Xəbər lenti

Pendir-çörəyə görə yas mərasimini dağıtmaq istəyirlər - YENILƏNİB
Ölkə08:20 06.09.2014

Pendir-çörəyə görə yas mərasimini dağıtmaq istəyirlər - YENILƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat başqanının müavini Gülağa Aslanlı da Şəmkirdəki yas mərasimində iştirak ediblər. 

Gülağa Aslanlı Qaynar.info-ya açıqlamasında bildirib ki, yas mərasiminə polis və bələdiyyə tərəfindən müdaxilə edilib: "Biz ora gedənə qədər polis əməkdaşları və bələdiyyə sədri hüzür məclisinə gələrək yemək verilməsinin qadağan olunduğunu deyib. Hətta çörəyi belə süfrədən yığışdırıblar. Əslində, uzaqdan gələn qonaqlara pendir-çörək veriblər, başqa yeməklər olmayıb. Onlar da buna qarşı çıxıb, müdaxilə etməyə çalışıblar. Biz Aynur Elgünəşlə də görüşdük. O, həmin ərəfədə polisə və bələdiyyə sədrinə xatırladıb ki, yas mərasimlərində yeməyin verilməsi qadağan olunmayıb, sadəcə, tövsiyyə edilib. Ancaq heç bir məhəl qoymayıblar. Bizə isə heç bir müdaxilə olmadı, yəni yasda iştirakımıza müdaxilə edilmədi. Hazırda Bakıya qayıdırıq, yoldayıq". 

___________

12:20

"Şəmkir rayonunda pendir-çörəyə görə yas mərasimini dağıtmaq istəyirlər"

Qaynar.info xəbər verir ki, bu barədə jurnalist Aynur Elgünəş Bizimyol.info saytına məlumat verib. 

Onun bildirdiyinə görə, Şəmkir rayon Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimlərinin birində insident yaşanıb. Belə ki, yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyir. "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlının açıqlamasını xatırladıram. 

O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verilməməlidir. Amma deməyib ki, pendir, çörəyi də yığışdırmaq lazımdır. O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verməmək tövsiyyə xarakterlidir. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək".

Qaynar.info