
“Müsavat partiyası kiminsə blok və ya hər hansı ictimai təşkilat yaratmasına görə yox, üzvün Müsavat partiyasına olan münasibətinə və ümumi siyasi davranışlarına görə onun partiyalılığına qiymət verir”.
Bunu Qaynar.info-ya Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib.
Onun sözlərinə görə, hər bir partiya üzvü partiyanın qərarlarının həyata keçməsinə çalışmağa borcludur və bunu bir nizamnamə öhdəliyi olaraq üzv olduğu zaman üzrəinə götürüb: “Əgər seçki kimi strateji məsələ də üzv partiyanın ümumi xəttinə qarşı çıxırsa siyasi etikaya görə ilk növbədə özü istefa ərizəsini yazmalıdır. Partiyaya qarşı fəaliyyət sistemləşirsə, partiyanın müvafiq strukturları bunu görməzdən gələ bilməz, nizamnamənin tələbləri nəyi ehtiva edirsə onu da tətbiq etməyə borcludur”.
Başqa müavini deyir ki, Müsavat partiyası parlament seçkilərində yalnız partiyanın rəsmi irəli sürdüyü namizədləri, əməkdaşlıq etdiyi təşkilatların namizədlərini və xüsusi hallarda demokratik düşərgənin böyük nüfuzu olan hansısa namizədini dəstəkləyə bilər: “Müsavat Partiyası namizədliyini özü irəli sürmədiyi hər hansı üzvünün, xüsusilə də o namizədliyini partiyanın rəsmi namizədinə qarşı, partiyanın qərarına qarşı çıxaraq veribsə, dəstəkləməyəcək”.
Qeyd edək ki, Müsavat partiyasının başqanlığa keçmiş namizəd Tural Abbaslı “Ağ blok” adlı seçki bloku təsis edib. O mətbuata verdiyi müsahibədə cəmiyyətin ənənəvi müxalifətə inamı olmadığını bildirib: “Seçkidən sonra da blokun fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı mərhələdə baş tutacaq. Blok qarşısına qoyduğu məqsədlərə çata biləcəksə, onun formatı dəyişəcəyik. Ümid edirəm ki, fəaliyyətimiz uğurlu olacaq”.
Qaynar.info