
Üzeyir Cəfərov: “Arzu Rəhimov Elçin Quliyev ordu ətrafında ajotaj yaranmasına maraq göstərirlər"
Son günlər orduda baş verən əsgər ölümləri mətbuatın əsas diqqət mərkəzindədir. Qaynar.info xəbər verir ki, baş verən hadisələrlə bağlı hərbçi ekspert Üzeyir Cəfərov “Reytinq” qəzetinə sensasiyalı açıqlama verib.O bildirib ki, əsgər ölümü bəzi məmurların əlində vasitəyə çevrilib: “Bəzi məmurlar Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərmək istəyirlər. Burada Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi, general-leytnant Arzu Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytnant Elçin Quliyev kimi məmurların bu işdə xüsusi marağı var. Bəzi hallarda bu adamlar ordu ətrafında ajiotaj yaranmasına maraq göstərirlər”.
Ü.Cəfərov açıqlamasında bildirib ki, son zamanlar baş verən əsgər ölümünə görə Müdafiə Nazirliyinin rəhbərliyinin hədəf seçilməsi məqsədyönlü şəkildə edilir: "Bir məqama nəzər yetirmək lazımdır. Dünyasını dəyişən əsgərlər yalnız orduda xidmət etməyiblər. Onlardan daxili qoşunlarda, sərhəd xidmətində, FHN-də xidmət edənləri də olub. Amma hədəfə yalnız Müdafiə Nazirliyi alınır. Düşünürəm ki, burada məqsəd hər il Müdafiə Nazirliyinə ayrılan iri vəsaitlərə nəzarəti ələ almaqdır. Bu nəzarəti ələ almaq uğrunda isə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi mübarizə aparır".
Yürüdülən kampaniya ilə Müdafiə Nazirliyinin rəhbərliyinin istefaya gedəcəyinə inanmayan Ü.Cəfərov vurğuladı ki, öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanda belə bir mədəniyyət formalaşmayıb: "Düşünürəm ki, əsgər ölümünə son qoymaq üçün ciddi islahatlar aparılmalıdır. Bu həm qanunvericilik sahəsini, həm də ordunun özünün daxili strukturunu əhatə etməlidir. Çünki Azərbaycana ən məhşur generalı gətirib nazir təyin etsən belə, əsgər ölümü yenə davam edəcək".
Qaynar.info