Bu gün mətbuatda yayılan məlumata görə, Neftaçala rayon Polis İdarəsinin rəis müavini A.Salmanov ötən gecə qəza törədib.
Belə ki, ona məxsus "Qaz-31" markalı avtomobil rayonun "Heydər Əliyev prospekti" ilə "Şəhriyar" küçəsinin kəsişməsində motosikletlə yolu keçən 40-45 yaşlı bir şəxsi vurub.
Yaralı ağır vəziyyətdə Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayondakı mənbələrin verdiyi məlumata görə, həmin an polis rəisinin müavinin avtomobilini onun sürücüsü idarə edib. Ancaq həmin vaxt A.Salmanov özü də avtomobildə olub. Qəzadan dərhal sonra "Qaz-31" hadisə yerindən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı A.Salmanovla əlaqə saxlaya bilməsək də, mərkəzi xəstəxananın baş həkimi Telman Zahidovla əlaqə saxladıq.
O, Qaynar.info-ya yaralının ad və soyadını bilmədiyini əsas gətirərək açıqlama verə bilməyəcəyini dedi: "Xəstəxanada 100 xəstə var. Mən bilmirəm siz kimdən danışırsınız. Həmin şəxsin adını və soyadını deyin, dəqiqləşdirib məlumat verim".
Neftçala rayon Polis İdarəsinin Rəcəbov soyadlı növbətçisi isə Qaynar.info-ya məlumatın doğru olmadığını bildirdi: "Mən ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat verə, onların suallarını cavablandıra bilərəm. Amma bu məlumat haqqında onu deyə bilərəm ki, yanlışdır. Belə bir hadisə baş verməyib".
Qaynar.info