Xəbər lenti

“Papanin” və “Xutor”dakı böyük söküntü metrostansiyanın açılışını gözləyir
Ölkə05:30 19.12.2019

“Papanin” və “Xutor”dakı böyük söküntü metrostansiyanın açılışını gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı  Nəsib Məhəməliyevin dövründə "Papanin”, "Xutor” adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. O zamankı başçı bildirmişdi ki, metro tikintisilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.
Ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə bağlı diqqət mərkəzindədir. Çünki "Bakı Metropoliteni” QSC "Papanin” adlanan ərazidə şərti adı B-3 olan stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.
Bəs yeni açılacaq stansiyanın ətrafındakı "gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:
"Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. "Papanin”, "Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir. Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.
Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.