(Yazı "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)
Azərbaycanda hazırda 29 minə yaxın şəxs peşə təhsili alır. Bu barədə məlumatı bir müddət əvvəl Azərbaycan elm və təhsil nazirinin müavini İdris Musayev verib.
İdris Musayev həmin çıxışı zamanı bildirib ki, ölkədə orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.
Nəzərə alsaq ki, bu gün peşə təhsili ilə bağlı fikirlər elə də birmənalı deyil, insanslar bu təhsilin həm kəmiyyətindən, həm də keyfiyyətindən razı deyillər. Bu təhsili alan gənclər daha sonra iş tapmaqda çətinlik çəkirlər.
Qaynarinfo "bu təhsil mərkəzlərinin ali məktəblərin tərkibinə verilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək, insanlarda peşə təhsilinə olan maraq və inamı artıracqmı” və s. sualları STM-in sektor müdiri, təhsil məsələləri üzrə ekspert Elmin Nuri ilə müzakirə edib.
Elmin Nuri bildirib ki, kolleclərin ali məktəblərin tabeliyinə verilməsi artıq neçənci dəfədir ki, gündəmə gələn hadisədir və bu, reallaşa da, real olmaya da bilər:
"Amma mənim şəxsi qənaətimə görə, kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi nələrisə dəyişdirməyəcək. Yəni onların mahiyyətini, faydalı iş əmsalını və cəmiyyət üçün faydalılıq göstəricisini ümumiyyətlə, dəyişməyəcək”.
Təhsil eksperti nümunə olaraq bildirib ki, hazırda bir çox ali təhsil müəssisələrinin tabeliyində - Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin tabeliyində orta ixtisas təhsil müəssisələri var:
"Yəni bunların hansı birisi özünün faydalılıq göstəricisinə görə, müasir təhsil metodikasının tətbiqinə görə, əmək bazarına hazırladığı kadrların keyfiyyətinə görə digərlərindən fərqlənir? Mənə görə, heç biri. Və yerdə qalan digər müstəqil kolleclər də birləşdirilsə, ya da ali təhsil müəssisələrinin tabeliyinə verilsə, mənzərə qətiyyən dəyişməyəcək. Necə ki, 2016-cı ildə vəziyyəti dəyişməkdən ötəri addım atdılar. Eyni ərazidə yerləşən bir neçə texnikumu, kolleci birləşdirərək vahid mərkəzə tabe etdilər. Məsələn, Şəki Musiqi Kolleci ilə Şəki Humanitar Kollecini birləşdirib, adını qoydular Şəki Dövlət Regional Kolleci. Daha sonra Gəncədə iki texnikumu birləşdirərək vahidə çevirdilər və Gəncə Dövlət Regional Kollecini yaratdılar. Bakıda da bir neçə kolleci birləşdirdilər, amma yenə də bir nəticə hasil olmadı. Çünki məsələnin kökü texnikumun adının dəyişdirilərək kollec edilməsi, orta ixtisas təhsil müəssisələrinin birləşdirilməsi, onların uyğun ali təhsil müəssisələrinin tabeliyinə verilməsi deyil. Məsələnin kökü orta ixtisas təhsilinə olan münasibət və status göstəricisi, imtiyaz və güzəştlərin dəyişdirilməsindədir. Bu gün buna çox ehtiyac var”.
Elmin Nuri qeyd edir ki, bu gün orta ixtisas təhsil müəssisələrində - kolleclərdə oxuyan hər bir şəxs formal təhsil aldığının fərqindədir:
"Çünki onlara az imtiyazlar verilir. Təsəvvür edin, bizdə bircə pedaqoji kollecləri bitirən şəxslərə müəllimlərin işə qəbulu müsabiqəsində qaydalar çərçivəsində iştirak etməyə izn verilir, ona görə də onlar dərslərini həvəslə oxuyur. Pedaqoji əsaslı kolleclərdə oxuyanlar digər profilli kolleclərdə oxuyanlardan daha həvəsli olurlar. Nəyə görə? Çünki onların stimulu var. Stimul budur ki, onlar da ali təhsili bitirmiş pedaqoji kadrlar kimi imtahan verib müəllim adını qazana bilərlər. Necə ki, qazanırlar da. Hər il müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərənlər arasında mütləq kollec məzunları, yaxud kolleci həmin il bitirmiş tələbələr də olur. Deməli, onlar, bu stimuldan istifadə etdilər. Amma digər ixtisaslı kolleclər üçün bu stimul yoxdur. Onlar nə dövlət qulluğunda iştirak etmək hüququna, nə digər müəssisədə işə qəbul hüququna malikdirlər. İşəgötürənlərlə münasibətlərdə də bu onların ziyanına işləyən hal olur”.

Elmin Nuri əsas problem olaraq qeyd edib ki, əmək bazarında orta ixtisas təhsil müəssisələrinin diplomları ciddi şəkildə qəbul olunmur və müəssisə rəhbərlərinin buna haqları da var:
"Biz bu gün Azərbaycan orta ixtisas təhsil müəssisələrinin uğurlu kadr yetişdirməsinə inanırıqmı? Təbii ki, yox. Buna görə də onları işə götürməkdə tərəddüd edirik. Amma burada əzilən gənclik olur. Bir tərəfdən onlar stimul yoxdur deyə kolleclərə maraq göstərmirlər, digər tərəfdən, kolleclər özü də çox formal təhsillə, onların gələcəkdə kadr kimi yetişməsinə azacıq şansları varsa, onu da əllərindən alırlar. Çox təəssüf ki, real mənzərə budur. Ona görə də düşünürəm ki, kollecləri universitetə, kollecləri bir-birinə birləşdirməkdənsə, ləğv etməkdənsə, ən yaxşı qərar kolleclərdə oxuyan subbakalavrlar üçün xüsusi imtiyaz və güzəştlərin dəyişdirilməsidir. Onlar da dövlət qulluğuna qəbul imtahanlarında ən azından bir kateqoriyada iştirak etmək imkanına malik olsalar, ali bakalavr təhsilinə malik olan şəxslər kimi əmək bazarında ciddi qəbul olunsalar, kolleclərdə təhsilin keyfiyyəti, durumu daha da artmış olacaq. Biz bu gün Azərbaycandakı hər hansı bir kolleci ən güclü universitetə birləşdirsək də, əgər subbakalavrın tabe olduğu qaydalar dəyişməsə, onun təhkim olunduğu çevrə məhdudiyyət aradan qalxmasa, kolleclərin taleyində heç nə dəyişməyəcək”.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.