Bir çox valideynlərin tərərdüddə qaldığı məsələ peyvənddir.
Peyvənd uşaqları bir neçə infeksion xəstəlilərdən qoruyur. Lakin cəmiyyətdə peyvəndə inam birmənalı deyil. Bu gün peyvəndlə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev bildirdi ki, dövlət müəssisələrində istifadə olunan peyvəndlərin keyfiyyətsiz olması ilə bağlı iradlar daxil olur, lakin istifadə olunan peyvəndlər ciddi nəzarət olunur:
"Əksəriyyət Hindistandan gətirilən peyvəndlərin pis olduğunu deyir. Düzdür, bəzən aralarında pisləri olsa da, Hindistanın yaxşı peyvənd istehsalçıları var".
Valideynlərin əksəriyyəti isə iddia edir ki, peyvənd olunan uşaqlarda bəzən əks reaksiya olur. Nəticədə uşaqlarda ciddi problemlər üzə çıxır.
Qaynarinfo.Az-ın sorğusunda iştirak edən valideynlərin fikirləri belə oldu:
Elçin Həsənli: "Deyilənə görə, peyvəndlər Pakistandan sifariş verilir. 2-3 manata və ya daha ucuz qiymətə başa gələn peyvəndlərdir. Mən bir dəfə icazə verdim, sonra dayandırdım. Uşağın bir həftə nə yatmağı vardı, nə də gülməyi. Bu normaldır, amma iki-üç gün. Bizim uşağa çox pis reaksiya verdi. İmkanım olsa, orijinal peyvənd alacam. Pakistan malını uşağıma vurmaq istəmirəm".
Ceyhun Həziyev: "Mən ilk dəfə qızıma peyvənd vurdurmuşam. Ondan sonra nə qıza, nə də oğlanlara peyvənd vurdurmuram. Düzdür, peyvənd yaxşı şeydir, amma peyvənd olarsa. Bilinmir ki, uşağa vurulan nədir. Tanış həkim var, deyir öz xəstəxanamıza gələn peyvəndin haradan gəldiyini, tərkibinin nə olduğunu bəlirləyən bir sənəd bizə vermədilər".
Ülkər Abdullayeva: "Mən xeyli vaxtdır ki, peyvənddən imtina eləmişəm. Çünki son vaxtlar fəsadları haqqında daha çox eşidirəm, nəinki faydası. Mən ümumiyyətlə Azərbaycan səhiyyəsinə inanmıram və güvənmirəm. İnanmıram ki, Səhiyyə Nazirliyinin müvafiq instansiyalarında çalışan insanlar uşaqlarımızın sağlamlığına vicdanla yanaşaraq peyvəndlərin keyfiyyətinə ciddi nəzarət edirlər. Bir dəfə sahə həkimindən soruşmuşdum ki, o, öz uşaqlarını peyvənd etdirirmi? Dedi ki, yox. Və səbəbini də qısaca belə izah elədi ki, "Allah bilir onlar haradan, hansı yollarla və necə gəlib çıxır bizim ölkəyə, nə dərəcədə etibarlıdır. Sadəcə bizdən tələb edirlər ki, uşaqlara vurun və qeydiyyatını aparın". Onda fikirləşdim ki, əgər həkim öz uşaqlarına bunu etibar edib vurdurmursa və başqalarının uşaqlarına da onu məhz statistika xatirinə təyin edirsə, mən niyə vurdururam ki? Normalda peyvəndlər xəstəliklərə qarşı immunitet yaratmağa xidmət edir, bu yaxşıdır. Amma bizim ölkədə səhiyyə son dərəcə məsuliyyətsiz və vicdansız adamların əlində olduğu üçün, uşaqlarımın həyatını riskə atmaq istəmirəm".

Nurlan Dadaşov: "Həssas məsələdir, konkret söz demək olmur..Lap zəruri peyvəndləri mən də uşağa vurdurmuşam, qalan hamısını rədd etmişəm".
İlqar Həsənli: "Biz uşağa peyvənd vurdurmuşuq. Bir problem yaşamamışıq".
Fatimə Məcidova: "Mən iki dəfə özəldə vurdurmuşam, bir dəfə isə dövlət poliklinikasında. Özəldə vurdurduğum peyvənddən sonra heç bir mənfi reaksiya olmadı. Uşağa heç elə bil iynə vurmamışdılar. Amma dövlət poliklinikasında vurulandan sonra bir neçə gün ayağı axsadı, qızdırması qalxdı. Düzdür, qiymətlər arasındakı fərq yerlə göy qədərdir,amma imkan varsa əgər məncə xarici pəyvəndi vurdurmaq daha yaxşı olardı".
Xəyal Şükürov: "Əslində mən də gəzən söz-söhbətləri eşitdiyim üçün uşaqlara peyvən vurdurmaqdan imtina etmək istəyirdim. İstəyirdim ki, bahalı peyvənd alıb vurdurum. Sonra başqa bir həkimdən eşitdim ki, hamısı eyni şeydir. Sadəcə birini havayı vururlar, o birini cibindən pul verirsə. Uşaqların hər ikisinə də vurdurmuşam, bir fəsad görsənməyib. Sadəcə peyvəndi uşağa vurdurmamışdan öncə uşağın durumunu və səhhətini nəzərə almaq lazımdır".
Sorğunun nəticəsi olaraq bir neçə sual yaranır: Dövlət və özəl xəstəxanalarda istifadə olunan peyvəndlər arasında fərq varmı? Peyvənddən sonra uşaqlarda hansı reaksiyalar ola bilər? Valideynlərin peyvənddən imtinası gələcəkdə uşaqların sağlamlığını sual altına atırmı?
Qaynarinfo.Az-ın suallarını pediatr Günay Rəsulova cavablandırdı:
"Özəl klinikalarla dövlət xəstəxanaları arasında peyvəndlərlə bağlı ciddi fərq yoxdur. Sadəcə olaraq, anaları qorxudan peyvənddən sonra mümkün ola biləcək yan təsirlərdir. Yəni hərarətin yüksəlməsi, iynədən sonra ağrı və narahatlıqlardır ki, bu da hər peyvənddən sonra ola bilər. Tamamilə normal bir haldır. Bu səbəblərə görə, peyvənddən yayınmaq doğru deyil. Çünki peyvəndlər uşaqları ağır infesion xəstəliklərdən qoruyur.
Peyvənddən öncə mütləq uşaq pediatr tərəfindən müayinə olunmalıdır. Əgər uşağın sağlamlığı buna imkan verirsə, müvəqqəti təxirə salına biləcək səbəb yoxdursa peyvənd olunmalıdır. Peyvənd miringit, difteriya, qızılca, məxmərək və bu kimi ciddi xəstəliklərdən qoruyur. Peyvənd olunmayan uşaqlarda bu xəstəliklərə yoluxma riski böyükdür. Bu xəstəliklərdən qorunmağın üsulu yalnız peyvənddir".
Pərvin Zeynal
Qaynarinfo.Az