(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi prosesi" mövzusu üzrə hazırlanmışdır)
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir cəmiyyətin ən vacib elementlərindəndir. Azərbaycanda əhalinin 25 faizindən çoxu 14-29 yaşlı insanlardan ibarətdir. Uşaqları da nəzərə alsaq, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır.
Hazırda dünyada baş verən inteqrasiya prosesləri milli kimlik məsələsini önə çəkir. Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir. Bu siyasətin mahiyyətini azərbaycanlıların milli adət-ənələrinin, xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin və milli dəyərlərinin qorunması, xarici ölkələrdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir.
Hərbi ekspert Ədalət Verdiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, istər gənc nəslin, istərsə də orta nəslin tərbiyəsində xüsusi ilə vətənpərvərlik hisslərinin aşılanmasında ən gözəl şəxsi nümunə metodudur:
"Əgər bu gün kimsə çıxıb gənclərimzi vətəni sevməyə, vətəni qorumağa səsləyirsə, o, ilk növbədə bunu öz nümunəsində göstərməlidir. Yəni mən vətəni qorumaqdan danışıramsa, amma vətəni qorumaq zamanı gəldiyində bu prosessdə iştirak etməmişəmsə, ən yaxşısı budur, mən bu mövzuya girməyəm. Və yaxud da gəncləri vətənə xidmətə, orduda xidmətə səsləyənlər ilk növbədə öz övladlarını xidmət etməyə göndərməlidir. Yüzlərlə kitab yazmaqdansa, yüzlərlə mühazirə oxumaqdansa bir şəxsi nümünə hamısından daha effektiv nəticə verir".
Sosiloq Əhməd Qəşəmoğlu hesab edir ki, vətənpərvilklə bağlı gənclərin davranışına təsir edən 4 əsas amil var. Onun sözlərinə görə, bu 4 amili həmişə nəzərdə saxlamaq lazımdır:
"Ümumu sözlər demək yox, konkret işlər görmək üçün 4 amili diqqətdə saxlamaq lazımdır. Birincisi, insanın şəxsi, mənəvi-psixoloji, bətnindən, genindən gələn xüsusiyyətləridir. Bu xüsusiyyətlər hər bir insanda fərqli olur. İlk baxışdan bu ciddi qarşılanmaya bilər. Amma, əslində, bu məsələyə çox diqqət yetiriblər. Əsl-nəcabət məsələsi də mühümdir, elə-belə deyil.
İkincisi, insan gözünü açanda baxır ki, ətrafdakıları hamısı vətənpərvərdir, həmişə vətəndən, dövlətdən danışırlar. Əllərində vətənlə bağlı plakatlar var, gəzdiyi, yaşadığı bir çevrədə vətənpərlik mühiti yüksək səviyyədə olur.
Üçüncüsü, insanların hər gün aldığı informasiyalardır. Baxır gündəlik vətənpərvərliklə bağlı hansı məzmunda daha çox informasiyalar alır. Əvəllər bu məsələ yaxşı idi, bizim dövrün gəncliyi daha çox bədii ədəbiyat oxuyurdu, onlardan bəhrələnirdilər. Bədii ədəbiyyatda vətənpərvərlik hissləri, vətəndaşlıq borcu daha çox yer tuturdu. Düzdür, sovet vaxtı ona mane olurdular, amma qalan bir çox məsələlər vardı ki, biz onları bədii ədəbiyyat vasitəsi ilə çatdırırdıq. Yazıçılarımız, şairlərimiz onları sətraltı olsa da, bizim gəncliyə çatdırmağa çalışırdılar və bununla da milli şüurun inkişaf etdirilməsində öz rolları olurdu. Onların arasında Rəsul Rza, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz və s. kimi şəxslər milli şüurun oyanmasında mühüm rol oynadılar.
Biri də var insanların üstünlük verdiyi dəyərlər. Kim hansı dəyərə çox üstünlük verir? Bu da dördüncüsüdür. İnsanlar mənəvi dəyərə üstünlük verdikdə onlar daha yaxşı vətənpərvər ola bilirlər. Amma maddiyyat önə keçib mənəvi dəyərləri sıxışdıranda o çətinləşir".
Sosioloqun fikrinicə, bu informasiyaların arasında daha çox vətənpərvər olmaq üçün insanlar öz tarixi keçmişi haqqında geniş məlumata maik olmalıdır:
"Bizim xalqımızın nümayəndəsi bilməlidir ki, bu xalq Nizami kimi korifey yetişdirib. Nizaminin dövründə onlarca bütün dünyaya səs salan alimlər yetişib. Böyük alimlərimiz, şairlərimiz, sənət adamlarımız olub. Həmin dövrdə Azərbaycanın güclü dövlətçiliyi olub. Təəssüf ki, bu gün Azərbaycan əhalisinin ondan xəbəri yoxdur".
Əhməd Qəşəmoğlu təəssüf hissi ilə bildirib ki, bu gün Azərbaycan gənci öz keçmişi ilə hələ fəxr edə bilmir:
"Çünki keçmişi haqqında lazımı məlumata mailk deyil. Məsələn, adicə bir müqaiysə edək. Azərbaycanlı hər hansı 10 yaşında uşaqla Türkiyə vətəndaşı olan 10 yeniyetməni. Bir milət, iki dövlət deyirik. Onları müqayisə edəndə görürük ki, Türkiyədə yaşayan 10 yaşlı uşaq özünün tarixini bilir, keçmişi ilə bağlı daha geniş məlumata malikdir, amma 10 deyil, 20 yaşlı azərbaycanlı gəncə keçmişi, tarixi ilə bağlı sual verəndə üzünə mat-məəttəl baxır. Bu sahədə işlərimizi gücləndirməliyik".
Əhməd Qəşəmoğlu onu da əlavə edib ki, bu sahədə işlərimizi gücləndirmək üçün 44 günlük müharibədə iştirak edən gənclərin göstərdiyi hünərdən istifadə etməliyik:
"Bu bizim əsas təbliğat vasitəmiz olmalıdır. Gənclərin göstərdiyi hünərdən vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün istifadə etməliyik. Sovet dövləti bundan çox istifadə edirdi. İkinci Dünya müharibəsi qəhrəmanlarını elə təbliğ edirdi ki, onların adı gələndə insanlar baş əyirdi. Bunu nəzərə alanda bu 4 istiqamət üzrə ciddi işlər aparmalıyıq. Qanında, canında vətənpərvərlik hissləri onlara daha çox şərait yaratmaq, kömək etmək lazımdır. Bu, həyatda özünü göstərib. Bu dediyim 4 istiqamət üzrə bizim milli proqramımız olmalıdır. Bu gün müsahibələr verib, məqalələr yazmaqla iş bitmir, gərək biz ən yaxşı elmi əsaslarla fəaliyyət proqramı hazırlayaq. Onda məlum olacaq ki, jurnalistlərin, yazıçıların, müəllimlərin işi nədir. Təəssüf ki, bu sahədə işlər yoxdur".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.