Fransa hakimiyyəti hələ də Ukraynaya quru qoşunlarının göndərilməsi imkanını istisna etmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Benjamin Həddad "Berliner Zeitung” qəzetinə müsahibəsində
bildirib.
O, həmçinin Rusiya ərazisinə hücumlar üçün Kiyevə uzaqmənzilli raketlərin verilməsinin tərəfdarı olduğunu bildirib.
"Prezident Makron bildirib ki, biz heç nəyi istisna etməməliyik və bu, belə də olaraq qalır. Xüsusilə, biz təlim missiyaları keçirməyi düşünməliyik. Bunlar bizim müttəfiqlərimizlə aparmalı olduğumuz müzakirələrdir”, - deyə Həddad bildirib.
Xatırladaq ki, 2024-cü ilin fevral ayının sonunda Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi ehtimalını açıqlayıb. Lakin sonradan o, "bir şeyi istisna etməmək onu etmək demək deyil” deyə aydınlaşdırıb. May ayında Fransa prezidenti qoşunların mümkün göndərilməsi ilə bağlı sözlərindən geri çəkilmədiyini bildirib. Lakin onun fikrincə, bunun baş verməsi üçün ilk növbədə cəbhə dağılmalı, həm də Ukrayna tərəfdən qoşunların yerləşdirilməsi ilə bağlı müraciət olmalıdır.
Nizami Bağırov
Şərhlər