Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapovinin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Vəkil bildirib ki, müvəkkilinin səhhətində problem var. O, məhkəmə istintaqının bitməsinə qədər onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Sonra Konstantin Kuçer ifadə verib o bildirib ki, 2017-2018-ci ildə Fransada yaşayıb:
"Mən avia ehtiyyat hissələrinin idxalı və ixracı ilə məşğul idim. İspaniyada da şirkətim var idi, lakin təsisçi başqa adam idi. Mən yalnız mülki aviasiya ehtiyyat hissələrinin ticarəti ilə məşğul olurdum. Həmin ehtiyyat hissələrini müxtəlif ölkələrdən, o cümlədən Ukraynadan da idxal edirdik. Bu hissələri hərbi hava gəmiləri üçün o halda istifadə etmək olar ki, həmin mülki təyyarə hərbi məqsədlər üçün istifadə olunsun."
Konstantin Kuçerin sözlərinə görə, onun Günay bankdan başqa digər banklarda da hesabı olub:
"Günay bank bağlandıqdan sonra başqa banklardakı hesablarımdan ehtiyyat hissələrinin bir qisminin ödənişini etmişdim. Lakin göndərilən yükü Rusiyaya göndərilməsini əsas gətirərək saxlamışdılar. Hətta Qazaxıstana göndərilən yükün belə Rusiyaya göndəriləcəyini düşünürdülər".
Konstantin Kuçer deyib ki, Valeriy Zaxarenkov ilə görüşəndə onun yanında Oleq Krapivin, Füzuli Musayev və digərləri olub:
"Onlar 5 nəfər idilər. Mən sənədləri gətirmək üçün oradan çıxdım, 5 dəqiqə sonra geri qayıtdım. Qayıdanda hər şey qaydasında idi, təxmini 40 dəqiqə oturduq".
Daha sonra Oleq Krapivin ifadə verib. O bildirib ki, qarşı tərəf onunla söyüşlə danışıb.
"Dedim ki, söyüşü geri götür, üzr istə, bitsin, getsin. Əsəbi halda söyüşlə danışdə daha sonra üstümə gəldi".
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər