Xəbər lenti

On minlərlə evi kim sökəcək?
Ölkə09:15 25.02.2015

On minlərlə evi kim sökəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Evimi 7 ildir ki, tikmişəm. Ailəmlə birlikdə yaşayıram. İndi də deyirlər ki, bu torpaqlar neftin ərazisidir və burada yerəşən evlər söküləcək. Bəs, aqibətimiz necə olacaq? Bununla bağlı isə heç kim açıqlama vermir”.

Bu sözləri Anspress-in əməkdaşı ilə söhbəti zamanı Suraxanı rayonunda II mədəndə yaşayan Samir Əliyev dedi.

O bildirdi ki, əgər evi müəyyən müddətdən sonra sökəcəkdilərsə, niyə əvvəldən tikilməsinə icazə verilirdi?

Bu gün ölkədə Samir Əliyev kimi bu sualı verən və cavabını ala bilməyən on minlərlə vətəndaş var. 

ARDNŞ-nın statistiksaına görə, təkcə Binəqədi rayonunda 35 min sökülməli ev var.

Şirkətdən bildirirlər ki, Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-si ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq.

Bakı və Bakıətrafı rayonlara görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikası da açıqlanıb. 

Belə ki, Səbail rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsilə əlaqədar müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzrə 179 evlə bağlı müraciət edilib, 141 evlə bağlı isə qətnamə var.

ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov mətbuata açıqlamasında bildirib ki, mədən ərazilərində qanunsuz sayılan bəzi evlər sənədləşdirilə bilər. Amma hansı evlərə hüquqi statusun veriləcəyi barədə konkret açıqlama verilməyib.

Bəs, on minlərlə söküləcək evdə yaşayan ailələrin aqibəti necə olacaq? 

ARDNŞ-dan bildirdilər ki, hökumət hələlik bununla bağlı qərar qəbul etməyib, layihə üzərində işlər avam etdirilir.

Eskpert və hüquqşunaslar isə hesab edir ki, mədən ərazilərində tikilən evlər sökülərkən vətəndaşlara konpensasiya ödənilməlidir.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Dövlət Neft Şirkti qanunsuz tikiləri sökərkən Bayıl təcrübəsində istifadə etməlidir: “ARDNŞ Bayılda evlərin sökülməsi işlərinə başlamazdan əvvəl hər bir vətəndaşa kompensasiya ödədi. İndi də bu həyata keçirilməlidir. Çünki söhbət 2-5 min adamdan deyil, on minlərlə insandan gedir. Bu insanların da mənzil tələbatı var. Küçədə qalmayacaqlar ki?”.

Ekspert hansı evlərə sənədlərin verilə biləcəyi ehtimalına da aydınlıq gətirdi. Onun sözlərinə görə, mədənlərə yaxın təhlükəli ərazilərdə yerləşməyən, buruqlardan bəlli məsafədə tikilən, neftin çıxarılması ehtimalı sıfra bərabər olan ərazilərdə yerləşən evlərə sənədlər veriləcək.

Hüquqşunas Tahir Əlirzayev isə hesab edir ki, on minlərlə insanın evinin sökülməsi, vətəndaşların kütləvi şəkildə küçədə qalması insan hüquqlarının pozulması deməkdir.

“Əvvəlcə onu deyim ki, evi Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə tikərkən sonunun necə olacağını fikirləşmək lazım idi. Evi tikən şəxs birinci növbədə qanunun tələblərini nəzərdə tutmalıdır. Sözsüz ki, vətəndaş evi mədən ərazisində tikibsə, deməli bunu özbaşına etməyib. Bu gün Azərbaycanda qanunlar, məmurlar, sistem elə qurulub ki, adi ala qarğa Əhmədlidən Yasamala özbaşına gedə bilməz. O dərəcədə hər şeyə nəzarət olunur.

Vətəndaşlar bu ərazilərdə evi tikərkən ərazi sahibindən, ora nəzarət edən dövlət qurumundan sözsüz ki, icazə alıblar. Amma qeyri-rəsmi. Problem də elə buradan başlayır. İndi isə bu evlərin sökülməsi məsələsi gündəmdədir. Bir şəxs ev tikibsə və orada yaşayırsa, kommunal xidmətlər və kommunikasiya xətləri ilə təmin olunubsa, bu o deməkdir ki, evin mövcudluğu qəbul edilib. Əgər müvafiq dövlət qurumu bu evin tikilməsindən narazı idisə, əvvəlcədən məsələni tənzimləməli idi. Vətəndaş evi burada tikəndə kimlərsə buna göz yumub. Bu məsələ araşdırılmalı və evin bu ərazidə tikilmsinə icazə verən şəxs və ya şəxslər cəzalandırılmalıdır”, deyə Tahir Əlirzayev bildirdi.

Hüquqşunas hesab edir ki, uzun müddət yaşayış olan evlərin sökülməsi vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulmasıdır: “Ən azından evləri sökülən vətəndaşlara konpensasiya verilməlidir. Yoxsa bu böyük narazılıq yarada bilər”.

Qaynar.info