Xəbər lenti

Prezident Şuşa və Xocalıda olub (FOTO/YENİLƏNİB)
Foto 16:40 22.12.2023

Prezident Şuşa və Xocalıda olub (FOTO/YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Xanabad kəndində olub.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Xanabad kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

Xanabad kəndi qədim yaşayış məskənlərindən biri kimi tanınır. 1990-cı ildə kənddə kooperativ zavodun tikintisi zamanı inşaatçılar tərəfindən qədim qəbir aşkar edilib. Həmin qəbirə baxış keçirilərkən insan cəsədindən əlavə, qədim döyüş və məişət əşyaları aşkarlanıb. Müvafiq təhlillərdən sonra bu əşyaların eramızdan əvvəl XII—XI əsrlərə aid olduğu müəyyən edilib.

16.34

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.

16.32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

16.24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı "Turşsu” bulağında olub.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı bulaq ərazisinə baxış keçirdi.

Məlumat verildi ki, meşənin daxilində mineral su mənbəyi olan "Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.

Qeyd olundu ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə - təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu "narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.

16.15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı "Saxsı” bulağında olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qonaqlarının diqqət mərkəzində olub. İnsanlar bu əraziyə istirahət etmək üçün üz tutublar. Əvvəllər qayadan süzülən su sonradan metal boruya salınıb və daim axır. Bulaq hazırda mövcuddur. Şuşa şəhəri işğal olunanadək bulağın üstündə restoran inşa edilib. Bəzi məlumatlara görə, bulaq metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa insanlar arasında "Saxsı” bulaq adı verilib və bu ad günümüzə qədər gəlib çatıb. Şuşa şəhəri işğal ediləndən sonra ərazi uzun illər baxımsız qalıb, restoranın binası yarıuçuq vəziyyətə salınıb.

13.50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11.16
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
11.00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı "Saxsı” bulağında olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->