyiblər. Niyə uşaqlar birinci dəniz deyirlər?
-Məncə, ona görə ki, dəniz qəşəng yerdi. Orda üzmək olar, əylənmək olar.
- Üzə bilirsən?
-Belə də. Çox dərin yerə girsəm, məncə, üzə bilmərəm. Qorxaram. Dənzidə ən çətin odur ki, dalğalar gələndə adamı aparır.
-Dostun var da yəqin ki.
-Hə, adlarını çəkim?
-Çək.
-Məsələn, Banu. Ən yaxşı dostum da Banudur, onunla 6 ildir dostam.
-Sən niyə Banu ilə dostsan?
-Ürəyiaçıq qızdır. Yaxşı qızdır, xasiyyəti yaxşıdır, bir-birimizə uyğunuq.
-Səncə, dostları və dostluğu mükəmməl edən hansı səbəblər ola bilər?
-Bir-birilərinə qulaq asmaları. Bir-birilərinin xasiyyətlərinin uyğun olmaları. Məsələn, biz Banu ilə dostuq, başqa insanlar Banunu çox istəməyə bilərlər, onların haqqıdır. Amma insanların bir-biriləri ilə xasiyyətləri uyğundursa, bir-birilərini satmırsa, arxasınca danışmırlarsa, demək, yaxşı dostlardır.
-Bir insanı ən çox nə incidə bilər?
-Məsələn, mən hətta ağlaya da bilərəm. Banu məni satsa, məni çox incidər. Çünki mənim qəlbim yumşaqdır, nə mən onlara pislik edə bilərəm, nə də onlar mənə pislik etsin.
-Düşün ki, paltarlarını özün dizayn edə biləcəksən, paltarlarını necə hazırlayardın?
-Məsələn, üç dizaynı bir yerə qoyub qəşəng şalvar yaradardım.
-Bəs rəngləri?
-Mavi də olar, qara da olar.
-Hansı rəngi daha çox sevirsən?
-Mən uşaq vaxtı çəhrayı rəngi çox sevirdim. İndi də sevirəm, amma indi niyəsə mənim həvəsim qırmızı rəngədir. Qırmızı və açıq çəhrayı rəngləri sevirəm.
-Sosial şəbəkələrdən istifadə edirsən?
-"Whatsapp”, "Youtube”dan istifadə edirəm.
-Səncə, sənin yaşındakı uşaqlar "Facebook”dan, "Instagram”dan, "Tik-Tok”dan istifadə etməlidir?
-Məncə, "Facebook” və "Instagram”dan yox, "Tik-Tok”dan da yox, çünki ora bir az böyük adamlar üçündür.
-"Youtube”dan nə öyrənirsən?
-Məsələn, öyrənmişəm ki, kafelərdə niyə sakit musiqilər olur? Ona görə ki, əgər sakit musiqi olarsa, onlar daha çox yeməklər, içkilər sifariş edir. İnsanın xoşuna gəlməyən musiqilər olanda insanlar istəyir ki, tez getsinlər. Sürətli musiqi olanda isə tez yeməklərini yeyib gedirlər və bu da kafedə insanların biznesinə ziyan edir.
-Bağışlamaq nədir?
-Bir insan bir şeyi səhv edibsə və səndən üzr istəyirsə, onu bağışlamaq olar. Yox, əgər səndən üzr istəmirsə, onda onu bağışlamaq olmaz.
-Bax tutaq ki, bir insan Firuzəyə qarşı çox böyük bir səhv elədi. Amma gəldi üzr istədi. Qəlbi çox qırılıbsa da, onu bağışlayar?
-Məncə, onun xasiyyətindən asılıdır. Sinif yoldaşlarım var idi, hər dəfə mənə nəsə deyirdilər. Amma onlardan qəlbim sonra elə qırıldı ki, bağışlamadım.
-Şans nədir?
-Hər bir insanın ikinci şansı var. Daha doğrusu, iki şansı var. Şans iki mənada işlənə bilər. Bir o məna da ki, bir şeyi səhv etdin. Sənə ikinci şans verirlər. Bir də şans var ki, uğurlusan.
-İnsanlar ikinci şansını itirsə nə olar?
-Məncə, ikinci şansını itirsə, onu bağışlamazlar. Eyni şeyi iki dəfə edib və onu bağışlamışıqsa, daha onun xasiyyəti dəyişməz.
-Güvənmək nədir?
-Məsələn, bir insana güvənirsən ki, bu yaxşı dostdur, sənin həmişə yanında olacaq. Ailədə də elədir.
-Sən insanların hansı xasiyyətinə görə onlara güvənirsən? Bir insana baxıb necə fikirləşirsən ki, ona güvənim ya yox?
-Mən onun birinci üzünə baxıram. Deyirlər ki, gözlər qəlbin aynasıdır. Gözlərə də baxıb bilmək olar. Amma ən yaxşısı onlarla bir neçə dəfə danışaq, xasiyyəti ilə bilmək olar.
-Firuzənin 12 yaşı var. Bəs niyə düşüncələri bu qədər böyükdür?
-Bilmirəm.
-Nədən irəli gəlir bu?
-Məncə, bu bütün insanların xasiyyətindən asılıdır. Ona söz bazası da deyirlər. Belə danışa bilirəmsə, deməli, mənim söz bazam da var.
-Musiqi, rəqs, idman – hansıyla məşğul olursan?
-İdmanla məşğul oluram.
-Hansı idman növü ilə?
-Basketbol.
-Sən basketbolla məşğul olanda nə hiss edirsən?
-Əslində, bir ara dayandırmışdım, onda pis olmuşdum. Məcburiyyətlə nəsə edəndə onun xoşuna gəlmir. Amma mənim birinci xoşuma gəlmirdi. İndisə gəlir.
-Evinizdə ən çox nəyi sevirsən?
-İnsanlardan?
-Yox, əşyaları nəzərdə tuturam.
-Evimizdə... yumşaq oyuncaqlarımı. Divanın başında saxlamışam. Həmişə də saxlayacam. Yadigar qalacaqlar. Əşyalardan ancaq onları sevirəm.
-Məktəb niyə lazımdır bizə?
-Təhsil almaq üçün lazımdır. Əgər məktəbə getməsək, universitetə gedib, təhsil alıb, işləyə bilmərik.
-Bax, dedin ki, böyüyəndə... Böyüyəndə nə deməkdir?
-Məktəbi qurtarıb, düz fikirləşə bilmək... "böyüyəndə” sayılır.
-Səncə, niyə uşaqlar böyüməyə tələsir?
-Mən tələsmirəm.
-Yaxşı, sən niyə istəmirsən, uşaqlar niyə tələsir?
-Ona görə istəmirəm ki, çünki böyüklərin problemi çox olur. İş problemi, ev problemi, pul problemi. Hər şey qarışır bir-birinə, ona görə də mən böyümək istəmirəm. Başqa uşaqlar da maşın sürmək üçün, nə bilim bizneslə məşğul olmaq üçün böyümək istəyir. Balacaların həyatı çox asandır. Ona görə mən uşaq qalmaq istəyirəm. Amma bu mümkün deyil.
-Özün dedin ki, böyüyəcəksən, yəni uşaq qalmağın mümkün deyil. Böyüyəndə hansı sənətin sahibi olmaq istəyirdin?
-Həkim olmaq istəyirəm. Çünki insanları xoşbəxt etmək, onları sağaltmaq istəyirəm. Böyüyəndə elə bir dərman yaratmaq istəyirəm ki, heç kim xəstələnməsin. Düzdü, bu özümə pisdi, onda heç kim həkimin yanına gəlməyəcək, amma yenə də bunu bilə-bilə o dərmanı yatamaq istəyirəm.
-Bəs niyə özünə pislik eləmək istəyirsən?
-İstəyirəm ki, insanlar sağlam olsun.
-Musiqi dinləyirsən?
-Hə.
-Ən çox sevdiyin musiqi və musiqi aləti.
-Üç musiqi alətini sevirəm. Skripka, gitara. Pianino. Ən çox sevdiyim musiqi isə Azərbaycan milli musiqilərindən "Sarı gəlin”dir. Əvvəl, düzdü, xoşuma gəlmədi, amma sonra beynimdə qaldı, xoşuma gəldi.
-Bizim üçün zümzümə edə bilərsən?
(Oxuyur...)
-Çox sağ ol. Başqa birinin yerinə keçmək mümkün olsaydı, kimin yerinə keçmək istəyərdin?
-Varlı bir adamın yerinə keçmək istəyərəm. Çünki baxmaq istəyərəm ki, onların həyatı necə keçir, nə edirlər, çətindirmi həyatları, yaxşıdırmı. Valideynlərimin yerinə, bir də ən yaxşı rəfiqəm Banunun yerinə keçmək istəyirəm.
-Hazırcavablıq nədir?
-Sənə bir sual verirlər, sən ona tez cavab verirsən. Sözün özündən də bilinir ki, hazırcavabsan.
-Bu gün məktəbə getmisən?
-Hə.
-Ən son məktəbdə nə öyrənmisən?
-Bu gün Biologiya dərsi var idi bizdə və o fəndən öyrəndik ki, niyə südü çiy içmək olmaz, niyə əti yaxşı bişirmək lazımdır.
-Niyə?
-Çünki onların içində mikroblar var və onlar insan orqanizmasına daxil olsalar, bakteriyalar yarana bilər, xəstəliklər törədərlər. Ona görə südü, əti tam bişirmək lazımdır.
-Bəs səncə, insanlar niyə hirslənir?
-Məncə, onları kimsə əsəbiləşdirəndə onlarda aqressiya yaranır və özlərini saxlamadan beyinləri deyir ki, hirslən, hirslən. Bunları başa salmaq olmayacaq. Ona görə də insan hirslənir.
-Firuzə hədiyyə verməyi sevir, ya almağı?
-Hər ikisini. Amma məncə hədiyyə almağı.
-Ən çox hansı hədiyyələri almağı sevirsən?
-Nə bilim... Paltar, xoşuma gəlir, trenddə olan əşyalar. Telefon alsalar, xoşuma gələr. Amma anamgilə məcburiyyətlə demirəm telefon al, istəsələr alarlar, istəməsələr yox.
-Belə başa düşdüm ki, sən təzə telefon istəyirsən, amma məcbur eləmirsən.
-İstəyirəm. Amma alın-alın deyə beyinlərini xarab eləmirəm.
-Firuzənin doğum günü nə vaxtdır?
-30 noyabr.
-Onun rəfiqələri, ailəsi, qohumları doğum gününü unutsa, nə hiss keçirər?
-Kədərlənərəm.
-Küsərsən?
-Bir az.
-Bəs bunu onlara hiss elətdirərsən?
-Hmmm.... Bu gün nə günüdür? Belə-belə hiss elətdirərəm.
-Birdən həqiqətən unutmuş olsalar?
-Onda deyərəm, bu gün sizcə, nə günüdür, bu gün ayın neçəsidir? Belə-belə başa salaram. Həm də mənim anamgil ömür boyu unutmazlar. Çünki bir ay qabaqdan, günləri sayıram.
-Doğum günündə aldığın hansı hədiyyə yadında qalıb?
-Bütün doğum günlərim yadımdadır. Uşaq idim, 9-10 yaşım olanda doğum günümdə nənəm gəlmişdi, biz onunla əyləndik, yaxşı ad günü keçirtdik. O, ən yaxşı ad günüm kimi yadımda qalıb.
-Kitab oxuyursan?
-Bəli.
-Necə kitablar oxumağı sevirsən?
-Qəribə kitablardı, amma çox maraqlıdırlar. Mənim maraqlı kitablar xoşuma gəlir.
- Ən son oxuduğun kitab?
- Allah iki insan yaratmışdı. Adəm və Həvva. Onları cənnətə buraxmışdı. Amma onlara demişdi, orda olan almaları yeməyin. Onların da qulağına şeytan gəlib pıçıldayırdı ki, elə-elə, ye almaları. Onlar yedilər. Allah onları qovdu cənnətdən. Məncə, ona görə deyirlər ki, şeytana lənət. Belə idi mövzu. Bu kitabı oxumuşam.
- Sabah valideynlərinlə birlikdə nə etmək istəyərdin?
-Parkı gəzmək istəyərəm. Bir yerdə əylənə bilərik. Yeyib-içə bilərik.
-İndiyənə qədər fərqli nə eləmisən?
-Dənizə getmişəm, bir də basketbola.
-Dənizə getmək niyə sənə fərqlidir?
- Çünki dənizə ilk dəfə keçən il getmişəm. Üzə bilmirdim deyə bir az qorxurdum, ona görə dənizə getmirdim.
- Vətən nədir?
-Anadan olduğun yer sənin vətənin sayılır.
-Bəs vətənə sevgi nədir?
-Vətənini çox istəmək. Məsələn, mən Azərbaycanın bütün yerlərini çox istəyirəm.
-Bayaq səndən soruşdum ki, səni nə duyğulandıra bilər? Sən orda mənə bir söz dedin...
-44 günlük müharibədə uşaqların ata-anası ğləndə duyğulanmışdım ki, yazıq uşaqlar ata-anasız qaldı.
-Anandan ən çox nə istəyirsən?
-Uşaq vaxtından ən çox bacı-qardaş istəyirəm. Bəzən fikirləşirəm, olsalar dalaşacağıq, bəzən də fikirləşirəm ki, olsalar bir-birimizin yanında olacağıq.
-Sirr nədir?
-Nəsə bir şey etmisənsə onu özündə saxlayırsan, başqa heç kim bilmir.
-Qələbə nədir?
-Qazanmaqdır.
-İnsanlar niyə qələbəyə can atır həmişə? Məğlubiyyətlə barışmır?
-Əslində qazanmağı da bilmək lazımdır, uduzmağı da. Çünki həmişə qazana bilməzsən. Özgüvən yaxşı şeydir, amma həmişə yox.
-İnsanlar nədən bezə bilər?
-Bir şeyi dalbadal etməkdən bezə bilər. Nəyiszə tez-tez edəndə, bir yeməyi hər gün dalbadal yesə bezə bilər.
-Düşün ki, bir gün azadsan. Həmin günü nə eləmək istəyərsən?
-Əyləncəyə getmək istəyərəm. Yəni parka, əyləncəli yerə. Əylənmək də lazımdır.
-Belə başa düşdüm ki, bütün günü oxuyursan.
-Hə, hə. Bezmişəm oxumaqdan. Əylənmək istəyirəm. Gedib valideynlərimlə bir də nənəmi görərəm. Dənizə gedərəm.
-Ən son nəyə gülmüsən?
-Elə ən son bu gün sinifdə gülmüşəm.
-Səncə, ağıllı olmaq nədir?
-Hər şeyi bilmək və cavab verməkdir.
-Səhv etməkdən qorxursan?
-Hə.
-Səncə, insanlar dövlətin qoyduğu bütün qanunlara əməl etməlidir?
-Düzgün bir şey olsa hə. Amma əməl etməyəndə həbs edirlər.