
Azərbaycan Bu gündən etibarən Qurban bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Yanında Dövlət Baytarlıq xidməti satışa çıxarılan heyvanların sağlamlığının yoxlanması üçün reydlərə başlayıb.
3 gün ərzində paytaxta bölgələrdən gətirilən və qurbanlıq heyvanlar xidmətin baytarları tərəfindən yoxlanılır. Həm daimi, həm də səyyar laboratoriyalarda mal-qaradan götürülən nümunələr analiz edilir.
Bakı şəhər Baytarlıq İdarəsinin mərkəzi laboratoriya müdiri Aybəniz Həsənova: “Səyyar laboratoriyada əsasən qarayara xəstəliyini yoxlayırıq, çünki 15 dəqiqə ərzində onu bilmək olur. Digər xəstəliklər üçün isə daimi laboratoriyalarımıza bruselyoz və s. xəstəlikləri üçün nümunələri göndərərik. Satışa çıxarılan heyvanlar öncə rayonların baytarlıq şöbələrindən yoxlamadan keçməlidir. Əgər sağlamdırsa, ona forma 1 adlı arayış verilir. Amma buna rəğmən yenidən paytaxtda təşkil edilən satış məntəqələrində yenidən yoxlanılıb arayışın doğruluğunu təsdiqlənməlidir.
Baytar Əli Bayramov: “Hamısının arayışı var, yaşına baxırıq, heyvanın qurbanlıq üçün yararlı olub-olmamasına baxırıq”.
Ağcabədi, Beyləqan, Bərdə və Gürcüstandan gələn 80 baş qurbanlıq heyvanların Sulutəpə qəsəbəsi yaxınlığındakı satış məntəqəsində baytarlıq xidməti apardığı reyd zamanı xəstə heyvan aşkarlamadı.
Qurban kəsmək istəyən sağlamlığına əmin olduqları heyvanları 130 manatdan 150 manata qədər ala bilərlər. Satıcılar bu gün alıcıların hələki az olduğunu da bildirdilər.
Qurbanlıq heyvanların satılması üçün şəhərin 23 fərqli məkanında satış məntəqələri təşkil olunub və bayram bitənə qədər baytarlıq xidmətinin reydləri davam edəcək. (ans press)