
"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva bu nəşrin yeni nömrəsindəki ənənəvi redaktor məqaləsində yazır:
"Hər bir şəhərin öz yaddaşı var. Bu yaddaş həmin şəhərin küçələrində, köhnə və təzə binalarında, onu sevən insanların düşüncəsində və qəlbində yaşayır".
Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.
Müəllif daha sonra yazır: "Şəhər hər şeyi öz yaddaşında saxlayır: ilk məhəbbətimizin tarixçəsi, ilk görüşlərin həyəcanı, dəniz qoxusu verən Bakı bulvarında uşaqlarımızın ayaq səsləri, İçərişəhəri yaratmış ecazkar sənətkarların duyğuları... hamısını sadalamaq mümkündürmü?!
Bu yaddaş dəniz kimidir, oraya şəxsi xatirələrin çayları və bulaqları axıb tökülür. Bu yaddaş artıq dünyasını dəyişmiş bakılıları da, hazırda şəhərimizdə yaşayanları da, hələ bu şəhərdə doğulacaq bəxtəvərləri də birləşdirir.
Bu yaddaş bir kitaba bənzəyir, onun səhifələrini Bakı sakinlərinin hər biri yazır. Yəqin ki, Bakı haqqında hər şeyi söyləmək cəhdi sonsuzluğu əhatə etmək arzusu kimidir. Lakin bəzi detalları açıqlamaq necə də maraqlıdır!
Bakının yaddaşında belə bir xatirə var ki, bu şəhər əsl Şərq gözəli kimi həmişə diqqət, məhəbbət və pərəstiş obyekti olmuşdur, indi də belədir. Bir vaxtlar "Təbəssüm üçün bir milyon" adı almış və hakimiyyət sahiblərinin qəzəbinə səbəb olmuş küçə bəlkə də ən parlaq şəkildə sübut edir ki, hətta sovet dövründə də bu şəhər öz gözəlliyi barədə düşünürdü.
Bu küçəni yaratmış Əliş Ləmbəranski şəxsən mənim nəzərimdə Bakının əfsanəvi meri, müəmmalı bir insan kimi həmişə əsrarəngiz olacaqdır. İri neftayırma zavodunun direktorunda bu qədər incə zövq, memarlıq duyumu və tükənməz enerji haradan idi?! Bu enerji ilk baxışda həll edilə bilməyəcək məsələlərin həllində ona kömək edirdi. Belə suallara yalnız bir cavab tapa bilirəm: insan sevəndə hər şey mümkündür, o cümlədən namümkün olmayan da. Axı məhəbbət elə şeyləri anlamağa, duymağa kömək edir ki, bunları yüz il də oxuyub öyrənmək mümkün deyildir. Əliş Cəmil oğlunun Bakıya vurğun olması isə hamıya məlumdur. Bu insan o qədər güclü hisslərə malik idi ki, həmin hisslər hətta hər hansı emosiyalarını göstərməyə adət etməyən məmurlara da sirayət edirdi...
Bütün dünyada tanınmış art-ekspert və kolleksiyaçı, bu yaxınlarda "Memories of Baku" ("Bakı haqqında xatirələr") adlı çox maraqlı bir kitabı çapdan çıxmış Nikolas İlyin bir dəfə Bakıda olmuş, sonra dəfələrlə oraya qayıtmışdır. Onun başına gələn əhvalat əslində Bakının qonağı olan hər bir insanın başına gəlməlidir: o, aşiq olmuşdu. Onun kitabı da mənim fikrimcə, çox gözəl bir sevgi etirafıdır".
Qaynar.info