Xəbər lenti

PKK-ya qoşulan azərbaycanlı tələbələrin aqibəti necə olacaq? - VİDEO
Ölkə06:18 17.06.2015

PKK-ya qoşulan azərbaycanlı tələbələrin aqibəti necə olacaq? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ankarada üç azərbaycanlı tələbənin yoxa çıxması barədə xəbərlər yayılıb. Hər üç tələbənin İraqda PKK düşərgəsində olduğu bildirilir. Hətta yayılan xəbərlərdə tələbələrin kimliyi göstərilir. Belə ki, İldırım Bayazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Universitetinin tələbəsi Mobil və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı şəxslərin yoxa çıxması iddia edilir.
Bu il iyunun 6-da "Youtube" sosial şəbəkəsində “anfvideo” tərəfindən “Azeri gençler PKK saflarında ” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə video-müsahibədə onlar öz kimlikləri barədə danışırlar. Onlar PKK-ya xas olan geyimdədirlər, çiyinlərində “Kalaşnikov” avtomatı var. Video-müsahibədə gənclər Azərbaycandan olduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiq edirlər. Özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Özal Universitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edirlər. Qeyd edək ki, yayılan videolardakı adlar və soyadlarla video-müsahibədə təqdim olunan adlar və soyadlar uyğun gəlmir. Bütün bunlar videonun həqiqiliyini şübhə altına alır. Ehtimal etmək də olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.
Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanları məlum video ilə bağlı hələ ki susurlar. Ölkəmizin Türkiyədəki səfirliyi yalnız Sənan Güləhmədovun yoxa çıxmasını təsdiq edib. Digər iki şəxs barəsində isə heç bir məlumat yoxdur. 
İndiyə qədər hələ də PKK-nın terror təşkilatı kimi Azərbaycanda tanınmaması məlum hadisədən sonra bəzi sualların  meydana çıxmasına səbəb olub. Belə ki, əgər tələbələrin terror təşkilatına qoşulmaları öz təsdiqini taparsa, onlar barəsində görüləcək tədbirlər suallar doğurur. Tələbələr cinayətkar elan olunacaqlar ya yox?
Hüquqşünas Müzəffər Baxış "Yeni Musavat"a deyib ki, belə hallar cinayət məsuliyyəti yaradır: “Bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma bildirim ki, bunlar cinayət məsuliyyəti yaradan əməllərdir. Əgər onlar Azərbaycandan kənarda Türkiyə ərazisində qanunla nəzərdə tutulmayan terror qruplaşmasına qoşulublarsa, həmin əməl cinayət sayılır.
Qanunvericiliyimizdə də 273-cü maddə cinayət hesab olunur. Onlar hər hansı bir terrorçuluq əməlləri törədirlərsə, həmin əməllər 214-cü maddə ilə də məsuliyyət yaradır. Bunlar təsdiqini taparsa, onlar 14 ildən 20 ilədək yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər. İstintaq zamanı bunların əməllərində digər cinayət halları da aşkar oluna bilər”.
Hüquqşünas PKK-nın terror təşkilatı kimi Azərbaycanda tanınmaması məsələsinə də aydınlıq gətirdi: “Azərbaycan tanımasa da, PKK terror təşkilatıdır. Türkiyə terror təşkilatı kimi tanıyır. Əgər Azərbaycan dövləti müəyyən etsə ki, vətəndaşları terror hadisələrinin törədilməsində iştirak edirlər, o zaman dövlətimizin borcudur ki, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edib cəzalandırsın. İndi Azərbaycan bunu etməyəcəksə, bu başqa mövzunun söhbətidir”. 
Azərbaycanın aidiyyəti qurumlarının bu məsələyə mövqelərini almağa çalışsaq da, mümkün olmadı. 
Qaynar.info