
Tanınmış vəkil Aslan İsmayılova sosial şəbəkədə universitet tələbələri müraciət edib.
Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu barədə vəkil özü məlumat verib. Müraciətdə bildirilir ki, təhsil ocaqlarında kitabxanaların axşam saatlarında bağlanması işləyən tələbələrə dərs oxumaq üçün əngəl yaradır. Müraciətdə deyilir:
"Bu müraciəti sizə Tibb Universitetini bitirən Türkiyədə uzmanlıq üzrə təhsil ala bilmək üçün TUS imtahanına hazırlaşan 500-600 nəfərin adından yazırıq. Bizlər gündə 9-10 saat oxuyan bir kütləyik. Əksəriyyətimiz işləyirik. İşdən çıxıb gəlib axşam saat 10-11 kimi oxuyuruq. TUS imtahanı dünyanın ikinci çətin imtahanı seçilib. Maraqlansanız, özünüz də şahidi olacaqsınız. Çətin bir yola qədəm qoymuşuq, xalqımız üçün. Oxuyub, savadlı həkim olub, qayıdıb bu millətə xidmət eləmək məqsədinə. Bizlər gələcəyin ziyalı təbəqəsini yaratmağa çalışan, getdikcə sayı azalan toplumuq. Tək istəyimiz isə Bakıda axşam saat 10:00-11:00 kimi işləyən bir kitabxananın olmasıdır. Bu ilin fevral ayından AMEA-nın oxu zalında şərait yaradılmışdı. Gedib təmənnasız oxuyurduq. Ancaq təəssüf ki, bu şərait də rəsmi yaradılmamışdı. Xahiş minnətlə icazə verilmişdi ki,oranın oxu zalından istifadə edək. İndi isə saat 17:00-dan sonra bağlamağa qərar veriblər. Səbəb - ayrılan maddi vəsaitin bizə görə ikinci növbə işləyən kitabxananın kommunal xərclərini ödəyə bilməməsidir. AMEA-nın kitabxanasının rəhbərliyi bunu deyir. Bu boyda Bakıda bir kitabxana tapa bilmirik ki, gedib axşam 10-11 kimi oxuyaq. Bu gün rəhbərliyin qəbulunda olduq. Dedilər, gedin yuxarı instansiyalara müraciət edin. Rəsmi icazə ala bilsəniz, gəlin oxuyun. Bu mövzunu ictimailəşdirməklə bizə kömək etməyinizi istəyirik. Niyə Türkiyənin kitabxanaları 24 saat fəaliyyət göstərir, bizim kitabxanalar yox!? Axundov kitabxanasına yazılı, şifahi müraciət etdik. Sözləri bu oldu ki, uzatmırıq vaxtı, yaxşı eləyirik".

Xarici ölkələrdə universitetlərdə kitabxanalar 24 saat işlədiyi bir vaxtda nə üçün kitabxanalarımız saat 17:00-dək işləyir? Məsələ ilə bağlı müraciətdə adı çəkilən Azərbaycan Tibb Universiteti ilə əlaqə saxladıq. ATU-nun rektorunun müşaviri Zülfüqar Musabəyov Qaynarinfo.Az-a bildirdi ki, yeni tədris ilinin başlandığı tarixdən,yəni 15 sentyabrdan etibarən kitabxana axşam saat 22:00 qədər fəaliyyət göstərir:

"Universitetin kitabxanası səhər saatlarından axşam saat 22:00 kimi tələbələrin xidmətində olur. Axşam saatlarında tələbələrin sayı çox az olur. Buna görə, universitet 1-2 tələbəyə görə, 24 saat işləməli deyil. Universitetlərdə dərslər tez bitdiyindən kifayət qədər zaman var ki, kitabxanadan istifadə edilsin".
ATU-nun kitabxanasının direktoru Ziyafət Eminova Qaynarinfo.Az-a bildirdi ki, universitetin 1 kitabxanası var və bu kitabxananın 3 oxu zalı fəaliyyət göstərir:
"Axşam saat 22-yə qədər kitabxana işləyir. Tələbələrin sayı bəzən 20, bəzən də 50-yə çatır. Bu hava ilə əlaqədardır. Hava soyuq olanda kitabxana istifadəçilərinin sayında da azalma olur".

Mirzə Fətəli Axundov adına Milli Kitabxanasının şöbə müdiri Ədibə İsmayılova Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, Sovet dövründən etibarən kitabxana 24 saat fəaliyyət göstərməyib:

"Kitabxana hər gün səhər saat 10:00-dan 20:00-dək işləyir. İstirahət günü bazar ertəsidir. Yay mövsümü ilə əlaqədar olaraq iyul-avqust aylarında kitabxana 1 növbəli iş rejimi ilə işləyir. Həftənin I, III, V günləri səhər saat 9:30-dan 17:00-dək, II, IV, VI günləri saat 12:30-dan 20:00-dək işləyir. Ümumiyyətlə, Sovet dövründə də bu iş qrafiki bu cür idi. ATU-nun tələbələrinə gəlincə, onlar indiyənədək milli kitab fondundan istifadə etməyiblər. ATU-nun tələbələri ayaq üstdə əllərindəki test jurnalları ilə bir-birilə müzakirə edirlər. Biz buna da şərait yaradırıq. Əgər müraciətləri varsa, buyursunlar, biz araşdırarıq və lazımi tədbirlər görərik".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə deyib ki, universitetlərdə kitabxanaların iş qrafiki həmin universitetlər tərəfindən müəyyən edilir və bu məsələ nazirliyin səlahiyyətində deyil.
Hər halda dünya praktikasında 24 saat fəaliyyət göstərən kitabxanalar varsa, təhsilimizin inkişafı üçün belə kitabxanaların bizdə də olması labüddür. Kitabxana istifadəçilərinin sayının az olmasına gəlincə, 24 saat işləyən kitabxanaların olması, elə oxuyucuların sayının artmasına və kitabxanalara maraq artıracaq.
Pərvin Zeynal
Qaynarinfo.Az