
Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının genişləndirilmiş tərkibdə iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, iclasda VİP Siyasi Şurasının 7 mart 2013-cü il tarixdə baş tutmuş toplantısının gündəliyinə salınmış bu il martın 11-də Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyasının keçirilməsinə münasibət məsələsinin müzakirəsi davam etdirilib.Ötən iclasda aksiyanın bütün hallarda keçirilməsini təklif edən Siyasi Şuranın bəzi üzvləri yenə öz mövqelərində qalıblar. Eyni zamanda təyin olunmuş piketin icazəsiz keçirilməsinin əleyhinə çıxış edən Siyasi Şura üzvləri də fikirlərini dəyişməyərək, aksiyanın təxirə salınmasının məqsədəuyğun olduğunu bildiriblər. Məsələyə dair səsvermədən sonra tərəflərdən heç birinin mövqeyi üstünlük qazanmayıb və səslər növbəti dəfə bərabər bölünüb. İclasda yenidən çıxış edən VİP sədri Ə.Əliyev mövcud situasiyada icazəsiz aksiyaya təşəbbüsün yersiz qarşıdurmaya səbəb olacağını deyərək, bu məsələyə dair qərarın qəbulunda ifrat emosiyaya qapılmağın doğru olmadığını bildirib.
Ə.Əliyevin təklifini nəzərə alan VİP Siyasi Şurası 11 mart piketinin təxirə salınması və yaxın müddətdə aksiyanın keçirilməsi üçün BŞİH-ə təkrar müraciət olunmasına dair qərar qəbul edib.
Qaynar.info