
Ramil Süleymanovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla vurulan piyada Fəridə Əsgərova dünyasını dəyişib
Səbail polisi tərəfindən saxlanılan 32 yaşlı Ramil Süleymanov indi etdiyi qəzanın cəzasını çəkir.
Hadisə isə ötən gün səhər saat 05:00 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində baş verib. Qəza zamanı Ramil Süleymanov idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub.
Sürücü qəzadan sonra piyadaya heç bir yardım göstərmədən hadisə yerindən qaçıb və Fəridə xanım aldığı xəsarətlərdən dünyasını dəyişib. Polislər tərəfindən qısa zamanda həyəta keçirilən əməliyyat isə hadisəni törədən sürücünün məsuliyyətə cəlb olunmasına şərait yaradıb.
Ramilin qəzanı törətdiyi avtomaşının da yeri artıq müəyyən edilib. Əvvəllər də xuliqanlıq etdiyinə görə bir dəfə həbs edilən Ramil Süleymanov barəsində artıq cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanıb. Ramilin qəzanı törədəndən sonra hadisə yerindən qaçması isə məhkəmə zamanı onun cəzasını bir qədər də ağırlaşdıracaq.//ans.tv