Sənin cəmiyyətin sağlam deyil deyə, adi, elementar yazını belə sağlam şəkildə həzm edə bilmir. Mövzusundan asılı olmayaraq bütün deyilənlərə, yazılanlara həqarətlə baxır. Obyektiv yanaşma atlıdır, cəmiyyət piyada.
Oxucu yazara nədən yaz deyə hökm verir. Oxucu özünü oxucu yerində görmür, özünü baş redaktor yerinə qoyur və yazara yazmaq üçün mövzu verir, daha doğrusu, göstəriş verir.
“Seksdən yazmayın, intim mövzulara toxunmayın, insan instinktləri gizli qalmalıdır, bunun mədəniyyəti olmaz!” deyirsiz. Yazmaq üçün Qarabağ problemindən tutmuş, xalq, millət olaraq əzab çəkdiyimiz mövzuları sadalayıb, bundan yazmaq lazımdır deyirsiz. Ciddi ədəbiyyat, mədəniyyət yazıları lazımdır deyirsiz. Əslində onlar da yazılır və əslində eninə-boluna yazılır. Bəs oxunurmu? Az oxunur. Kiçik bir məmləkətdə nə qədər ciddi və ciddi sənətsevər ola bilər ki. Oxumadığınız yazıları yazın deyirsiz. Bax, sizin cəmiyyətinizdə səmimiyyət çatışmır! Bu məqamda belə səmimi deyilsiz.
Mətbuatda izlədiyim son yazışmalarda, daha doğrusu, mövzuya münasibət cəbhələrində hər iki tərəf qüsurludur. Subyektivdir. Birinci tərəf – seksdən, bakirəlikdən və s. və s. yazanlar hədəfə aldığı kütləyə yuxarıdan aşağı baxır, həqarətlə yazır, onun hisslərinə, münasibətinə hörmətsizlik edir. Alçaldır. Qışqırır. Özündə yoxdur deyə qarşısındakını qınayır. Digər tərəf isə bu mövzuya toxunmaq olmaz deyərək yazarı qınayır, kiçildir. Cəmiyyətin ağrıyan nöqtəsinə barmaq eləmə deyir.
Əslində mövzu, mövzuya obyektiv yanaşma qalır arxa planda. Pis dediyin şeyi izah etməlisən, niyəsini deməlisən və bunu olduca mədəni formada etməlisən. Çünki, yazının əvvəlinə qayıdıram, sənin cəmiyyətin sağlam (!) deyil. Sözü olduğu kimi qavramır. Demək istədiyin qalır bir tərəfdə, bir sözün ucundan tutub ucuzluğuna yuvarlanır. Və sən elə bir cəmiyyətdə yaşayırsan ki, xəstə təbəqə səni sözünə görə öldürə bilər (sözün həqiqi mənasında).
Ümumiyyətlə, bizim ölkədə fikir mübadiləsinə gedən, müzakirə və mübahisə etməyi bacaran adamlar qıtdır. Kiminləsə rahat fikir bölüşmək, danışmaq nadir hallarda baş verir. Qarşı tərəfi dinləmək mədəniyyətindənsə söhbət gedə bilməz.
Geniş mövzudur. Bu sürət əsrində bu uzunluqda yazını yazmağa mənim, oxumağa oxucumun vaxtı yoxdu. Odur ki, bu mövzuda görüşərik...