
Fazil Mustafa: “Bu dələduzluq əməllərinin əsl müəllifləri cəzalandırılmalıdırlar”
Vahid Əhmədov: “Yaxşı ki, vaxtında bu prosesin qarşısı alındı”
Fəzail Ağamalı: “Onlar qanun qarşısında cavab verməlidirlər ki, bu digərlərinə də dərs olsun”
Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin mənimsənilməsi işi üzrə həbslər davam edir. Son bir həftə ərzində saxlanılanların sayı mətbuata məlum olmasa da, prosesin davam edəcəyi gözlənilir. Saxlanılan oliqarxlardan kredit borcunu ödəyənlər azad edilir, digərləri isə həbsdə saxlanılır.
Son həbslər ölkə mətbuatında ciddi müzakirələrə səbəb olub. Bəziləri bunun sahibkarlığa mənfi təsir edəcəyini qeyd etsələr də, əksəriyyət dövlət vəsaitlərini mənimsəyənlərin cəzalandırılmasını alqışlayıb.
Millət vəkilləri də bu prosesə biganə qalmayıblar.
Millət vəkili Fazil Mustafa musavat.com-a açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq, dövlət vəsaiti ilə dələduzluq edənlər cəzalarını almalıdırlar: “Birmənalı fikir budur ki, dövlət vəsaitini götürən, bunu səmərəli istifadə etməyən və qaytarmayan, kimlərinsə himayəsində bu prosesi illərdir, davam etdirən, kredit pullar hesabına zənginləşərək, cəmiyyətə heç bir faydası dəyməyən insanların bu vəsaiti qaytarması mütləqdir. Və dövlət vəsaitlərinin bu dərəcədə talanmasına yol vermək olmaz. Cəmiyyətdə ən sıravi insanın da prosesə münasibəti budur. Bizim də yanaşmamız budur ki, bu insanların qarşısının alınması üçün sərt tədbirlərin görülməsi vacibdir. Ancaq bir reallığa da diqqət etmək lazımdır. Azərbaycan reallığında məmurların bizneslə məşğul olması qanuni olmadığından, onlar bu vəsaiti yaxınlarının adına götürürlər. Məsələn, hansısa məmur sürücüsünün və digər sadə vətəndaşın adına külli miqdarda kredit götürür. Bu kimi proseslərdə həmin insanlar da ziyan çəkir. Məmurların tabeliyində olan və bu prosesə qoşulmaq məcburiyyətində qalan xeyli sadə insanlar da məhkəmələrdə əziyyət çəkə bilərlər. Bu dələduzluq əməllərinin əsl müəllifləri cəzalandırılmalıdırlar. Biz bu işlərin hüquqi baxımdan həllinin tərəfdarıyıq. Əgər kiminsə kreditin ödənilməsi üçün zamanı qalıbsa, onun da həbs olunması düzgün deyil. Bu, gələcəkdə dövlətin maddi resurslarından istifadəyə inamı azalda bilər. Burada mülkiyyət toxunulmazlığı məsələlərinə də diqqət yetirmək lazımdır. Bu durumdan istifadə edərək, insanların əmlakının ələ keçirilməsinə yol vermək olmaz. O şəxslər ki, istintaqdan yayınmırlar, onların həbs olunması düzgün olmaz. Ancaq cəmiyyət üçün təhlükəli olan şəxslərin təcrid olunması mütləqdir”.
Fazil Mustafa Daxili İşlər Nazirliyi tərəfindən bu işlərin obyektiv aparılacağına əmin olduğunu vurğulayıb: “Dövlət səviyyəsində də tapşırıq budur ki, bunu dələduzluq məqsədi ilə edənlər cəzalandırılsın və mənimsənilən vəsait geri qaytarılsın. Hesab edirəm ki, bu, cəmiyyət tərəfindən də normal qarşılanır. Prosesin məhz indi aparılmasına gəlincə, bizdə həmişə hüququn tətbiqinin gecikməsi baş verir. Biz çox zaman vaxtında qərar verən və vaxtında hərəkət edən millət deyilik. Kimsə işdən çıxarılır, kiminsə qanunsuz əməli tutulur, yalnız bundan sonra proses başlayır. Məsələn, Bayraq Meydanının rəhbəri ilə bağlı bu qədər fakt vardısa, niyə hökumət indiyə kimi bunu açıqlamamışdı? Vaxtında hər bir neqativ hal üçün həyəcan təbili çalınsa, daha çox nöqsanların qarşısı alına bilər”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da həbs olunanların cəzalandırılmasını istəyib: “Dövlətin qanunu var və hər kəs bu qanuna riayət etməlidir. Qanuna riayət etməyən adam kimliyindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, qanun qarşısında cavab verməlidir. Mən hesab edirəm ki, bank sistemində yaranmış bu problem uzun müddət idi ki, müzakirə obyekti idi. Biz bank faizlərinin yüksək olması, əhalinin kredit borclarını qaytara bilməməsi məsələsini Milli Məclisdə mütəmadi qaldırırdıq ki, məsələyə aydınlıq gətirək. Çox təəssüflər olsun ki, bu məsələlər hələ də həyata keçirilməyib.
Banka olan külli miqdarda borcların məsələsinə gəlincə, bəzi iş adamları bundan sui-istifadə edərək, həm varlanmaq imkanı əldə etdilər, həm də dövlət büdcəsinə ziyan vurdular. Ancaq müsbət haldır ki, vaxtında bunun qarşısı alındı. Səbəb dövlət büdcəsində vəsaitin azalması deyil. Bildiyiniz kimi, dünya bazarında neftin ucuzlaşmasından sonra büdcə gəlirləri azaldı, iri layihələr dayandırıldı. Hökumət də yəqin qərar verib ki, kimin nə kredit borcu varsa, qaytarsın. Çünki, devalvasiyadan sonrakı problemlər də davam edir. Bu proseslərin indi həyata keçirilməsi həm dünyada gedən iqtisadi proseslərlə, həm də ölkədə devalvasiyanın olması ilə əlaqədardır”.
Millət vəkili Fəzail Ağamalı isə musavat.com-a açıqlamasında bildirib ki, dövlət vəsaitini mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər ki, bu digərlərinə də dərs olsun: “Mən bu həbslər haqqında eşidəndə dəhşətə gəldim. Bu dərəcədə harınlıq, dövlətə bu dərəcədə ziyan vurulması məni çox qəzəbləndirdi. Xalqın malını oğurlamağa, dövlətin büdcəsinə ziyan vurmağa kimsə cəsarət tapırsa, bu, sadəcə olaraq, anlaşılan deyil. Devalvasiya baş verəndə hər kəs bunun günahını Samir Şərifovun üzərinə atmağa çalışırdı. Mən qəti şəkildə bunun əleyhinə getdim. Bu cinayətlərin üstünün açılmasında, daha ciddi fəsadların qarşısının alınmasında Samir Şərifov da ciddi rol oynayıb”.
Millət vəkilinin sözlərinə görə, dövlət vəsaitini mənimsəyənlərə heç bir güzəşt edilməməlidir: “Onlar sadəcə, həmin pulun qaytarılması ilə məsuliyyətdən azad edilməməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər ki, bu, digərlərinə də dərs olsun. Bu proseslərin arxasında böyük maliyyə maxinasiyaları durur. Manatın devalvasiyasından sonra bir sıra iş adamları dolları manata dəyişməklə külli miqdarda vəsait əldə etdilər. Xalqın malını talayanlar da yaranmış situasiyadan istifadə edib, dövlətin pulu ilə daha çox varlanmağa çalışıblar. Bunun indi üzə çıxarılması isə istintaqın məntiqindən doğur. Araşdırmalar aparılıb, fırıldaqçılar ifşa olunub və onlar qanun qarşısında cavab verməlidirlər”.
Qaynar.info



