"Hazırkı mərhələdə məktəb direktorlarının seçki yolu ilə təyinatı mümkün deyil, buna bəlkə də 30 ildən sonra keçə bilərik”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sabiq təhsil naziri Misir Mərdanovun məktəb direktorlarının imtahanla işə qəbulunun artıq məsələ olduğu və onların cəmiyyət tərəfindən seçilməsi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:
"Məktəb direktorlarının işə qəbulu üzrə imtahanlar ona görə keçirilir ki, daha bilikli və bacarıqlılar seçilsin və proses şəffaf keçirilsin. Amma bir çox yerlərdə rayon təhsil şöbələri bu yolla direktor seçilən şəxslərlə işləmək istəmir. Yaxud da Təhsil Nazirliyi imtahanda yüksək bal toplamasına baxmayaraq, kiminsə haqqında mənfi rəy varsa, onların direktor seçilməsinə icazə vermir. Hazırda direktorların vəzifəyə təyini şəffafdır, amma proses keyfiyyətli olmadığından şəffaflıq tam təmin olunmur”.
Həmsöhbətimiz rəhbərliyin seçilməsində məktəb kollektivinin rəyinin nəzərə alınmasını vacib saysa da, burada bir əmmanın da olduğunu bildirdi:
"Son 5 il ərzində sistemdə olmayan 600-dən çox insan məktəbə rəhbər gəlib. Təkcə Bakıda 120-yə yaxın orta məktəb sistemində çalışmayan şəxs ali məktəb və ya repetitorluqdan birbaşa məktəbə direktor gəlib. Amma hələ də prosesdə ciddi keyfiyyətin baş verdiyini görmürük. Bu yolla seçilən məktəb direktorlarının rəhbəri olduğu müəssisənin göstəricisi ilə uzun illər vəzifədə qalanların buraxılış və qəbul imtahanlarında o qədər də ciddi fərq yoxdur”.
Ekspert düşünür ki, məktəb direktorlarının daxili seçki yolu ilə seçilməsi kənar müdaxilələrin olması səbəbindən hələlik baş tutan məsələ deyil:
"Məktəb kollektivi bu zaman seçkini obyektiv həyata keçirməkdə problem yaşayacaq. Kimlərsə hansı yollasa ələ alınacaq, yaxud da yuxarı təhsil qurumu kiminsə namizədliyini verəcək, yaxud da kimsə zəng edəcək və bütün məktəb özünə narahatlıq yaratmamaq məqsədilə ona səs verəcək.
Ona görə də hazırkı prosesdə məktəb direktorlarının seçkisi məsələsi mümkün deyil. Çünki Azərbaycan elektoratı hələ də seçmək mədəniyyətinə malik deyil. Bəlkə də bu, 30 ildən sonra mümkün olsun. İndi isə əksinə, seçimləri daha da sərtləşdirməliyik. Maksimum 5 il vəzifədə qalma tətbiq edilməli və rotasiya qaydasında dəyişməlidirlər. Çünki su belə bir yerdə çox qalanda iylənir”.
Rüfət Sultan