Xəbər lenti

Oğul Heydərovların biznesi: Şirədən kürüyə qədər - ARAŞDIRMA
Ölkə12:15 22.08.2014

Oğul Heydərovların biznesi: Şirədən kürüyə qədər - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə meydan.tv-də nəqliyyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznes şəbəkəsi haqqında geniş araşdırma dərc olunmuşdu. Həmin araşdırmanı Qaynar.info olaraq biz də saytımızda dərc etdik. Amma sirr deyil ki, Anar Məmmədov məmur atasının imkanlarından bəhrələnərək, özünə çiçəklənən biznes sistemi quran yeganə nazir balası deyil. Hələ bir neçə il əvvəl Azadlıq radiosu "K.Heydərovun oğulları böyük biznesdə" adlı maraqlı bir araşdırma dərc etmişdi, elə həmin il WikiLeaks-in Azərbaycanla bağlı açıqladığı sənədlərdə də Heydərovların adları ön planda idi. Üstündən illər keçsə də bu yazılarda səslənən fakt və məlumatlar öz aktuallığını nəinki itirib, əksinə, daha da dəyərə minib. Xüsusən də medianın onlardan yazmağa ehtiyat etdiyi bir vaxtda...

Qaynar.info olaraq həmin materiallar və əsasında hazırladığımız yazını oxuculara təqdim edirik:


VACİB NƏ VARSA, ONUN NAZİRİ

Hökumət nümayəndələri Azərbaycanda biznes üçün münbit şəraitin olduğu barədə danışırlar. Belə şərait onların ailə biznesləri üçün, həqiqətən də mövcuddur. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin biznesinə nəzər saldıqda Azərbaycanda bəzi bizneslərin inkişafına hətta qanunların da mane olmadığını görmək olar.

Ekspertlərin ölkədə ən nüfuzlu nazir adlandırdığı Kəmaləddin Heydərov da digər məmurlar kimi gəlirlərini bəyan etmir. Amma qanunla ona bizneslə məşğul olmaq qadağandır.

Tale Heydərovun rəhbəri olduğu «United Enterprises International» şirkətlər qrupunun internet səhifəsinə nəzər salaq. Tale Heydərov holdinqin İdarə Heyətinin sədri, onun qardaşı Nicat Heydərov isə sədr müavinidir.

Britaniyada şirkət reyestrindən əldə etdiyimiz sənədlərdə göstərilir ki, Tale və Nicat Heydərovlar şirkətdə təkcə təyinatlı vəzifə tutmurlar, həmçinin hər biri 5 min funt (təqribən 6400 manat) dəyərində aksiya sahibi kimi şirkətin sahibliyini bölüşür.

Səhifədə qeyd olunur ki, holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var.

Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan şirkətlər də var. Bunlardan diqqətimizi cəlb edən «CASPIAN SEA CAVIAR» (Xəzər dənizi kürüsü) şirkəti oldu.
 
Uzun illər mediada Azərbaycanda Xəzər kürüsünün ixracının vaxtilə Gömrük xidmətinə rəhbərlik edən Kəmaləddin Heydərovun nəzarəti altında olması haqda iddialar səslənirdi.

İndi Kəmaləddin Heydərovun oğullarının yaratdıqları holdinq, vebsaytdan göründüyü kimi Heydərovların kürü biznesinə aidiyyatını təsdiq edir. Söhbət «Caspian Sea Caviar» şirkətindən gedir. Onun direktoru olan Şahin Neməti elə «United Enterprises International»ın da direktorudur.

«Caspian Sea Caviar» şirkətinin internet saytında on-line kürü mağazası da var. Burada ağbalıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Bundan əlavə şirkətin Almaniyanın Düsseldorf şəhərində kürü satışını həyata keçirən butiki var.

VƏ «JALƏ» ŞİRƏLƏRİ


«United Enterprises International»ın saytında qeyd olunur ki, «Jalə» şirələri Azərbaycanda «Gilan Holdinq» tərəfindən istehsal edilir. Əslində, Tale Heydərovun «United Enterprises International» şirkəti həm də «Gilan Holdinq»in beynəlxalq distribyutorudur.

Amma şirkətlər arasındakı əlaqə təkcə bununla kifayətlənmir. UİE-nin Bakı ofisi ile Gilan Holdinqin əlaqə telefonu da eynidir. Məlumata görə, Jalə şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın vaxtlarda İngiltərədə də satışa hazırlanır.

“United Enterprises International”a daxil olan digər şirkətlər isə əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur. Bunlar "Azerbaijan Carpets" - (Azərbaycan xalçaları), "Turquoise Media Company" - (Turkuaz Media Kompaniyası), "Alten Group" turizm şirkəti, “UEI Real Estate”, “Private Equity”, “Azerbaijan - German Consultancy” (AGC), Azərbaycan restoranları və başqa səhmdar şirkətlərdir. “United Enterprises International” öz internet səhifəsində başqa tərəfdaş kompaniyaları də təqdim edir. Bunlar Azərbaycan çempionatında yarışan “Qəbələ” futbol klubu, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Gilan Holdinq”dir. Taleh Heydərov “Qəbələ” futbol klubunun da rəhbəridir. Bundan başqa, 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinin sədridir. Bu cəmiyyətdə ikinci şəxs - icraçı direktor isə “Xəzər kürüsü”nün direktoru Şahin Nemətidir.

Holdinqə daxil olan və xaricdə fəaliyyət göstərən digər şirkətlər haqda məlumat toplamağa çalışdıq. Məsələn, “Turquoise Media Company”. Bu şirkətin ayrıca internet səhifəsi var, (www.turquoisemedia.eu ) ancaq ön səhifədə yerləşdirilən məlumatdan görünür ki, səhifə yeni yaradılır və onun ayrı-ayrı bölmələrinə daxil olmaq mümkün deyil. Bununla belə, göstərilir ki, “Turquoise Media Company” rəngli çap mediası sahəsində bazarda liderlik edən şirkətlərdən biridir və ən müxtəlif rəngli çap məhsulları buraxır. Elə burada haşiyə çıxaraq qeyd edək ki, Heydərovun rəngli çap biznesi ilə məşğul olması yeni deyil. Azərbaycanda ilk rəngli çap nəşriyyatı olan SBS-in hələ Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtlardan Heydərova məxsusluğu haqda deyilirdi. İndi isə məlum olur ki, onun bu sahədəki biznesi təkcə Azərbaycanla məhdudlaşmır və Avropa ölkələrində də “fövqəlnazir”in rəngli çap biznesi mövcuddur.

“UEI Real Estate” şirkəti. Bu şirkətin də internet səhifəsi var, ancaq orada da məlumatlar məhduddur. Bununla belə, məlum olur ki, şirkət Avropa bazarlarında daşınmaz əmlak sahəsinə investisiyalar ayırmaqla məşğuldur. Saytda belə də deyilir: “UEİ Rael Estate özəl əmlak fondudur və bütün Avropa boyu kommersiya və özəl mülkiyyət sahəsinə investisiyaların yatırılması, aktivlərin inkişaf etdirilməsi ilə məşğuldur. Biz əsasən kapitalı kommersiya əhəmiyyətli daşınmaz əmlaka yatırırıq və bu aktivləri onu idarə edən şirkətlər vasitəsilə inkişaf etdirərək gəlirlərin təhlükəsiz axınını və tam kapital gəlirini təmin edirik. 2009-cu ilin qışında başlayan biznes sürətlə inkişaf etməkdədir”. Bu şirkətin Londonda, Düsseldorf və Brüsseldə fəaliyyət göstərən ayrıca ofisləri var.

“Azerbaijan Carpets” şirkətinin ofisi isə Almaniyanın Essen şəhərində yerləşir. Şirkətin internet saytında göstərilir ki, o, Azərbaycanın qədim və əllə toxunana xalçalarının Avropa bazarlarında satışı ilə məşğuldur. Şirkət müştərilərə üç növ xalça təqdim edir: klassik, əntiq və modern. Şirkət on-line satış də təşkil edir və maraqlıdır ki, sayta daxil olan müştərilər haqda məlumatın tam təhlükəsizliyinə zəmanət verir. Bildirir ki, müştərilərin kompyuterlərini, İP ünvanları və onların kimliyini üzə çıxarmağa kömək edə bilən digər informasiyalar məxfi saxlanılır. Görünür, bu məxfilik şirkətin satdığı əntiq və olduqca bahalı xalçaların kimlər tərəfindən alınmasının üzə çıxmasını əngəlləmək üçündür. “Azerbaijan - German Consultancy” şirkətinin veb-səhifəsinin hazırlanması başa çatmadığı üçün onun hansı fəaliyyətlə məşğul olduğu məlum deyil. Ancaq ehtimal olunur ki, bu, Almaniya və Azərbaycan iş adamlarına konsaltinq xidməti göstərən şirkət olacaq.


VƏ "GİLAN HOLDİNQ"


“Gilan Holdinq”ə rəsmən kimin rəhbərlik etdiyi internet səhifəsindən bəlli olmur. Ancaq bu holdinqin törəmə şirkətlərini rəsmi şəkildə məhz Kəmaləddin Heydərovun oğulları təmsil edirlər. “Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər bunlardır: Tikinti materiallarının istehsalı zavodları - “Gilan İnşaat”; şərab istehsal edən Agro-Azinvest, Qəbələ Konserv Zavodu, Qəbələ Fındıq Emalı Zavodu, “Jalə” suları, Qəbələ Süd Emalı Zavodu, spirtli içkilər zavodu, dəri emalı zavodu, tikiş fabrikləri, dəyirmanlar , “Qəbələ” və “Gilan” hotelləri, “İpək yolu” və “Dəniz” restoranları .

Bununla da iş bitmir. Gilan MMC (Gilan Holdinq) həmçinin AFBankın səhmlərinin 98 faizinə malikdir. Həmin bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bu vəsaitin mənbəyi barədə məlumat əldə etmək mümkün deyil.


WikiLeaks-in HEYDƏROVUN OĞLANLARI HAQQINDA MƏXFİ SƏNƏDİ

2010-cu ildə WikiLeaks-in Azərbaycanla bağlı açıqladığı sənədlərdə Heydərovların adları ön planda idi. Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən yazılan raportdan bir hissəni təqdim edirik:

- Kəmalədinin oğlanları – Nicat və Taleh Heydərovlar bu yaxınlarda hər birinin dəyəri 20 mlyon dollar olan 2 ədəd “Golfstream” təyyarəsi almaq xəyalına düşüblər. Bu ailənin artıq “Airbus A319” markalı şəxsi təyyarəsi var. Onun salonunu bu yaxınlarda İsveçrəninn Bazel şəhərində tərtib edib başa vurublar. İlkin məlumatlarda bildirlirdi ki, “Golfstream”lərin sahiblik hüququ “Shams al Sahra FZCO” (Dubayda Taleh və Nicatın adına qeydiyyatdadır) şirkəti ilə cənab Manouchehr Ahadpur Khangah arasında paylaşıb. Hər biri təyyarələrin 50 fazilik sahibliyinə malikdirlər. “Patriot Act” qanununun maddəsinə uyğun olaraq “Golfstream” şirkəti Heydərovlardan onalrın gəlirinin qanuni olduğunu təsdiq edən məlumat tələb edib.

Heydərovlar onların ailə Holdinqinə daxil olan şirkətlərin qısa siyahısını təqdim ediblər. Məlum olub ki, Azərbaycandakı ailələr arasında ən çox onların əlində şirkət var. Buraya ərzaq konservləri, tikinti materialları, beton, asfalt, kimyəvi məhlullar, kərpiç, qips, dəri, tekstil, süd və şirə, spirtli içkilər, piano, CD və DVD (lisenziyas məhsulların olmadığı yerli bazarda satılan bu CD və DVD-lər çox güman ki, pirat surətlərdən ibarətdir) məhsullarının istehsalını və ya satışını həyata keçirən, habelə bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəlaiyyət göstərən şirkətlər daxildir.

-  Bakıdakı məşhur İran beiznesmeni XXXXXXX səfirliklə unisyyət zamanı Khangahı Heydərovların ailə konqlomeratındakı şirkətlərin çoxunun Baş direktoru və ya formal rəhbəri olduğunu bildirdi. Eyni mənbənin dediyinə görə, bəzi firmaların rəhbəri rəsmən Khangah olsa da, Heydərovların bir sıra şəxsi biznesində onun rolu menecerdən yuxarı deyil. Bundan başqa mənbənin sözlərinə görə Heydərovların ailə biznesinin başqa sahəsini idarə edən naməlum bir Türkiyə vətəndaşı da var ki, onun funkasiyaları eynilə Khanqahın rolunun təkrarıdır.

- (C) Ailə biznesinin fəaliyyətinin böyük hissəsi “Gilan”, “Qəbələ”, “Jalə” "United Enterprises International (UEI)" şirkətlər qrupu çərçivəsində reallaşır.

“Gilan holdinq”in nişanələrini – Bakıda hər yerdə görmək olar. O, Bakının çox spekulyativ olan daşınmaz əmlak bazarında fəaliyyət göstərən bir neçə böyük tikinti şirktlərindən biridr və onlar arasında aparıcı yer tutur. .

Müşahidəçilər “Gilan”ı “Dubai World”, yaxud ‘Nakheel’ ilə müqayisə edirlər (ölçülərinə görə bunlardan daha kiçik olduğunu etiraf etsələr də).

Heydərovlar Azərbaycandakı meyvə soku bzinesini monopoliyaya alıblar. Onlar sok qiymətlərini yüksək səviyyədə saxlayır və Türkiyə, Rusiya və Ukraynadan ucuz sok gətirmək istəyənlərin işini Dövlət Gömrük Komitəsi vasitəsilə çətinləşdirirlər.

USAID Azərbaycanda nar məhsullarının istehsalı və daşınmasına dəstək verməyə çalışarkən tezliklə öyrənib ki, heç kəs Heydərovun icazəsi olmadan Azərbaycandan xaricə nar soku, yaxud konsentratı satmır.

Azərbaycan iqtisadiyyatında inhisar maraqları dominantdır.

Müşahidəçilər deyir ki, Heydərov bu “rəqabətsizlik dağının” zirvəsində yer alır.

Şayiələrə görə, Heydərovların həm də Azərbaycanda “Pepsi” dolduran şirkətdə, “Red Bull”, “British American Tobacco”, “Japan Tobacco” və “Imperial Tobacco”nun yerli təmsilçiliyində maraqları var.

Heydərov Azərbaycana gələn Amerika nümayəndə heyətinə açıq şəkildə etiraf edib ki, Azərbaycanda kürü istehsalı kimi gəlirli sahəyə nəzarət edən Caspian Fish Company şirkətinin sahibi və idarəçisidir (əvvəl bu sahəyə rus mafiyası nəzarət edirdi).

YEKUN:


Qaynar.info-dan: Yazıda yer alan məlumatlar 4 il əvvələ qədərki dövrü əhatə edir. Bu müddət ərzində isə Heydərovların istər biznesi, istərsə də təsir imkanları dəfələrlə böyüyüb.  Artıq gündəlik həyatımızın hər bir addımında biz bu "fövqəl monopoliya"nın gücünü hiss edirik. Bu güc artıq iqtisadiyyatdan mediaya, ordan da siyasətə sıçramaq üzrədir. Kulisdə dolaşan söz-söhbətə görə, artıq ata Heydərov indi daha çox böyük oğlunun siyasi elitada yer alması üçün çalışır.

Köhnə bir deyimi azacıq redaktə etsək, necə deyərlər, milyardların varsa, onu qorumağın tək yolu siyasətlə məşğul olmaqdır.

Qaynar.info