Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova cəbhə bölgəsinə Goranboy rayonunun təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində, Füzuli rayonunun Horadiz qəsəbəsində və Qazaxlar kəndində olub.
Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, həmin yaşayış məntəqələrinin çoxsaylı sakinləri ilə görüşərək böyük qələbəyə yol açan, hərbi mövqelərimizin möhkəmlənməsi ilə nəticələnmiş uğurlu əməliyyatlar münasibətilə onları təbrik edib, vəziyyətlərini öyrənib və suallarını cavablandırıb.
Məlum hadisələr zamanı bu yaşayış məntəqələrinə daima Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və iri çaplı silahlardan atəş açılması nəticəsində çoxsaylı evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsinə baxmayaraq, buradakı sakinlər heç bir insanın öz evlərini tərk etmədiklərini, yüksək qələbə əhval-ruhiyyəsi və vətənpərvərlik hissləri ilə yaşadıqlarını, başlıca problemlərinin məhz işğal altında olan doğma torpaqlarımızın geri qaytarılması olduğunu bildiriblər.
Döyüşlər getmiş hər iki rayonda əhali gündəlik normal həyatına davam edir və təsərrüfat işləri ilə məşğul olur, abadlıq-quruculuq işləri aparılır, bütün ticarət mərkəzləri və digər iaşə obyektləri fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidənqurulması Agentliyinin, habelə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri tərəfindən vəziyyətin, itkilərin, ehtiyacların və bərpa işlərinin dəyərləndirilməsi üzrə tədbirlər aparılır.
Səfər çərçivəsində Müvəkkil həmin bölgələrdə yerləşən N saylı hərbi hissələrin və yüksək müasir avadanlıqla təchiz edilmiş səyyar hərbi hospitalın qələbə əhval ruhiyyəli, hər zaman döyüşə hazır olan əsgər və zabitləri, o cümlədən fədakarlıqla çalışan tibbi personalla görüşüb. O, son günlərdə düşmən həmlələrinin qarşısının alınmasında Azərbaycan silahlı qüvvələrinin göstərdikləri qəhrəmanlığı və vətənpərvərliyini yüksək qiymətləndirib, onlara yeni qələbələr arzulayıb.
Qaynar.info