Xəbər lenti

Prezident Fazil Məmmədovu komissiya sədri təyin etdi - SƏRƏNCAM
Ölkə14:23 15.04.2015

Prezident Fazil Məmmədovu komissiya sədri təyin etdi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev iki sərəncam imzalayıb. Qaynar.info sərəncamları təqdim edir.
Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etsin.
2. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini
Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Qaynar.info