Oturub ölçüb-biçirik. Sözü sözə calayırıq. Ağıllı cümlələr qururuq. Bir az da ziyalı görünək deyə içinə eninə-boluna fəlsəfə qatmağa çalışırıq. Müğənnilər toy tutmağa çalışan kimi biz də oxucu tutmağa çalışırıq.
Az qala əli qələmə çatan bütün həmkarlarımız siyasətdən vurub, iqtisadiyyatdan, cəmiyyətdən başlayıb mədəniyyətə qədər çək-çevir edirik. Nə yazaq ki, daha çox oxunsun? Necə yazaq ki, fərqli, müasir görünək? Necə edək ki, məsələn, Seymur Baycanın oxucusu bizim də oxucumuz olsun? Hamının oxuduğunu yazmaq istəyirik. Amma niyə? Niyə hamı bizi oxumalıdır, yaxud biz hamının yazarı olmalıyıq? Bizim öz oxucu kütləmiz ola bilməzmi? Biz öz oxucu çevrəmizi niyə cəlb etməyə, formalaşdırmağa çalışmırıq? Məsələn, niyə mən bir evdar qadının yazarı olmayım? Yaxud niyə mənim oxucum sırf qadınlar olmasın? Niyə qadına aid, məişət problemləri, kiçik, sadə etik normalardan bəhs edən yazılar yazmayım? Siyasətdən, cəmiyyətdən, daha böyük, daha qlobal mövzulardan bizdən də ağıllı adamlar yazırlarsa, onların minlərlə oxucu kütləsi varsa, nə məcburdur ki, mən də məhz o kütləyə xitab edim?
Çox düşündüm. Əslində bunun bir problem olduğunun fərqinə vardım. Bu boşluğu hiss edirəm. Əgər ən sadə mövzulardan bəhs edən 3-4 cümləlik statusa yüzlərlə münasibət toplamaq mümkündürsə, deməli, bu sahədə aclıq var.
Başqalarının oxucusunu qazanmağa çalışmayaq, öz oxucumuzu cəlb edək.