
Bakının tıxaclı küçələrində və dördyol ayrıclarında yol polsi əməkdaşlarının küçənin ortasında durub, vəziyyətə nəzarət etməsi qanuna uyğundurmu?
Qaynarinfo.Az bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət edib.
V.Əsədov bildirib ki, yol polisləri “20 yanvar” metrosu ətrafındakı və ya "Şamaxinka" kimi tanınan ərazidə, "Neftçilər", "Azadlıq" prospekti və sair kimi yerlərdə tıxaclı küçələri nizamlamaq üçün yollarda durmalı olurlar: "Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlığın aradan qaldırılması və ya bütövlükdə tıxacların baş verməməsi üçün kameralar vasitəsilə hərəkətə nəzarət edilir.
Sıxlığın yaranması ehtimalı olan zaman həmin əraziyə polis əməkdaşları göndərilir və onlar nizamlayıcı qismində yolda durub hərəkəti tənzimləyirlər. Şəhər daxili küçə və prospektlərdə yaranan sıxlığın kökündə qeyri qanuni parklamalar durur. Bunun da qarşısısnı almaq üçün polislər yolun maşınların gedib-gəldiyi hissəsində hərəkət etməli olurlar".
V.Əsədov deyib ki, polislər sıxlıq yaranan zaman istiqamətlərin dəyişdirilməsini, keçmə növbəliliyini təmin etmək üçün yolun hərəkətli issəsində durmaq məcburiyyətindədirlər:"Bunun nəticəsində də ilin əvvəlindən bu günədək Bakı şəhərində qeydə alınan yol nəqliyyat hadisələri bütün göstəricilərinə görə müsbətə doğru dəyişib. O cümlədən də tıxacların azalması müşahidə olunur" .
Polis əməkdaşlarının həyatının təhlükəyə atılması məsələsinə gəlincə, Vaqif Əsədov qeyd edib ki, yol polislərinin işi onsuz da fədakarlıq tələb edir: "Polis əməkdaşının bir vəzifəsi var: həyatı bahasına belə təhlükəsizliyi təmin etmək. Digər tərəfdən də, bizim çıxış yolumuz yoxdur. Məsələn, “20 yanvar” ərazisi şimal tərəfdən paytaxtımızın giriş qapısıdır. Bu qapıdan gündə minlərlə maşın daxil olur. Polisin nəzarətinin hesabına bu gün həmin ərazidə gediş-gəliş asanlaşıb. Təəssüf ki, polis əməkdaşları bir saat belə orda olmasa sürücülər qaydaya riayət etmirlər. Yəni sürücülərdə ictimai məsuliyyət olmalıdır".
O bildirib ki, indiyədədk yolun ortasında durub hərəkəti tənzimləyən polislərin xəsarət alması və ya ölüm halı baş verməyib: "Amma digər hallarda xidməti vəzifəsini yerinə yetirərkən polislərin ölümlə üzləşməsi halları çox olub".
Yol - nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da Qaynarinfo.Az-a bildirib ki, qanuna görə yol polisi əməkdaşı vəzifəsinin yerinə yetirərkən təklükəsiz yer seçib orada durmalıdır:"Yolun içində polisin təhlükəsizliyi nə dərəcədə təminatlıdır, bu, sual doğuran məsələdir. Yol polisi əməkdaşlarının fəaliyyəti ilə bağlı nizamnamədə göstərilir ki, onlar öz vəzifələrini yerinə yetirərkən elə mövqe seçməlidirlər ki, sürücülər onları görə bilsin. Amma tutaq ki, hansısa maşının arxasında sürətlə çıxan maşın polisi görməyə bilər.
Məsələ burasındadır ki, Azərbaycanda sürücülərin yol hərəkəti qaydalarınma riayət etməsi ilə bağlı mədəniyyətləri çox aşağı səviyyədədir. Başqa ölkələrdə hətta işıqforda problem yarananda belə sürücülər növbəliliyə riayət edirlər. Bizdə isə nəinki işıqforun işləməmsi, hətta polislər beş dəqiqiə yolu nəzarətsiz qoyan kimi aləm dəyir bir-birinə. Ona görə də indiki halda yol polisinin hərəkəti nizamlamaq, tıxacların qarşısını almaq üçün başqa yolu yoxdur".
Bəs inkişaf etmiş ölkələrdə vəziyyət necədir? Niderlandda yaşayan həmyerlimiz Kamal Qasımov Qaynarinfo.Az-a deyib ki, Avropada tıxac adətən, şəhərdən kənarda olur: "Niderlanda da, Almaniyada da, Belchikada da, Fransa və Skandinaviya ölkələrində də tıxac demək olar ki, əksər hallarda şəhərdən kənarda – sürətli yollarda, pik saatlarda olur. Burada polisin yol kənarında durub, maşınlara göstəriş verməsi kimi bir təcrubə ümumiyyətlə, yoxdur. Bu, yalnız müəyyən məqsədlərlə yoxlamalar aparılanda, çox nadir hallarda baş verə bilər".
Kamal Qasımov deyib ki, yolun polislər tərəfindən nizamlanması təcrubəsi isə, Avropada ümumiyyətlə yoxdur: "Qəza halları və sairə baş verərsə buna ehtiyac yaranır. Amma onda da bu, polisin yolun ortasında durub, yol göstərmək anlamına gəlmir. Müəyyən tədbirlər görürlər ki, polis olmadan belə yolun nizamlanmasını təmin edir".
Qızılgül Abdinova
Qaynarinfo.Az



