
Qafqaz Ömərov
Orxan Zeynalov olayı: cavabsız suallar…
Artıq on gündür bütün Rusiya mediasının manşetindən düşməyən həmyerlimizin ətrafında yaranan ajiotaj Azərbaycanda keçirilən prezident seçkilərindən dərhal sonra Moskva ilə Bakının strateji tərəfdaşlığa dönməyə başlayan əlaqələrini sarsıtmaqda davam edir.
Oktyabrın 9-da MSK prezidentliyə namizədlərin səslərini sayarkən, Rusiyada yaşayan milyonlarla həmyerlimizdən biri olan Orxan Zeynalovun törətdiyi ehtimal olunan ağır bir cinayət əvvəlcə Moskva küçələrini, daha sonra isə rus dövlətinin zirvəsini bir-birinə qatdı.
Oktyabrın 10-dan Rusiya rəhbərliyinin yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevə ünvanladığı təbriklərin televiziya ekranlarından oxunması və qəzet səhifələrində dərc olunmasına yenicə başlanmışdı ki, siyasi xəbər buraxılışları ildırım sürəti və "təcili" başlğı ilə yayılan, zahirən qafqazlıya bənzəyən bir nəfərin əks olunduğu kadrlar bu təbriklərin arasını kəsdi. Rusiyanın gündəminə bomba düşmüşdü. Xəbərlərdə Moskvanın Biryulevo rayonunda baş vermiş dəhşətli qətldən, bu qətli törədən bir qafqazlıdan bəhs olunurdu. Öldürülən Yeroq Şerbakov adlı yerli rus idi. Hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş qatil bıçağı düz onun ürəyinə saplamışdı. Şerbakov aldığı yaradan yerindəcə keçinmişdi.
Hadisələrin sonrakı inkişafı və kameralar tərəfindən qeydə alınan şəxsin həmyerlimiz olduğu haqdakı xəbərlər isə hamımıza məlumudur...
Oktyabrın 15-də Moskva ətrafında yerləşən Kolomna şəhəri yaxınlığında rus xüsusi təyinatlıları Yeqor Şerbakovun qətlində təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu həbs edərək onu vertolyotla Moskvaya, düz Rusiyanın daxili işlər naziri Vladimir Kolokolçevin otağına gətirdilər.
Orxan Zeynalovun həbs edildiyi zaman kameralar qarşısında döyüldüyü, Kolokolçevin "hüzuruna" sürüklənərək və ikiqat vəziyyətdə gətirilməsi Azərbaycanda ictimaiyyət tərəfindən çox sərt reaksiya ilə qarşılandı. Səssizliyini sürdürən hakimiyyət dairələri cəmiyyətin mövqeyinin bu hadisəyə qarşı sərtliyini və Rusiyada azərbaycanlıları hədəf alan ekstremist qrupların həmyerlilərimizə qarşı hücumlarının artdığını görüb Rusiya hökumətindən vəziyyəti nəzarətə almağı tələb etdilər. Başda XİN olmaqla diaspora komitəsi, prezident aparatı və digər qurumların rəhbərləri Orxan Zeynalova qarşı qeyri-insani davranışı sərt şəkildə qınadılar. Hələ Orxan Zeynalova aid olduğu dəqiqləşdirilməmiş bıçaq Bakı ilə Moskvanın əlaqələrini çox ciddi şəkildə zədələmişdi. Verilən qarşılıqlı siyasi bəyanatlar, xüsusən Azərbaycandan rus faşistlərinin və nazir Kolokolçevin ünvanına səsləndirilmiş fikirlər iki ölkə arasındakı iplərin ciddi şəkildə gərilməsinə səbəb oldu. Hər iki ölkənin ictimaiyyəti nəfəsini çəkərək birincilərin məsələyə münasibət bildirməsini gözləyir.
Hadisəni analiz edərkən cinayətin törədilməsi zamanı araşdırmaçılara şübhəli görünən iki məqama diqqət yetirdik.
Birinci məqam: rus mediasının birinci qıza sataşdığını iddia etdiyi Zeynalovun, kadrlardan da göründüyü kimi, qızla tanış olduğu, binanın giriş qapısına qədər onunla söhbət edə-edə gəldiyi aydın görünür. Bu kadrlarda Orxanın hərəkətlərində heç bir aqressivlik müşahidə olunmur. NTV kanalında aparılan analiz zamanı isə həmin qızın ortalarda olmadığı bildirilərək, hətta onun oğrun-oğrun arada kameraya baxaraq özünü ağlamsınmış kimi göstərdiyi fikirlər də səsləndirilib. İstintaq komitəsi hələ də o qızı tapıb ifadəsini almayıb.
İkinci məqam: Qızın bloka daxil olmasından sonra geri dönərək qapıdan uzaqlaşan Zeynalovun cəmi 20-30 saniyədən sonra başqa bir qıza sataşaraq onun yanındakı oğlanı ürəyindən bıçaqlamasını əks etdirən kadr isə daha çox fantastik hadisəyə bənzəyir. Vaxt və zaman ölçüsünə özünüz diqqət yetirin. Kadr 59 saniyəlikdir, 23-cü saniyədən sonra, yəni onun ötürdüyü qızın bloka daxil olmasından sonra Zeynalov qapıdan uzaqlaşır və kadrdan itir. Kadr kəsilir və 26-cı saniyədən sonra bir qız qaça-qaça qapıya yaxınlaşaraq kimisə köməyə çağırır, 30-cu saniyədə isə bloka girir. 32-ci saniyədə blokdan iki nəfər çıxır və 35 saniyədə kadr kəsilir, geridə qalan 24 saniyə öldürülən Şerbakovun rəfiqəsi kimi qələmə verilən qızın arxası kameralara tərəf duraraq müsahibəsinə həsr olunur. Ekspertlərdən görüntülərin məqsədli şəkildə montaj oldunduğunu düşünənlər də var.
Orxan Zeynalov ilkin dindirilmə zamanı Şerbakovu qətlə yetirdiyini etiraf etsə də, sonda ifadəsini geri götürərək qətli törətdiyini təzyiq altında boynuna aldığını bildirib. Amma nə olursa-olsun, məişət zəminində baş vermiş bir cinayət hadisəsinin Rusiya paytaxtını belə asanlıqla qarışdıra bilməsi, şimal qonşumuzun sözün əsl mənasında bir barıt çəlləyinin üzərində qərar tutduğunu göstərir. Gəlin bir anlıq belə təsəvvür edək ki, bu hadisə üçüncü ölkənin və yaxud hansısa bir terror təşkilatının hazırladığı təxribatdır. 20 milyonluq Moskvada 1,5 milyon azərbaycanlı, milyonılarla digər Qafqaz xalqlarının nümayəndələrinin və Orta Asiya respublikalarından olan miqrantların yaşadığını nəzərə alsaq, eyni vaxtda bir-neçə belə hadisənin planlı şəkildə baş verməsi böyük fəlakətlərə gətirib çıxara bilər. Rusiyanın SSRİ-ni, sovet xalqlarını Avrasiya Birliyi tavanı altında topalayraq yenidən birləşdirmək istiqamətində həyata keçirdiyi böyük siyasətin fonunda belə hadisələr zamanı bu ölkənin taleyi öz hakimiyyət orqanalarının sərgilədiyi davranışlardan asılıdır. Yalnız Rusiyanın və rusların deyil, eləcə də Rusiyada çalışan miqrantların və onların ailələrinin də taleyi bu incə məqamdan asılıdır.
P.S. 10 oktyabr, səhər saatları: MDB dövlətlərindən olan müşahidəçilər qrupu Azərbaycanda keçirilən prezident seçkilərini tam demokratik və dünya standartlarına uyğun hesab edərək onun nəticələrini tanıdılar.
10 oktyabr, günorta saatları: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçirilən prezident seçkilərini qeyri-demokratik adlandırdı.
10 oktyabr, axşam saatları: Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik etdi.
11 oktyabr: ABŞ Dövlər Departamenti yaydığı bəyənatda Azərbaycanda keçirilən prezident seçkilərini "dünya standartlarına uyğun olmayan" seçkilər adlandıraraq Azərbaycan hakimiyyətini ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı.