Qaradağdakı metanol zavodunun sahibi ata-oğul Piriyevlərin “PNN Group” şirkəti Moskvadakı “Metropolis” ticarət-əyləncə mərkəzinin ikinci növbəsində 2 min kvadratmetr ərazisi olan “Bazar” adlı fermer bazarı açır. Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda sövdələşmədə konsultant kimi çıxış edən “Cushman & Wakefield” şirkətinin press-relizində bildirilir.
Məlumatda deyilir ki, “Bazar” “Metropolis”in “mənfi birinci” mərtəbəsində açılacaq və eyni vaxtda iki formatda - qastronomik butik və fermer bazarı şəklində fəaliyyət göstərəcək.
(Piriyevlərin yeni "Bazar"ı)
“Metropolis” ticarət-əyləncə mərkəzinin ikinci növbəsi 2016-cı ilin birinci kvartalında açılacaq, ərazisi 38 min kvadratmetrdir.
Bu ticarət-əyləncə kompleksinin sahibi əvvəllər Qazaxıstanda qeydiyyatdan keçmiş “Capital Partners” şirkəti (sahibi Türkiyə vətəndaşı Burak Öymen) olub. Ötən il şirkət “Metropolis”i “Morgan Stanley Real Estate” şirkətinə 1,2 milyard dollara satıb.
Lakin bu, Piriyevlərin Moskvada açmağa hazırlaşdıqları ilk “Bazar” olmayacaq. Məlumata görə, 2015-ci ilin əvvəllərində Xodınsk çölündə yerləşən “Avia Park” ticarət-əylənəcə mərkəzinin tərkibində 1,8 min kvadratmetrlik “Bazar” fəaliyyətə başlayacaq. Moskvanın mərkəzində yerləşən “Tsvetnoy” univermağının beşinci mərkəzində isə eyniadlı ticarət obyekti artıq fəaliyyət göstərir.
Hər belə fermer bazarının açılması üçün tələb olunan investisiya 3-5 milyon dollardır.
(Nizami Piriyev Toni Bleyerlə)
Qeyd edək ki, Azərbaycan ictimaiyyəti Nəsib Piriyevi və oğlu Nizami Piriyevi Cənubi Qafqazda ilk metanol zavodunun təməlqoyma mərasimi üçün Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirməsi ilə tanımışdı. T.Bleyerin həmin səfəri Britaniya mediasında geniş tənqid olundu.
“PNN Group” şirkətinin əsas aktivi hazırda metanol zavoduna nəzarət edən “AzMeCo”dur. Həmçinin “PNN Group” Azərbaycan və Ukraynada restoranlara malik olmaqla “De Beers”, “Hamley`s” və KFC markaları ilə əməkdaşlıq edir.
Nəsib Piriyev (soldan ikinci)
Qaynar.info