
“Orxan Zeynalovun qətli törətməsinə mərhum Yeqor Şerbakovun onu milli zəmində təhqir etməsi səbəb olub”.
Bunu APA-nın Moskva müxbirinə Rusiya paytaxtında həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib.
Orxan Zeynalov Yeqor Şerbakovu ötən ilin oktyabrında Rusiya paytaxtı Moskvada bıçaqlayaraq öldürüb.
Vəkilin sözlərinə görə, əvvəldən bu cinayət işinin istintaqı obyektiv aparılmayıb: “Orxan Zeynalovun məhkəmə-tibb ekspertizasından keçirilməsi tələbim bir ay sonra yerinə yetirilib. Artıq həmin vaxt ərzində Orxan Zeynalovun saxlanılan zaman döyülməsi və işgəncə verilməsi nəticəsində aldığı yaralar sağalmışdı. Yaralar sağalandan sonra Orxanı ekspertizadan keçirdilər. Əlbəttə ki, həmin yaralar və zədələr ekspertiza zamanı müəyyən olunmadı.
İstintaq axıra qədər hadisənin baş vermə səbəbini müəyyən edə bilməyib. Qətlin nə səbəbdən törədildiyi və burda kimin təxribata çəkildiyi aşkar olunmayıb. Mübahisənin kim tərəfindən başlanması məlum deyil. Hadisənin yeganə şahidi Kseniya Popovadır. Müdafiə tərəfi hesab edir ki, mübahisə millətlərarası mübahisə zəminində baş verib. Mərhum Yeqor Şerbakov Orxan Zeynalova qarşı kobud ifadə işlədilib. Orxan Zeynalov isə bildiyiniz kimi, qafqazlıdır və çılğındır. Ona görə də bu hadisə baş verib. Əlbəttə ki, bu amil onun cinayət hadisəsini törətməsinə haqq qazandırmır. Lakin istintaq tərəfi bu amili nəzərə almalı idi. Ona qarşı irəli sürülən maddə çox ağırdır. İstintaq tərəfi hadisənin ictimai rezonans doğurduğunu nəzərə alaraq bu ağır maddəni Orxan Zeynalova qarşı irəli sürüb.
Biz müdafiə tərəfi olaraq məhkəmədən Orxan Zeynalovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə deyil, cəzası nisbətən yüngül olan qəsdən adam öldürmə maddəsi ilə ittiham olunmasını istəyəcəyik. Bizim qarşımızda olan vəzifə məhkəmənin ədalətli qərar çıxarmasına nail olmaqdır”.
Qaynar.info