"Bu məlumatlar Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə ötürülən foto, video görüntülər və yaxud konkret kəşfiyyat məlumatları ola bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son günlər baş verən atəşkəsin pozulmasından sonra Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycandan diplomatik kanallar vasitəsilə məlumat aldığı barədə bəyanatını şərh edərkən deyib:
Həmsöhbətimizin fikrincə, həmin məlumatlar da Ermənistan tərəfindən qəsdən atəşkəsin pozulması ilə əlaqəlidir ki, onun da araşdırılmasına ehtiyac görülür:
"Paşinyan da diplomatik kanallar vasitəsilə alınan məlumatlar deyəndə məhz bunu deyir. Ancaq onun ifadəsi yerində olan ifadə deyil. "Araşdırmağa hazırıq” deyil məsələ, araşdırılmalıdır. Çünki bu ilk növbədə Azərbaycandan daha çox, Paşinyan hökumətinin özünə təhlükəsizlik nöqteyi-nəzərdən lazımdır”.
Politoloq qeyd edir ki, Ermənistan ordusu və yaxud siyasi rəhbərlik tərəfindən atəşkəsin pozulması ilə bağlı göstəriş verilməyibsə və atəşkəs pozuntusu rəhbərlikdən kənarda baş verə bilirsə, deməli, ortada ciddi problemlər var:
"Konkret üçüncü tərəflərin müdaxilə, sifariş və təxribatları var. Erməni ordusu kənardan idarəolunan vəziyyətdədirsə, bu artıq Ermənistan siyasi hakimiyyəti üçün böyük faciədir. Kənar qüvvələr Azərbaycana qarşı atəş açılmasına əmr verə bilirsə, növbəti dəfə həmin qüvvələrdən Nikol Paşinyana qarşı da istifadə edilə bilər. Ona görə də "hazırıq” demək azdır, bu, bilavasitə Paşinyanın boynunun borcudur ki, müdafiə nazirindən ciddi hesabatlar tələb etsin.
Azərbaycan ermənilərin bu təxribatına uymayıb. Deməli, Azərbaycanda hansısa üçüncü tərəfin prosesə zaman-zaman müdaxilə edə və təxribat törədə bildikləri barədə kəşfiyyat məlumatları var. Bu istər Fransa, Rusiya və ya İran tərəfindən olsun, fərq etməz. Əsas məsələ odur ki, hələ də Ermənistan ordusuna kənardan təsir imkanları mövcuddur”.
Ekspert bildirir ki, araşdırmanın aparılması ilə bərabər, həm də İrəvan bilavasitə erməni əsgərlərinə təxribat əmrlərini verən zabitləri tapmalı və onları cəzalandırmalıdır:
"Çünki bu, dövlətə, hakimiyyətə xəyanətdir. Bu ünsürlər erməni ordusundan təmizlənməsə, təxribatlar mütəmadi davam edəcək. Düşünürəm ki, Azərbaycandan belə məlumatlar göndərilibsə, bu çox ciddi qaynaq, mənbə və konkret faktlara söykənir”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında hazırda ölkəsinin Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırdığını bildirib.
"Biz Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarını araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq", - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 16-20-si arası Ermənistan tərəfi sərhəddə atəşkəsi dəfələrlə pozub.
Rüfət Sultan
Şərhlər