
Ötən gün Buzovnadakı uşaq evlərinn birində istilik sisteminin işləməməsi üzündən uşaqların əziyyət çəkməsi barədə yaydığımız xəbər böyük ictimai reaksiya doğurub.
Qaynar.info-ya telefon açan çoxsaylı insan həmin uşaqlara yardım etmək istədiklərini bildirirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu fotonun öncə 13 saylı uşaq evində çəkildiyi təxmin edilsə də, daha sonra görüntülərin Buzovnadakı digər obyektə- Sümük-Vərəm Sanatoroiyasına aid olduğu dəqiqləşib.
Sanatoroiyanın baş həkimi Sima Həmidzadə Qaynar.info-ya açıqlamasında yerləşdikləri binanın köhnə olduğunu deyib: "Hazırda yerləşdiyimiz bina köhnədir, təmir ürək açan deyil. Amma cənab Prezidentin göstərişi ilə bizim üçün yeni bina tikilib. 2015-ci ildən biz həmin binaya köçəcəyik. Sanatoriyada da elə ciddi bir problem yoxdur. Radiatorlar vasitəsi ilə otaqları qızdırırıq. Qış sisteminə keçdikdən sonra isə təbii qaz vasitəsi ilə otaqları qızdırılacaq".
Qaynar.info
30 oktyabr, saat 16:29
Xəzər rayonu, Buzovnadakı uşaq-evlərindən biri ilə bağlı sosial şəbəkələrdə ürəkağrıdan fotolar paylaşılıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, paylaşımlarda adıçəkilən internat məktəbində istilik sisteminin olmaması üzündən uşaqların soyuqdan əziyyət çəkdiyi bildirilir və hər kəsdən isti geyimlərlə onlara yardım edilməsi xahiş olunur.
Bu ürək parçalayan məsələ ilə bağlı İnternat məktəbinin özünə zəng vursaq da, telefonlara cavab verən olmadı. Buzovna bələdiyyəsindən isə telefonu qaldıran şəxs "burada suallarınıza cavab verə biləcək adam yoxdur" dedi.
Xəzər rayonu İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov isə Qaynar.info-ya açıqlamasında qış mövsümünə keçidin noyabrın 12-ə təyn olunduğunu bildirdi: "Bununla əlaqədar olaraq, istilik sisteminə qoşulma da həmin tarixdə baş verəcək. Amma biz indi dərhal internat məktəbi ilə əlaqə saxlayacaq, vəziyyəti araşdıracağıq. Gərəkirsə, həmin tarixi qabağa çəkəcəyik".
Qeyd edək ki, Buzovna qəsəbəsi 13 saylı Xəzər birinci seçki dairəsinə daxildir. Ərazinin millət vəkili Rauf Əliyevdir.
Qaynar.info