
Yay istirahət mövsümü hesab olunur. Gərgin iş mövsümünün ardından insanlar müxtəlif məkanlara üz tutaraq istirahətlərini ən yaxşı formada keçirməyə çalışırlar.
Təbii ki, bu mövsümdə xaricə və ölkədaxili istirahət ocaqlarına üz tutan insanlar arasında bütün təbəqələrin nümayəndələri kimi siyasətçilər - partiya sədirləri də olacaq.
"Qaynarinfo.Az" partiya sədrlərinin isti yay mövsümündə harada istirahət edəcəkləri ilə bağlı sorğu keçirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı: "Yay mövsümündə istirahət etmək kimi bir ənənəm yoxdur. Sadəcə boş vaxtım olanda Zaqatalaya gedirəm".

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Bu yayı yalnız işdə olacam. Heç bir yerdə istirahət etmək fikrim yoxdu. Ofisdə öz işlərimlə məşğul olacam".

Müasir Müsavat Partiyasının Sədri Hafiz Hacıyev isə bildirib ki, istirahət etmək üçün imkanım yoxdur: "Mən küçədə qalan insanam. Çox çətin vəziyyətdə yaşayıram. Hardasa istirahət etmək, yol pulu tapıb harasa getmək, bizim üçün məqbul deyil. İmkanımız olmadığına görə, heç bir yerə gedəsi deyilik. Güclə özümüzü dolandıran insanlarıq, çətinlik çəkirik. Çətinlik çəkən insanlar da istirahət deyil, gündəlik uşağının çörək pulunu fikirləşir".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: "Öz kəndlərimizdə istirahət edəcəm. Azərbaycanın dilbər güşələri olan Zaqatala, Yardımlı, Balakən, Şamaxı, Quba və başqa rayonlara yolum düşsə, orda da bir iki günlük istirahət edəcəm. Bu yayı ölkə daxilində olacam".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: "İstirahəti avqust ayında planlaşdırırıq. Bir hissəsini Bakı ətrafında, digər hissəsini isə dağlıq rayonlarımızda, kəndlərdə keçirmək fikrindəyəm".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az