
Zamin Hacı yazır..
Onun şəklini dəfn günü görəndə tanımadım. Üstündən 17 il keçir, məni qınamayın. Ancaq ürəyimdə bir xal qalmışdı. Bir çox əlamətlər uyğun gəlirdi: “Orucov”, “kəşfiyyatçı”, “ağdamlı”... Hətta arada qəzetimizin baş direktoru, əslən ağdamlı Ələsgər Süleymanovdan da soruşdum, bəzi məlumatları dəqiqləşdirməsini istədim. İki gün qabaq isə özüm araşdırıb tapdım: həmin insan idi. Düzü, sentimental adam deyiləm, uzun illərin savaş itkilərinə də pis mənada öyrəşmişəm, ancaq onun ölümü məni çox dilxor elədi. Bəlkə şəxsən tanımağıma görə? Nə bilim. Hər halda bu gün bir neçə cümlə ilə də olsa o gözəl insan qarşısında azacıq borcumdan çıxmaq istəyirəm.
Son aprel döyüşlərində Tərtər istiqamətində həlak olan polkovnik Raquf Orucovu 1999-cu ildə şəxsən tanımaq şərəfinə yetmişəm. Sumqayıtda dəfn edilən zabitimiz Ağdamın Cinli kəndində doğulmuşdu. Sən demə, 1992-ci ildə düşmənin artilleriya atəşindən anası həlak olubmuş. Bəzi məlumatlara görə, bir qardaşı da o zaman şəhid olub. Yeri gəlmişkən, onun adını da xəbərlərdə müxtəlif şəkildə - Raqub, Raqib, Raquf kimi yazırlar, ancaq dəqiq yazılışı deyilənə görə Raquf-dur. Bunu niyə xüsusi vurğulayıram? Çünki orduda adamın adı əslində çox vaxt yaddan çıxır, orda insanlara əsasən soyadı ilə müraciət edirlər. Bəlkə də rəmzi bir haldır, sanki sənə daima hansısa soyadı, nəsli təmsil elədiyin xatırladılır, gərək o nəslin adını batırmayasan. Orucovla görüşümüzün tarixçəsinə qayıdım.
1998-ci ildə Murovda bəzi əsgərlərimiz alimentar distrofiyadan – aclıq xəstəliyindən ölmüşdülər. Bu haqda ardıcıl araşdırma yazılarımdan qəzəblənən müdafiə naziri Əbiyevin sifarişi ilə birbaşa həmin hərbi hissəyə xidmətə göndərilmişdim. Yəni, bir tabordan yazı yazırsan, 3 ay sonra isə orda əsgər olursan – mənim durumumu təsəvvür edin... Ancaq mənim əsgərliyim də daha çox elə müşahidələr aparmaq, gizli gündəliklər yazmaqdan ibarət idi. Gördüyüm nöqsanları, eyni zamanda, Azərbaycan əsgərlərinin təsəvvürə gəlməz qəhrəmanlığını dayanmadan qeydə alırdım. Bir dəfə yenə çayın kənarında dəftərçəni yazarkən tanımadığım bir zabit məni tutdu. Deyəsən kapitan rütbəli, cüssəli bir adam idi, təxminən 26-27 yaşı vardı. Qeydlərimi oxuyanda fikirləşdim ki, vəssalam, işlər fırıqdır, məni qərargaha satacaq, ondan sonra həm cəza alacam, həm yazdıqlarım batacaq, həm də indən belə heç nə yazmağa qoymayacaqlar. Ancaq adam halıma baxıb gülümsündü, dəftərçəni qaytardı və yadımdan çıxmayan o sözləri dedi: “Məndən qorxma, mən də sənin kimi əsgərəm. Yazdıqların da doğrudur, problemlərimiz çoxdur”. Özünü təqdim etməmişdi. O gedəndən sonra bölüyümüzün bir əsgəri həsədlə mənə yaxınlaşıb demişdi: “Sən bilirsən o kim idi? O, kəşfiyyat bölüyünün komandiri Orucovdur. Dəhşət cəsur adamdır”.
Sonralar bir-iki görüşümüz, söhbətlərimiz də oldu. Doğrudan çox cəsur, sözdə yox, əməldə vətənsevər bir insan idi. Kəlbəcərə keçib erməni ordusunun sıra düzülüşünü, hər cür mövqelərini hətta videokameraya çəkib gətirmişdi, buna görə “İgidliyə görə” medalı, vaxtından qabaq kapitan rütbəsi almışdı. İş elə gətirdi ki, bir dəfə onun kiçik qrupla məhz dayandığım postdan cəbhə xəttini keçməsini görmək də qismətim oldu. Problemlərdən danışardı, ancaq bunu “öz aramızda qalsın, ağlaşma quran kimi görünmək istəmirəm” xarakterində edərdi.
Onun komandirliyi dövründə bizim briqadanın kəşfiyyat bölüyü nəinki bütün korpusda, bütün orduda ilk sıralarda gedirdi. Yadımdadır ki, 1999-cu ilin yayında Seyfəli poliqonunda təlim zamanı Orucovun kəşfiyyatçıları Gəncədə yerləşən məşhur hücumçu briqadalardan birinin kəşfiyyat bölüyünü “əsir” almışdı.
Əsgərlərin sağlamlığına fikir verirdi. Az qala saunaya bənzər bir hamam düzəltdirmişdi onlar üçün. Kəşfiyyatçı olmasam da, hətta arada mən də gedib orda çimirdim.
Kəşfiyyatçılar xəbər gətirmək baxımından ordunun jurnalistləri kimi bir sahədir əslində. Bu baxımdan, kəşfiyyatçı Orucov 17 il qabaq məni də ələ keçirmişdi, ancaq satmamışdı. Bunu heç vaxt unutmaram, onun həm də jurnalistikaya hörməti kimi yadımda saxlamışam.
Belə adamlar haqda yazanda çoxları deyirlər: “Niyə onları sağlığında qiymətləndirmirik, niyə adlarını indi çəkirsiniz, niyə vaxtında yazmadınız?”. Bəlkə ona görə ki, Orucov özü bunu istəmirdi? Axı o, çox təvazökar adam idi həm də. Üstəlik, bizim ölkə qəhrəmanlarına sağlığında badalaq vuran rejimin əlindədir. İki gün qabaq Orucov haqda sosial şəbəkədə xatirəmi yazanda altdan çoxlu şərhlər gəldi. Birini Murovdakı bölük komandirim, çox cəsur və gözəl insanlardan biri Eyvaz Səmədov yazmışdı. Dostu Orucovu xatırladığıma görə sağ ol deyirdi. Bəs onun özü hardadır? Rusiyanın hansısa şəhərində işləməyə məcburdur.
Şərhlərdən birini keçmiş deputat Nazim Məmmədov yazmışdı: “Mənim yerlim, gədəbəyli hərbi həkim Zeyniyev Bəhlul da Orucov haqda çox xoş sözlər deyir”. Bəhlul həkim kimi yüksək əxlaqlı adam mənim yadımdan çıxarmı? Sən demə, bu adama hələ də ev verməyiblər, kirayədə qalır. 1999-da kapitan idi.
Murov zonasında ən nümunəvi hərbi hissəni yaradan Elşən Qapaqovu necə yada salmayım? Onun mən tərxis olunanda dediyi “Əsgər, səndən xahiş edirəm, gedəndə qəzetdə məndən yaxşı heç nə yazmayasan, yoxsa burda incidəcəklər” sözlərini necə unudum? Birdirmi, beşdirmi?
Polkovnik Orucovun 2 azyaşlı oğlunun atalarının adına layiq ölkədə yaşamasını diləyirəm.
Musavat.com