Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Ağsu və Yevlax şəhərlərinə səfər edib. Təbii ki, məqsəd növbəti mövsüm Birinci Liqada təmsil olunacaq şəhərlərdə stadionların durumu, komandalarla yaxından tanışlıq olub. Bəs ümumilikdə Birinci və İkinci Liqalarda stadionların durumu necədir? Hansı meydançalara baxış keçirilib, hansılar yoxlanılacaq?
Bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov Qaynarinfo-ya açıqlamasında fikirlərini bildirib:
"İlk növbədə Ağsuda olduq. Rayon rəhbərliyi ilə görüşdük. Stadiona baxış keçirdik. Bir müddətdir bölgə futbolsuz qalmasına baxmayaraq, stadion yaxşı vəziyyətdə saxlanılıb. Birbaşa aidiyyatı, yardımçı otaqlar yaxşı vəziyyətdədir. Çəkiliş platformaları üçün yer var. Paltardəyişmə, hakim, həkim, dopinq yoxlanış otaqları yaxşı vəziyyətdədir. Yalnız qazon bizi narahat edir. Onu da çempionatın startına qədər daha yaxşı vəziyyətə gətirməyə çalışacaqlarını bildirdilər. Ümumilikdə fikirlərimiz müsbətdir. Təbii ki, çatışmayan cəhətlər var. Stadion rəhbərliyinə bu barədə məlumat vermişik.
Daha sonra Yevlaxa səfər etdik. Şəhər və klub rəhbərliyi ilə görüşümüz oldu. Sevindirici haldır ki, Yevlax şəhər stadionunda artıq onlara bildirilən qaydada işlər yekunlaşmaq üzrədir. Xüsusilə qeyd etmək istərdim ki, qazonun durumu bizi yaxşı mənada təəccübləndirdi. Cəlb olunan mütəxəssis, eyni zamanda yerli qüvvə hesabına qazonu yaxşı vəziyyətə gətirməyə nail olublar. Digər tərəfdən soyunub-geyinmə və obiri otaqlar da yaxşı vəziyyətə gətirilib. Təbii ki, qeydlər oldu. Çatışmazlıqların aradan qaldırılması üçün onlara avqustun birinə qədər vaxt verildi”.
Səbuhi Həsənov
Şərhlər