Xəbər lenti

Pərviz Həşimlinin evinə qara maskalı şəxs girmək istəyib
Ölkə15:55 25.12.2013

Pərviz Həşimlinin evinə qara maskalı şəxs girmək istəyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalistin xanımı bununla bağlı polisə müraciət edib və izahat yazıb 
Dekabrın 25-də jurnalist Pərviz Həşimlinin evinə qara maskalı şəxs gəlib. O, qapını açmağa cəhd etsə də, məhbus jurnalistin həyat yoldaşı qapını bağlayıb. 
Bu barədə məlumatı “Bizim yol” qəzetinin redaktor müavini Elçin Rüstəmli sosial şəbəkədəki profilində paylaşıb. “Bir az əvvəl qara maskalı bir şəxs Pərviz Həşimlinin ailəsinin yaşadığı mənzilin qapısını döyüb. Həyat yoldaşı gözlükdən baxarkən qapını döyən şəxsin maskada olduğunu görüb. Ailə üzvləri qorxu içindədirlər”, - deyə o, bildirib.
P.Həşimlinin həyat yoldaşı İlahə Həşimova isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hadisə günorta 16 radələrində baş verib: “Kimsə qapını döymədən dəstəyə əl atıb burdu. Dedim görüm kimdir qapını döymədən gələn. Qapının gözlüyündən baxanda bir nəfər qara maskalı şəxsin olduğunu gördüm, qorxdum. Qapı bağlı idi, digər qıfılı da bağladım. Elə bildim ki, arxası da gəlir, adam tək deyil. Cəld evə keçib telefonu götürdüm, polisə, Elçin Rüstəmliyə və vəkilimiz Bəhruz bəyə zəng vurdum. Sonra təkrar qayıdıb baxanda qapıda heç kim yox idi, amma yenə qapını açmadım”. O, bildirib ki, artıq 102 xidmətinə etdiyi zəngdən sonra polis gələrək onun izahatını alıb.
Qeyd edək ki, jurnalist və hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları (MTN) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Bu ittiham 3 ildən 8 ilədək həbs nəzərdə tutur. Barəsində Səbayel rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini vicdan məhbusu kimi tanıyıb.
Qaynar.info