Sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyeva hücum edilib.
4-5 nəfər gənc 16 yaşlı Əlini döyüblər və iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi səciyyələndirilir.
O.Gülalıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, hadisə saat 22 radələrində Gülalıyevlərin yaşadığı NZS qəsəbəsində baş verib. Əli Gülalıyev sinif yoldaşından dərsliyi almaq üçün evdən çıxıb. Qayıdarkən evlərindən təxminən 100 metr məsafədə 4-5 gənc ona hücum edib, döyməyə başlayıb, sol əlinə və sol buduna iki bıçaq xəsarəti yetiriblər.
Çox qan itirən gənci təsadüfən yoldan keçənlər evə gətiriblər. Nüfuz edən bıçaq yaralarının dərinliyi 12 sm təşkil edib.
Gənc dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. A.Gülalıyevin səhhəti orta ağır olaraq qiymətləndirilir. Xətai rayon 37-ci polis bölməsi tərəfindən araşdırma aparılır.
Cinayətin motivləri hələlik məlum deyil. O.Gülalıyev bildirib ki, oğlu onu döyənləri tanımır. Hadisənin şahidləri də yoxdur.