
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6, 9, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlama yerində (MSY) olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə Ombudsman Aparatının əməkdaşı olan həkim də iştirak edib.
Cəzaçəkmə müəssisələrində müvəkkilə müraciət etmiş hər bir məhkum fərdi qaydada qəbul edilib, onların şikayətləri ilə bağlı araşdırmalar aparılıb. Həmin şəxslər bu müəssisələrdə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər.
Müraciətlər əsasən şəxslərin cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azad olunması ilə bağlı məhkəmə qərarlarından narazılıqlarla əlaqədar olub.
Həmin məhkumlara hüquqları və müvafiq qanunvericilik əsasında Ombudsmanın səlahiyyətləri izah olunub.
Qeyd olunub ki, 6 saylı CM-in cərimə təcridxanasında aparılmış araşdırma zamanı təcridxananın təmir edilərək müasir tələblərə uyğunlaşdırıldığı, bununla da Ombudsmanın daha bir tövsiyəsinin icra edildiyi müəyyənləşdirilib.
Aparatın əməkdaşları aprelin 8-də BMCMİ-nin MSY-də saxlanılan Taleh Bağırov və Anar Məlikovla görüşüblər. Görüş zamanı onlar saxlanılma şəraitindən şikayət etməyib, seçdikləri vəkillə görüşdüklərini bildiriblər. Eyni zamanda saxlanılan şəxslərin bədənlərinə baxış zamanı xəsarət izi aşkar edilməyib. Lakin onlar ittiham olunduqları maddələr üzrə özlərini təqsirli hesab etmədiklərini bildiriblər.
Müvəkkil saxlanılan şəxslərin qaldırdıqları məsələlərlə bağlı halların yoxlanılması ilə əlaqədar Baş prokurora müraciət edib.
Qaynar.info