Dünya 18:20 19.02.2024

Polşa İsveçin NATO-ya üzvlüyünə görə Macarıstana təzyiq etməyə çağırdı

Polşanın baş naziri Donald Tusk İsveçin NATO-ya üzv olması üçün Budapeştdən razılıq almaq məqsədilə Macarıstana təzyiq göstərməyin zəruriliyini açıqlayıb. 

Qayanrinfo xəbər verir ki, baş nazir bu barədə İsveçin baş naziri Ulf Kristerssonla görüşündən sonra bildirib.

"Hesab edirəm ki, bir ölkənin üzvlüyə mane olması qəbuledilməzdir. Fikrimcə, belə düşünən tək mən deyiləm. Ona görə də Budapeştdəki dostlarımıza təzyiq göstərməliyik ki, onlar lazım olanı etsinlər", deyə Tusk bildirib.

O, Stokholmun Şimali Atlantika Alyansına üzvlüyünün Macarıstan parlamentində ratifikasiyasının gecikdirilməsi ilə bağlı heç bir arqument eşitmədiyini vurğulayıb: "Bu, qəbuledilməzdir".

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya üzvlüyünü tezliklə ratifikasiya etməyi gözləyir və Vaşinqtonun səbri hüdudsuz deyil.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Macarıstan parlamenti fevralın 26-da başlayacaq yaz sessiyasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya etmək niyyətindədir.

Aydın