Gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasının "Пищевые Ингредиенты” adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.
"Yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.
Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb.
Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir.
AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir", - məlumatda bildirilib.
Qeyd edilib ki, AQTA palma yağları, palma yağı tərkibli bitki yağları və digər məhsullar üzrə nəzarət və monitorinq tədbirlərini davamlı olaraq, risk əsaslı yanaşma prinsipi çərçivəsində həyata keçirir. Aparılan yoxlamaların nəticələri barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır.
Palma yağları ölkə ərazisinə idxal yolu ilə daxil olduğundan, bu mərhələdə tətbiq olunan gücləndirilmiş nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülür və akkreditasiya olunmuş laboratoriyalarda geniş spektrli müayinələrə cəlb olunur.
Şərhlər