"Postkovid dövründə Azərbaycanın gələcəyi rəqəmsallaşma texnologiyasını nə dərəcədə mənimsəyə biləcəyimizlə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov postkovid dövründə cəmiyyətimizdə iqtisadi, sosial və psixoloji baxımdan hansı yenilik və dəyişikliklərin yaranacağına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bundan sonra imkan daxilində xidmət və işlərin distant təşkilinə üstünlük verməliyik:
"Bu isə informasiya texnologiyalarının daha sürətli inkişafına təkan verəcək. Yüksək texnologiyalı intelektual sahə daha populyar və gəlirli sahə olacaq. Azərbaycan isə bu baxımdan həmin sahələr üzrə geri qalır. Onun nəticəsidir ki, Azərbaycan Prezidenti tərəfindən koronavirus dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri dəyişdirildi. Koronavirus dövründə ölkəmizdə bu sahənin çox bərbad olduğu üzə çıxdı. Ölkədə elektron məhkəmə yoxdur. Bu mənada postkovid dövründə Azərbaycanın gələcəyi, onun iqtisadiyyatı rəqəmsallaşmaya bağlıdır. Əks halda dünyadan geri qalacağıq”.

"İnsanlar artıq anladı ki, yer planeti qısa zamanda böyük təhlükəyə məruz qala bilər. Mövcud proses insanların davranışı, həyata bağlılığına müəyyən dərəcədə təsir edib. Məmurların çətin vəziyyətdə insanlara qayğı göstərdiyi yerlərdə adamlar daha ürəkli olur, bunun əksi olan yerlərdə isə onlarda həyata qarşı inamsızlıq yaranır. Bu xəstəliyə qarşı əslində başqa cür mübarizə aparılmalı idi. İnsanları xəstəlik şəraitində yaşamağa öyrətməli, immuniteti gücləndirmək istiqamətində işlər aparılmalıdır. Xüsusən də Azərbaycanda bu işlər arzuolunan səviyyədə aparılmır”, - bu fikirləri isə saytımıza sosioloq Əhməd Qəşəmoğlu deyib.
Məsələyə psixoloji baxımdan yanaşan psixoloq Elnur Rüstəmov isə belə düşünür:
"Pandemiya cəmiyyətimizə yeni davranış, yeni ünsiyyət münasibətləri gətirdi. Bu müstəvidə prosesə adaptasiya olunan və adaptasiya oluna bilməyən insanlar var. Problem də bunun üzərindən yaranır. Pandemiya ilə bağlı müxtəlif fikrilərin ortaya atılması da prosesə öz təsirini göstərib. İnsanları bu gün narahat edən əsas problem qeyri-müəyyənlikdir. Belə vəziyyət isə gələcəkdə müxtəlif psixoloji problemlərə gətirib çıxara bilər. Bunun müqabilində yeni davranış modelinə adaptasiya olunma prosesi də çətin gedir”.
Rüfət Sultan