Xəbər lenti

Oğurlanmış Van Qoq tablosunu geri qaytarmaq necə mümkün oldu?
Sənət 22:00 18.09.2023

Oğurlanmış Van Qoq tablosunu geri qaytarmaq necə mümkün oldu?

Van Qoqun itmiş tablosu 3,5 il sonra tapılıb. "Bahar bağı” əsəri 2020-ci ilin mart ayında Niderlanddakı şəxsi qalereyadan oğurlanıb. Rəsmin qiyməti 3-6 milyon dollar arasında qiymətləndirilir. Onun axtarışı üçün sənət dünyasının İndiana Consu adlandırılan məşhur Avropa incəsənət detektivi Artur Brand işə götürülüb. O, tablonu sahibinə qaytardığını, lakin araşdırmanı necə apardığı barədə danışmamağı üstün tutduğunu deyib. 

Bəs bir sənət detektivi tablonun oğrularının izinə necə düşə bilərdi? 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Svetlana Belovanın yazısını təqdim edir.

Üç il əvvəl muzeydə "Bahar bağı" tablosu asılmışdı. Qalereya onu bir müddət icarəyə götürdü, lakin COVID-19 səbəbiylə tətbiq edilən qapanmalar səbəbindən ictimaiyyətə təqdim edə bilmədi.

Oğru gecə saatlarında şüşə qapını çəkiclə sındıraraq muzeyə daxil olub. Müşahidə kamerasının görüntülərindən görünür ki, oğru məqsədyönlü şəkildə Van Qoq tablosuna tərəf addımlayıb və onu qoltuğunun altında tutaraq oğurlayıb. Oğurluğun sifarişli olduğu açıq-aydın görünür.

Sığorta eksperti Nikolay Qaluşin deyir ki, tablonun tapılması böyük bəxt idi: "Bu kimi hallarda belə rəsmlər həmişə şəxsi kolleksiyalarda olur, şəxsi evlərdə asılır və qonaqlara göstərilmir. Düşünürəm ki, müştəri Van Qoqun pərəstişkarı, bəlkə də onun konkret işinin pərəstişkarı idi. Bir qayda olaraq, oğurlanmış rəsmlər tapılmır. Onları 100 il sonra, müəyyən bir rəsmə sahib olan şəxs öldükdən sonra aşkar etmək olar. Və hamısı sifarişlə hazırlanır. Sığorta şirkətinin təzminat ödəməsi üçün detektiv araşdırma lazımdır".

İtkin düşən "Bahar bağı”nın axtarışını təcrübəli sənət detektivi Artur Brand həyata keçirib. Onun hesabında artıq səs-küylü araşdırmalar var idi. Belə ki, o, oğurlanmış Pikassonun rəsmini, Hitlerin atlarının tunc heykəllərini və vaxtilə Oskar Uaylda məxsus olan üzüyü tapa bilib.

Van Qoqun rəsmini qaytarmaq üçün detektivə 1300 gün lazım olub. Bildirib ki, filan şəxs onunla əlaqə saxlayıb və rəsm əsərini verə biləcəyini, lakin problemə düşmək istəmədiyini deyib. Nəticədə rəsmin Brandın evinə çatdırılmasına razılaşıb.

O, əsəri plyonkaya bükülmüş, böyük mavi IKEA çantasında alıb. Detektiv onun çantasından ehtiyatla bağlamanı çıxararaq itkini sahibinə təhvil verməyə hazırlaşdığı görüntüləri kameraya çəkib.

Rəsmin necə tapıldığını və onu kimin oğurladığını Artur Brand sirr saxlamağı seçdi. Ekspertlərin fikrincə, onun kriminal dairələrdə öz xəbərçisi olub. "A-s-t-r-a” müasir incəsənət qalereyasının direktoru Aleksandra Şevtsova qeyd edir ki, sənət detektivlərinin belə əlaqələrə ehtiyacı var:

"İtirilmiş sənət əsərlərini axtararkən insanlar tez-tez mütəxəssislərə müraciət edirlər. Çox güman ki, bu, ya əlaqələri olan adi sənət dileri məlumat axtarışında müəyyən bacarıqlara sahibdir, ya da zərgər dəqiqliyi ilə də işləyən peşəkar detektivdir. Bir qayda olaraq, onlar oğurlanmış sənət əsərinin son qeydlərinə baxmaqla başlayırlar: kolleksiyalar, onun meydana çıxdığı hərraclar və s. Sonra hörümçək toru kimi hər şeyi diqqətlə açmağa başlayırlar”.

1884-cü ildə çəkilmiş "Bahar bağı" tablosu Vinsent van Qoqun atasının xidmət etdiyi Niderland kilsəsinin yaxınlığındakı ərazini təsvir edir. Rəssamın yaradıcılığının ilk dövrlərindən olan əsər yağlı boya ilə kağız və panno üzərində işlənib. Bu, Van Qoqun son 60 ildə yerləşdiyi Qroningen Muzeyinin kolleksiyasındakı yeganə rəsm əsəri idi.

Mütəxəssislər rəsm əsərinin martın 30-da, rəssamın ad günündə oğurlandığını vurğulayırlar. 2020-ci ildə rəssamın 167 yaşı tamam oldu. Bundan əlavə, o, heç bir ciddi zərər görmədən sahiblərinə qaytarılıb. Bütün bunlar onu göstərir ki, rəsm Van Qoqun hansısa qızğın pərəstişkarı üçün çox dəyərli olub. 

Oğurlanmış sənət əsərlərinin İnterpol məlumat bazasında 52 min əşya var. Niderlandlı rəssam Rembrandt oğrular arasında sevimli sayılır - itkin rəsmlər siyahısında onun 300 əsəri var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->