“Bəhruz 9-10 dəqiqə Polis Şöbəsində olub. Öldürüblər, sonra da meyitini üçüncü mərtəbədən aşağı atıblar ki, guya intihar edib”.
Bunu Qaynar.info-ya avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində öldürüldüyü iddia edilən 27 yaşlı Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev deyib.
Dilsuz Hacıyev olayı belə anladır: “Hadisədən öncə Bəhruz Rusiyada yaşayan o biri oğlumla danışırdı. Sonra əynini dəyişib küçəyə çıxdı. Uşaqlarla dostlarıyla görüşüb çayxanaya getmək istəyiblər. Bu zaman Bəhruzla orta məktəbi paralel oxuyan Samir adlı polislə rastlaşıb. Normal münasibətləri vardı, görüşüblər. Aradan bir dəqiqə keçməmiş mülkü maşın gəlib, Samir Bəhruzun qolunu buraraq onlara təhvil verib. Oğlumla yanaşı Vaqif adlı dostunu da Polis Şöbəsinə aparıblar”.
Dilsuz Hacıyev deyir ki, oğlunun heç bir suçu olmayıb: “Bəhruz şöbədə cəmi 10 dəqiqə olub. Bu müddət ərzində onu öldürüblər. Hər gün şöbəyə gedirik. Bütün otaqlarda kamera var. Bizə göstərmirlər. Yalnız bayırdakı görüntülərə baxa bilmişik, o kadrlarda da Bəhruzun Polis Şöbəsinə necə gətirildiyi var. Əgər oğlum həqiqətən intihar edibsə, içəridə baş verənləri təqdim etsinlər”.
Bəhruz Hacıyevin Polis Şöbəsinə gətirilməsi kadrlarına baxan valideynləri deyir ki, ona maşında da xəsarət yetiriblər: “Bəhruz qaçmaq istəsəydi, elə şöbəyə gətiriləndə bunu edərdi. Videodan görünür ki, onu qandalsız və sadəcə qolundan tutaraq gətirirlər. Meyitinə baxanda isə elektrok şok verildiyi görünürdü”.
“Bizə Bəhruzun dindirildiyi otağı göstəriblər. Deyirlər ki, özünü üçüncü mərtəbədən atıb. Bu yalandır. Birinci mərtəbəylə ikincinin arasında artırma var. Oğlum çox qıvraq uşaq idi, intihar edincə özünü həmin artırmadan tullayıb qaçardı”, - deyə Dilsuz Hacıyev bildirir.
Mərhumun yaxınlarının sözlərinə görə, olayla bağlı onlara heç nə demirlər: “Bəhruzu niyə saxladıqlarını, Polis Şöbəsinə hansı məqsədlə bağlı apardıqlarını söyləmirlər. İndiyə qədər heç bir cinayət törətməyib, heç zaman həbs edilməyib”.
Bəhruzun əmisi oğlu Taleh Hacıyev mərhumun ailəsini aldatdıqlarını söyləyir: “Bəhruzun ölüm xəbəri gələn kimi morqa yollandıq. Orada bizi aldatdılar. Dedilər ki, paltarlarını çıxardıb istintaqa təqdim etməliyik, buna görə də evdən paltar gətirilməlidir. Bu zaman polislərdən biri Bəhruzun cibindən bükülü çıxartdı və narkotika olduğunu dedi. Necə ola bilər ki, Polis Şöbəsində Bəhruzun cibindən telefonu, pulları, qolundan saatı götürülsün, ancaq bükülüyə dəyməsinlər? Belə şey olur? Buna etiraz etdik. Dedik ki, əgər cibinə bunu siz qoymamısızsa, onda o biri əşyalar da yerində olmalıdır. Açıq-aşkar görünür ki, qurama işdir, özlərinə haqq qazandırmaq üçün belə ediblər”.
Taleh Hacıyev paltar götürmək üçün evə gəldikdən sonra mərhumun meyitini yarıblar: “Bizi aldatdılar. Geri qayıdanda artıq meyit yarılmışdı. Məqsədləri Bəhruzun ölümünü gizlətmək idi”.
Bəhruz Haciyevin yaxınları deyir ki, bu, Mingəçevirdə baş verən ilk hadisə deyil. Onların sözlərinə görə, Ələsgər Bədəlov Mingəçevir Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunandan sonra Bəhruz Hacıyev üçüncü qurban olub.
Mərhumun yaxınları hüquq-mühafizə orqanlarından Bəhruz Hacıyevin qatillərini tapmağı tələb edir.
Daxili İşlər Nazirliyinin olayla bağlı açıqlamasında Bəhruz Hacıyevin narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilindiyi qeyd olunur: “Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb. Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb”.
Ramin Deko
Qaynar.info





