
ZAHİD ORUC
Türkiyədə erməni mənşəli yazıçının mühakimə olunması sosial media və antitürk dairələrinin növbəti əkshücumunun predmetinə çevriləcək. İstanbul Məhkəməsi 58 həftə müddətinə azadlıqdan məhrum etdiyi Sevan Nişanyanı öz bloqunda Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün bu cəzaya məhkum edib. Dini dəyərlərin aşağılanması və inanclı insanların hisslərinə hörmətsizlik edilməsi səbəbindən açılan dava Türkiyə qanunvericiliyinə tamamilə uyğundur. Baxmayaraq ki, Nişanyan bəyan edir ki, qərar Avropa İnsan haqları Məhkəməsinin yurisdiksiyasına və tövsiyyələrinə meydan oxumaqdır. O bunu hökumət tərəfindən idarə olunan “siyasət” adlandırıb.
Nişanyanın bir islam ölkəsində demokratik azadlıqlardan bəhrələnməsi və daha sərt ifadələrlə dinə baxışını sərgiləməsinin tərəfdarları Türkiyəni suçlandırmaq üçün informasiya məkanında əsl hücum vəziyyəti alıblar. Bu da başa düşüləndir. Onlara görə Zərdüştliyə qarşı, yaxud özgə dini inamlar əleyhinə belə addımlar hüquq orqanlarının kəskin davranışına səbəb olmazdı. Hazırki hökumətin baxışlar sisteminə diqqət çəkənlər üçün pis fürsət deyil. Həmçinin, müsəlmanları yadfikirliliyə dözümsüzlükdə qınamağa görə yaxşı meydan yaranıb. Lakin əsas məsələ təkcə bunlar deyil, eyni zamanda xristian aləminin üstünlüyü və dini azadlıqlarının genişliyini nümayiş etdirmək üçün əsl informasiya savaşı gedir.
Nişanyan yazıb: "ərəb lideri yüzillər öncə Allahla danışdığını iddia edərək siyasi- maddi qazancını güdüb və bunu söyləmək düşmənçilik deyil”. Əsl erməni mövqeyidir. Yəni hamını təmənnada ittiham etməklə böyük idealları və dünyəvi baxışları, ilahi duyğuları və həyatın mükəmməl mənzərəsini Nişanyan kimilərin nəzərində şəxsi maraqların kontekstində izah etməkdən yaxşı nə ola bilər? Dini qarşıdurma ideologiyasını aparan və yüzillərdi ki, İslamın timsalında düşmən görənlərin ən mühüm arqumentlərindən biri bu olub ki, Peyğəmbər ümmətləri həyat nemətlərinə biganə deyil və hər cür müqəddəsə inamın arxasında başqalarının istismarı dayanır. Vaxtilə Napoleon kütlələri əsarətdə saxlamaq üçün dinin yaxşı silah olduğunu söyləmişdi.
Lakin sual olunur, ateistlər məgər sufi ömrü yaşayır və hər cür naz-nemətə, firavanlıq və materilast həyat tərzinə qarşıdılar? Bu halda istelakçı cəmiyyətin üzvlərini hansı kastaya aid edəcəyinizi bir düşünün. Belə deyilsə, keçmiş kommunistlər və Allahsızlar Cəmiyyətinin üzvləri olan yüz minlərlə insan niyə müqəddəs yerlərin ziyarətinə gedir, dini libas geyərək Tanrıya günah əllərini açırlar? Yaxud, həyatda ən ülvi görünən ideyaların şəxsi zənginləşməyə səbəb olduğunu azmı görmüsünüz? Elə isə kim zəmanət verir ki, bütün dinlərin qadağan olunması avtomatik olaraq bəşər insanını haqqa və ədalətə,məzlum və imkansızların hüquqlarına hörmətə gətirəcək? Belə bir qüvvə varmı ki, özünün hakimiyyət fəlsəfəsi, siyasi sistemi və demokratiyasının gücü ilə gücsüzün hamisinə çevrilsin və yer üzünün “cənnəti”ni təmin etsin? Yoxdur belə səlahiyyət və fövqəl qabiliyyət sahibləri.
Bəli, bu həqiqətdir ki, illərlə xristianlar təhqir filmlərinə və dini hücumlara daha soyuqqanlı və rasional reaksiya göstərməyin modelini tapıblar. Onların hiddətlə meydanlara çıxan etirazçıları kimisə dörd yerə parçalamır. Lakin hədsiz radikalizmi də müsəlmanların naturası və təliminin təbiəti hesab etmək böyük səhv olardı. Hər ayəsində insanlığı ən əli dəyərlərə qovuşdurmağa çalışan bir mükəmməl sistemin fərqli əhval-ruhiyyədə təmsilçiləri ola bilər. Digər tərəfdən “Müsəlmanların məsumluğu” növbəti dəfə sübut etdi ki, ekstremizmi körükləyən, İslamın obrazını və ona tapınanların qaniçən-qəddar simasını göstərmək üçün bəlli siyasi mərkəzlər “ölüm nöqtələri”nə toxunmağı yaxşı bacarırlar. Belədə dövlətlərin siyasi demokratik quruluşu ilə yaxşı uyğunlaşmaya və uzlaşmaya nail olmuş Qərb dini cəmiyyətləri müsəlmanlaın hakimiyyət və cihad iddialarını dünya üçün əsl təhlükə mənbəyi kimi göstərə bilirlər. Ona görə Türkiyə üzərinə təzyiqləri artırmaq üçün nişanyanlar tapılır və belə ermənilərdən Peyğəmbərini qoruyan bir ölkə həqiqi azadlıqların düşməni kimi təqdim olunur.
Sadə insanları isə bir sual düşündürür: əgər Quran həqiqətən Allahın kəlamı deyilsə, onda bu bəndələr niyə allahlıq iddiasındadırlar? Axı tək bir qüvvənin mövcudluğunu deyən və insana mərhəmətini aşılayan Allahın inkarçıları özləri qəddar bir Allah olmaq istəyindədirlər. Tanrı olmaq pisdirsə, niyə ona bənzəməyə çalışırsınız? Əgər onun elçiləri yalançı olublarsa, belə şəxsiyyətlərlə də 15 əsr döyüşərlər? Bəs hanı qələbəniz?
Qraf Monte Kristo belə inamsızlara üzünü tutaraq deyirdi: "Əsas o deyil ki, sizin Tanrıya məhəbbətiniz yoxdur? Əsas odur ki, Allah sizi sevir”!