İstedadlı olmaq kimisə vətəndaş olmaq vəzifəsindən azad etmir. İndi Əli, Vəli, Pirvəli şəkil çəkəmmir, səsi yoxdu, roldan-rola girəmmir, gecənin öz rəngini yarın zülfündən aldığını uydurammırsa, o, gedib meydanda döyülməli, zindanlarda çürüməlidi? İstedadlılar da “sənət yaradıram” deyib, müdrikanə görkəmdə əlçatmaz yerlərdə fırlanmalıdılar?
Amma bu istedadsız Əli, Vəli, Pirvəli bu əlçatmaz istedadları doğrudan sevirlər...
Bizim ziyalılar öz nüfuzlarının dəyərini bilmirlər. Özlərinə inanmırlar və daha bu xalqa inanmırlar. 80-lərdə meydana çıxıb səsini qaldıranları sovet Azərbaycanı yetişdirmişdi və demək ki, milli hissləri bu gün çoxumuzun bəyənmədiyi rejim öldürə bilməmişdi. Amma 20 illik yeni tariximiz vicdana siyasət qatdı, millətçiliyə siyasət qatdı, dinə siyasət qatdı və millətin başını qatdı axmaq-axmaq şeylərlə. Bütün dəyərlərin şəklini dəyişib, məhv edib oturdu üstündə bu 20 il.
Aydını xalqdan uzaq saldı. İndi aydınlar özlərinə təpik dəyəndə, ən bərkgedənlərimiz yuxarılarla şəxsi məsələsi çıxanda səslərini çıxarırlar. İndi ziyalı sözü deyilən bir şey qalmayıb. İndi nə yaylıq atan qadın var, nə də o yaylığı ayaqlaya bilməyəcək kişi. Onlar yoxdu, yaxşı, olsun, əvəzində də heç nə yoxdu. Bizi bizsizləşdirən siyasətin qurbanlarıyıq.
Məsələ belədi ki, biz xalq olaraq siyasət, taktika, strategiya-filan bilmərik. Sadə adamlarıq. Heç nədən başımız çıxmır. Biz kinodakı qəhrəmanlarımıza inanırıq, biz şairimizə inanırıq, “Segah”la ürəyimizi dağlayan xanəndəmizə inanırıq. Həqqidən. Siyasətçi-zad hərləmirik. Siyasətçinin bu xalqın milli dəyəri olmasına o qədər çox var ki. Oralara getməyək indidən.
İnandıqlarımız da bizi tək qoymaqdadılar. 3-5 istisnanı da dost-tanışı haqq yoluna çağırır, “sənəmi qalıb?” deyir. Onlara qalmasın, bunlaramı qalsın hər şey?
Bu ölkə təkcə istedadsızların vətəni deyil. İstedadlılar ona daha çox borcludu. Onu kim daha çox sevir: meydanda sürütmə çəkilən qəhrəman, yoxsa filmə çəkilən qəhrəman?
Yox, belə odlu-odlu yazandan sonra nə virtual, nə də qeyri-virtual həyatımdakı aktyor, rejissor, rəssam dostlarımdan imtina etməyəcəm. Heç ateistlərə qıya bilmirəm.
Dostlar zəif yerimdi və şübhəsiz ki, onların da öz zəif yerləri var...
Dost demiş, “istedadları bağışlamaq lazımdı” tezisimi başıma vurmağa hazırlaşan dostlar, bu, yalnız şəxsi müstəvidə keçərlidi...)
Mövzuya dəxli olmasa da: Adam öz fincanına öyrəşir. O həcmə öyrəşir. Balaca ya böyük fincandan içəndə narahatlıq keçirir...